“Azəriqaz” İstehsalat Birliyinin (İB) Lənkəran Regional Qaz İstismar İdarəsi-nin Astaradakı qurumunda fərdi əmək müqaviləsi ilə çalışan işçilərin bəziləri onlara verilən əməkhaqqından narazıdırlar.
Onların deməsinə görə, hər il aldıqları əməkhaqqında azalma baş verir. Fərdi müqavilə ilə işlədiyini bildirən Ramil Sadıqov əməkhaqlarının son illərdə bir neçə dəfə az da olsa azaldığını iddia edir:
“Sonra maaşımız düşdü 244 manata...”
“2016-cı ildən qaz idarəsində fərdi müqavilə ilə işləyirəm. Ötən ildən 250 manat alırdım. Sonra maaşımız düşdü 244 manata, 1-2 aydan sonra düşdü 237 manata. Ona da dözdük. Bu yaxınlarda kartımıza maaş köçürülüb 212 manat. Bank da xidmət haqqı tutur. Bilmək istədik ki, nə üçün maaş bu qədər azdır. Öyrənə bilmədik.”
Azərbaycanda ötən ilin sentyabrından minimum əməkhaqqı 180 manatdan 250 manata qaldırılıb.
R.Sadıqovun sözlərinə görə, fərdi müqavilə ilə işləyənlərin bir çoxu narazıdır:
“Nazir bu pulla yaşaya bilərmi? ”
“Biz bu pulla necə yaşayaq? Bahalaşma da gedir. Cənab Prezident deyir ki, minimum əmək haqqı 250 manatdır. Əgər elədirsə nə üçün bizə 207 manat verirlər ? Su, qaz, işıq pulu verirəm. Bunlardan başqa qidalanmaq, geyinmək var. Bizim səsimizi Prezident eşitsin. Heç olmasa 250 manat versinlər. Evdə işığa, qaza, yeməyə qənaət edirik ki, pulu çatdıra bilək. İstəyirik ki, bizimlə əmək müqaviləsi bağlansın. Nazir bu pulla yaşaya bilərmi?”.
O iş günün də normadan çox olduğunu deyir:
“Ət yadımızdan çıxıb ”
“Bizm iş vaxtımız gün çıxandan, gün batana qədərdir. 567 abonentdir. Tələb edirlər ki, bir gündə abonentləri yenidən yazın. Gəzirik, yazırıq. Ac, sussuz. Bizim işimizdir. Başqa gəlirimiz yoxdur. Haqqını tələb edəndə də işdən çıxartmaqla hədələyirlər. Fəhlənin pulunu yemək olarmı? Prezident yaxşı adamdır. Onun ətrafında olanlar bizim haqqımızı yeyirlər. Arvad-uşaq evdə yemək istəyir. Hər gün kartof yemək olmur. Ət yadımızdan çıxıb.”
Ramil Sadıqovun həmkarı Ramin Məmmədov da haqsızlığa dözə bilmədiklərini dillə gətirir:
“Kral kimi yaşayırlar,...”
“Uşağım məktəbə gedir. Təkcə məktəb ləvazimatları xeyli pul götürür. İnanın ki, ət nə olduğunu yaddan çıxartmışıq. Gücümüz kartofa çatır, bir də keyfiyyətsiz yeyinti yağlarına. Dözürük, 4 ildir. Aldadıb bizi basıblar ora, güya iş yeridir. Ya bizi çıxardın işdən, ya maaşları artırın. İnsan kimi yaşamaq mümkün deyil. Uşağım məktəbə gedir. Bir dəst paltarı var. Gecə yuyurlar, qurudurlar, səhər onunla məktəbə gedir. Hansı müdirin uşağı belə yaşayır? Kral kimi yaşayırlar, biz səfil gündə. Bizi heç vaxt məzuniyyətə çıxartmırlar. Dörd ildir məzuniyyət görmürük. Bayramlarda da deyirlər ki, gedin işləyin. Bizim də istirahət hüququmuz var. Biz də insanıq. Orta əsirlərdə qul bizdən yaxşı yaşayıb.”
Fərdi müqavilə ilə işləyən Ehtiram Xudatov da söhbətə qoşulur:
“Aldığımız hər manatın öz yeri var”
“Atamın hesabına ailəm dolanır. O olmasa yaşamaq mümkün olmayacaq. İki uşağım var, çətindir, saxlaya bilmirəm. Heç olmasa 250 manatı bizə düzgün versinlər, onunla yaşayaq.Aldığımız hər manatın öz yeri var. Bir günün çörək puludur.”
Onların təqdim etdiyi sənədlərə görə, müqaviləni “Azəriqaz” İB-nin Lənkəran regional Qaz istismar idarəsinin rəhbərliyi imzalayıb. Müqavilə hər il təzələnib. 2016-cə ildə bağlanan müqavilədə əməkhaqqı 275 manat 40 qəpik, 2018-ci il müqaviləsində 286 manat 50 qəpik yazılıb. Yeni bağlanmış müqavilələrdə əməkhaqqı məbləği yazılmayıb. Fərdi müqavilə ilə işləyənlərin özlərinin vergi ödəyicilərinin identifikasiya nömrələri (VÖİN) var. Müqavilədə qeyd edilir ki, “Azəriqaz” İB vergi və digər öhdəliklərə məsuliyyət daşımır.
““Azəriqaz” İB pulu tam otuzdurub”
Lənkəran Regional Qaz İstismar İdarəsinin Astara qurumundakı təmsilçisi Füzuli Məmmədov-la əlaqə saxladıq.O mövzu ilə bağlı bunları söylədi:
“ Bizlik deyil. Onların pulları mərkəzləşdirilmiş halda kartlara otuzdurulur “Azəriqaz” İB pulu tam otuzdurub.Bilmirik ki, pullarını vergi tutub, hansı təşkilat tutub? Araşdırılar.”
Sözügedən məsələ ilə bağlı “Azəriqaz” İB-dən isə göndərdiymiz sorğuya, hələlik, cavab almaq mümkün olmayıb.
Ölkə Prezidentinin dedikləri...
Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezidenti İlham Əliyev də çıxışında həm əmək müqaviləsi məsələsinə, həm də iş vaxtlarına toxunmuşdu.O, vurğulamışdı ki, sahibkarlar bu məsələlərlə bağlı məsuliyyətli olmalıdırlar:
“Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq.”
Prezident işçilərə də müraciət etmişdi:
“Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar…”, AZƏRTAC-ın xəbərinə görə, Prezident qeydetmişdi.