Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:01

Neft pullarından kimə nə düşür?


Bakı, arxiv foto
Bakı, arxiv foto

Prezident İlham Əliyevin yanvarın 14-də SOCAR-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin 90 illik yubleyində çıxışı zamanı neft gəlirləri barədə söylədikləri ictimai müzakirələrə səbəb oldu. Bir sıra şəxslər arasında prezidentin “neft pulları cəmiyyətdə ədalətli bölünür" açıqlaması, hələ də müzakirə edilir. Ölkə başçısının həmin çıxışda bildirməsinə görə, Azərbaycanda yoxsulluq səviyyəsi 4,8 faiz ətrafındadır. “Bu, onu göstərir ki, neftdən əldə edilmiş gəlirlər cəmiyyətdə ədalətli şəkildə bölünür və son illərdə ölkəmizdə yaşanan tərəqqi məhz bu amilə söykənir.”, deyə dövlət başçısı həmin yubleydəki çıxışında vurğulamışdı.

Müzakirələrdə bu deyilənlərə münasibət bir xeyli fərqlənir.

“Kasıblara qəpik-quruş düşür”

Hikmət Hacızadə
Hikmət Hacızadə

Politoloq Hikmət Hacızadə Azadlıq Radiosuna deyib ki, qanunvericilikdə bu məsələyə yanaşma ədalətli qoyulsa da, gerçəklikdə vəziyyət fərqlidir:

“ Fakt budur ki, neft pulları oğurlanır, həm büdcədən, həm Dövlət Neft Fondundan. Nəticədə oğurluq pullar varlıların və oliqarxların cibinə gedir, kasıblara qəpik-quruş düşür. Büdcəni dağıdırlar, mənasız layihələr təklif olunur və buna görə pullar alınır, sonradan bu vəsaitlər silinir. Yerdə qalan az vəsait isə kasıblar arasında bölünür”

Amma V çağırış Milli Məclisin üzvü Adil Əliyev isə Prezidentin dediklərini tam həqiqət sayır. Onun sözlərinə görə, neft gəlirləri ədalətlə bölünür ifadəsi çox geniş məna kəsb edir:

“Hər hansı ədalətsizlikdən söhbət gedə bilməz”

Adil Əliyev, arxiv foto
Adil Əliyev, arxiv foto

“ Məsələ ondadır ki, neftdən gələn pulları kiməsə konvertlə vermirlər ki, ədalətlə bölünsün. Neft gəlirləri Dövlət Neft Fonduna (DNF) toplanır və ölkənin ictimai-siyasi həyatına, abadlıq, quruculuq işlərinə yönəlir. Abadlıq, quruculuq işləri də keçirilən tenderlər hesabına gerçəkləşir. İkinci, insanlardan kiməsə az, yaxud kiməsə çox pay düşmür, yəni hər kəsə bərabər ayırmalar düşür. Söhbət pensiyalar və maaşlardan gedir. DNF-dən dövlət büdcəsinə transfertlər olur, oradan insanlara maaşlar və pensiyalar şəklində verilir. Yəni maaş və pensiyalar vergilərlə neft gəlirlərinin toplanması hesabına artırılır. Ona görə hər hansı ədalətsizlikdən söhbət gedə bilməz”

Xatırlatma

Manat və dollar
Manat və dollar

Azərbaycan Dövlət Neft Fondu ( NF) 1999-cu ildə yaradılıb. O, 2001-ci ildə fəaliyyətə başlayıb. Dövlət Neft Fonduna yarandığı vaxtdan ötən il noyabrın 30-na kimi ümumilikdə təqribən 158,4 milyard ABŞ dolları həcmində vəsait daxil olub. Bunun da 151,5 milyard ABŞ dollarını neft və qaz sazişlərinin həyata keçirilməsi, 6,9 milyard ABŞ dollarını isə Fondda toplanan vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər təşkil edir.

Ötən il oktyabrın 1-də Fonda 42 milyard dollar civarinda vəsait qaldığı açıqlanmışdı.

XS
SM
MD
LG