Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:44

Azərbaycan banklarını ziyana salan əcnəbilər


Haker
Haker

İki əcnəbi – Rusiya vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrey Borisoviç Azərbaycan banklarını milyon manatdan çox ziyana salmaqda suçlanır. Onların xarici müştərilərin hesablarından oğurluq etdiyi, bu işi Bakıya gəlib, birbaşa bankların filiallarında həyata keçirdiyi iddia olunur. Cinayət işinin materiallarında «Ekspressbank», «Azərtürkbank», «Azəriqazbank» və başqa bankların adları keçir.

Banklar bu cinayət işində zərərçəkmiş kimi tanınıb, çünki oğurlanmış vəsaitləri əcnəbi müştərilərə ödəyiblər. Dəymiş ziyanı isə təqsirləndirilən şəxslərdən tələb edirlər. Məsələn, «Ekspressbank» 81 min manat, «Azərtürkbank» 341 min manat, «Azəriqazbank» 141 min manat...

Pavel Lunin və Andrey Serbi Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları həbs edib. Cinayət işinin materiallarında bildirilir ki, DTX bu əməliyyatı Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə keçirib.

İttihama əsasən, əcnəbilər formal şirkətlər yaradıblar, onlar üçün Azərbaycan banklarında hesablar açıblar. Kompüter proqramları vasitəsilə xarici müştərilərin hesablarından pulları Azərbaycan banklarındakı həmin hesablara köçürüblər. Buradan da keçmiş sovet ölkələrindəki müxtəlif hesablara göndərilib.

Ödəniş qəbzlərini banklara təqdim edib, onun əsasında vəsaitlər köçürülüb

Bu iş aylarla Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. P.Lunin və A.Serb Azərbaycan Cinayət Məcəlləsinin 177 (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə ittiham olunur. Amma onlar məhkəmədə deyiblər ki, özlərini təqsirli bilmirlər. Bildirirlər ki, Bakıya gerçəkdən şirkət işiylə məşğul olmaqdan ötrü gəliblər.

«Bizim məqsədimiz işə qəbulla bağlı şirkət yaradıb, inkişaf etdirmək idi. Əsasən də neft şirkətində işə qəbul məsələsində yardım etmək məqsədimiz olub. Bu məqsədlə də Bakıya gəlmişik. Hətta həyat yoldaşım da konsaltinq xidmətiylə bağlı elanlar vermişdi. İşçi qüvvəsi cəlb eləmək istəyirdik. O ərəfədə Stanislav bir məsələdə kömək istədi. Dedi ki, Azərbaycanda turizm şirkətində «çp» (fövqəladə hadisə) baş verib, onun həllinə yardım etmək lazımdır. Mən də ona bu məsələdə kömək elədim», – A.Serb danışır.

İfadələrdən o da məlum olur ki, təqsirləndirilən şəxslər saxta yolla hazırlanmış ödəniş qəbzlərini aparıb Bakıdakı banklara təqdim edib, onun əsasında vəsaitlər köçürülüb. A.Serb deyir ki, həmin qəbzləri onlara Stanislav verib, onlar bu sənədlərin həqiqi, yoxsa saxta olmasını bilməyiblər.

Bəs Stanislav kimdir? Bu suala cavab verən Andreyin dediyinə görə, o, Stanislavı Azərbaycana gəlməzdən çox az öncə tanıyıb.

Onların Pavellə eyni vaxtda Bakıya gəlmələri haqda da soruşulub. A.Serb bu məsələni belə izah edir ki, Bakıya gələcəyi haqda sosial şəbəkələrdə yazıb, başqaları, o cümlədən Stanislav və Pavel də buradan xəbər tutub.

Ancaq hakimlər onların dediklərini inandırıcı saymayıb. Noyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub. Hökmə əsasən, onların hər ikisinə 12 il həbs cəzası kəsilib.

XS
SM
MD
LG