Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:20

Azərbaycan Avropaya əlavə qaz ixracını necə təmin edəcək?


Azərbaycanın Avropaya verməyə nə qədər qazı var? (EKSPLEYNER)
Gözlə

No media source currently available

0:00 0:05:30 0:00

Azərbaycanın Avropaya verməyə nə qədər qazı var? (EKSPLEYNER)

Rusiyanın Ukraynaya hücumundan sonra Avropada dartışılan əsas məsələlərdən biri, təbii ki, enerji güvənliyidir. Axı qitənin Rusiyadan ciddi enerji asılılığı bu ölkəyə əlavə manevr imkanları qazandırır. Elə bu üzdən Avropa İttifaqı Rusiyadan enerji, özəlliklə təbii qaz asılılığının aradan qaldırılmasında çox maraqlıdır. Həmin asılılığı azaltmaqdan, sonra tam aradan qaldırmaq üçün alternativ kimi baxılan ölkələrdən biri də Azərbaycandır. Düzdür, Azərbaycan Avropanın qazla təminatında həlledici rol oynamır. Ötən il buradan Avropaya toplam 8.2 milyard kubmetr təbii qaz göndərilib. Bu həcm hər il Rusiyanın Avropaya ixrac etdiyi 155 milyard kubmetr qazla müqayisədə önəmsiz görünə bilər. Məsələn, ötən il Azərbaycanın Avropaya satdığı təbii qazın həcmi Rusiyanın satışının cəmi 5 faizə yaxını olub. Di gəl, Avropa İttifaqı qitənin təbii qazla təminatında Azərbaycanın da rolunun artırılmasını istəyir. Tərəflər arasında bu ilin iyulda imzalanan anlaşmaya görə, 2027-ci ilədək Azərbaycanın Avropa satdığı qaz həcminin 20 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur. Sual doğur: Azərbaycan beş il ərzində Avropaya satdığı qazın həcmini iki dəfədən çox artırmağa hazırdırmı? Mövcud resurslar Avropaya qaz ixracının artırılmasına imkan verirmi?

Qaz hasilatı artır

İqtisadiyyat naziri Mikayıl Cabbarov da bu mövzuda açıqlama verib. Nazir jurnalistlərə müsahibəsində bildirib: "Biz artıq həm xaricdə, həm də ölkə daxilində tərəfdaşlarımızla danışıqlar aparırıq. Bizim fikrimiz istehsalı artırmaqdır. Məqsədimiz 2027-ci ilədək bu həcmləri (qaz tədarükünü -red.) iki dəfə artırmaqdır. Bu, bizim əsas prioritetimizdir. Belə həcmlərin müxtəlif Avropa ölkələri arasında necə paylanacağı məsələsini isə Avropa İttifaqına üzv dövlətlər müəyyənləşdirməlidir".

Rəsmi rəqəmlər son illər Azərbaycanın təbii qaz hasilatında artım qeydə alındığını göstərir. Mələsən, ötən il ölkənin təbii qaz hasilatı 2020-ci illə müqayisədə 20 faizə yaxın artıb və 44 milyard kubmetrə çatıb. Bu ilin ilk səkkiz ayının nəticəsi göstərir ki, təbii qaz hasilatında yenə artım var. Yanvar-avqust aylarında ölkədə toplam 30.6 milyard kubmetr təbii qaz çıxarılıb. Bu, öncəki ilin eyni dövrü ilə müqayisədə 10 faiz və ya 2.7 milyard kubmetr artım deməkdir.

Eyni dövrdə ölkənin təbii qaz ixracındakı artım daha yüksəkdir. Bu ilin ilk səkkiz ayı boyunca Azərbaycanda çıxarılan təbii qazın təxminən yarısı – 14.4 milyard kubmetri ixraca yönəldilib. Bu, ötən illə müqayisədə düz 23 faiz artım mənasına gəlir. Azərbaycanın təbii qaz ixracında Avropa ölkələrinin payı 50 faiz, Türkiyənin payı 38 faiz, Gürcüstanın payı 12 faizdir.

"Şahdəniz"ə bağlanan ümidlər

Azərbaycanın bu il çıxardığı təbii qaz, əsasən, "Şahdəniz" yatağı hesabına təmin edilib. İlin səkkiz ayı ərzində hasil edilən qazın 9 milyard kubmetrini "Azəri-Çıraq-Günəşli", 16.4 milyard kubmetrini "Şahdəniz", 5.2 milyard kubmetrini SOCAR çıxarıb. Elə qarşıdakı illərdə də Azərbaycan təbii qaz hasilatını "Şahdəniz" yatağı hesabına artırmaq istəyir. Belə ki, "Şahdəniz" layihəsinin üçüncü mərhələsinin işə salınması sayəsində 2030-cu ilədək bu yataqdan əlavə 15 milyard kubmetr qaz hasil edilməsi nəzərdə tutulur. "Şahdəniz" yatağı ilə yanaşı, "Abşeron" və "Qarabağ" yataqlarının da istismarı ölkəyə əlavə təbii qaz ixrac etməyə imkan yaradacaq. İlkin açıqlamalara görə, "Abşeron" yatağından ilkin mərhələdə hər il 1.5 milyard kubmetr qaz çıxarılacaq. Növbəti illərdə bu göstəricinin 5 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Ümumi ehtiyatları 13 milyard kubmetr həcmində qiymətləndirilən "Qarabağ" yatağınınsa 2025-ci ilədək fəaliyyətə başlaması planlaşdırılır. Bu yatağın istifadəsi ölkəyə hər il 1.5-1.8 milyard kubmetr əlavə təbii qaz hasil etməyə imkan yaradacaq.

Son dövrlər yatırımların artdığı alternativ enerji mənbələri hesabına elektrik istehsalı da, dolayısı ilə, ölkənin təbii qaz ixracını artıracaq. Hökumət elektrik enerjisi istehsalında alternativ enerji mənbələrinin payını artıraraq hazırda elektrik enerjisi istehsalına sərf edilən təbii qaz həcmini də ixraca yönləndirmək imkanı qazanacaq. Digər tərəfdən, bu prosesə müəyyən qədər Azərbaycan, Türkmənistan və İran arasında imzalanan svop anlaşması, yəni, qaz mübadiləsi də təsir göstərə bilər. Bu anlaşma nəticəsində Azərbaycanın əldə etdiyi təbii qaz həcmi elə də çox deyil. Ancaq ekspertlərin fikrincə, Avropaya daha böyük həcmdə təbii qaz idxalına imkan yaransa, bu anlaşma vasitəsilə daha çox qaz çıxarmaq imkanı var.

Bəs çatdırılma kanalları?

Azərbaycanın Avropaya təbii qaz ixracını artırması üçün daşıma vasitələri də mühüm rol oynayır. Hazırda Azərbaycan qazı Avropaya, əsasən, Trans-Adriatik boru xətti (TAP) vasitəsi ilə daşınır. Konsorsiumun bugünlərdə yayımladığı açıqlamada bildirilir ki, Trans-Adriatik boru xəttinin (TAP) mövcud gücünün iki dəfə artırılmasından ötrü daha iki kompressor stansiyası gərəkəcək. Kompressorun birinin Yunanıstanda, digərinin Albaniyada tikintisinə zərurət var. Eyni zamanda, TAP mövcud iki stansiyanı da modernləşdirməlidir. Sözügedən açıqlamada deyilir: "Bununla belə, yeni boru xətlərinin salınmasına ehtiyac yoxdur, belə ki, hazırkı xətt ildə 20 milyard kubmetr qaz qəbul etmək iqtidarındadır".

XS
SM
MD
LG