Keçid linkləri

2025, 29 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 00:20

'Yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır' - Paşinyan


Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistan baş naziri Nikol Paşinyan hesab edir ki, yeni Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır.

Bu barədə Ermənistan hökumət başçısı aprelin 16-da parlamentdə jurnalistlərlə söhbətində AzadlıqRadiosunun erməni xidmətinin sualını cavablandırarkən deyib: "...Müstəqillik Bəyannaməsinin mətnini yenidən oxuduqdan, araşdırdıqdan sonra əmin oldum ki, bu mətn Ermənistanın müstəqil dövlətinin və dövlətçiliyinin ola bilməyəcəyindən bəhs edir. Bunu deyirəmsə, o zaman deyə bilmərəm ki, yeni Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmalıdır. Əksinə, mənim fikrimcə, yeni Konstitusiyanın mətnində ona istinad olmamalıdır. Amma onu da demək istəyirəm ki, qərarı Ermənistan xalqı verir, onun lehinə və əleyhinə arqumentlər gətirən isə təbii ki, siyasi qüvvələrdir".

Azərbaycan Ermənistan Konstitusiyasından Dağlıq Qarabağın Ermənistana birləşdirilməsindən bəhs edən Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını tələb edir. Rəsmi Bakı bunu ərazi iddiası hesab edir. Yerevan isə bəyan edib ki, onun qonşularına, o cümlədən Azərbaycana qarşı ərazi iddiası yoxdur.

Ermənistan baş naziri Paşinyan əlavə edib ki, yeni Konstitusiyanın qəbulu məsələsi əvvəldən onun hökumətinin gündəmində olub.

15 aprel

Yerevan sülh sazişi və Minsk qrupunun ləğvi ərizəsini eyni vaxtda imzalamağı təklif edir

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana sülh sazişini və Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə ərizəni eyni vaxtda imzalamağı təklif edib.

Aprelin 15-də Ermənistan parlamentində çıxış edən baş nazir Paşinyan deyib ki, Minsk qrupunun daha geniş mandatı var və əmin olmaq lazımdır ki, onun ləğvindən sonra Azərbaycan münaqişəni Ermənistan ərazisinə keçirməyəcək.

"Azərbaycan sazişin imzalanmasını rəsmi olaraq iki məsələ ilə əlaqələndirir. Bunlardan biri ATƏT-in Minsk qrupunun strukturlarının buraxılmasıdır. Mən dəfələrlə bəyan etmişəm ki, bu, Ermənistan üçün anlaşılan gündəmdir. Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səhifəni bağlayırıqsa, münaqişə ilə məşğul olan strukturun mövcudluğunun nə mənası var? Lakin ATƏT-in Minsk qrupunun, ən azı, de-fakto daha geniş konteksti var və biz əmin olmaq istəyirik ki, Azərbaycan Minsk qrupunun buraxılmasını Azərbaycan ərazisində Azərbaycan-Ermənistan münaqişəsinin bitməsi və onun Ermənistanın suveren ərazisinə keçməsinə yönəlmiş addım kimi görmür", - Paşinyan vurğulayıb.

Rəsmi Bakı sülh sazişini imzalamaq üçün ilkin şərtlərindən biri kimi ATƏT-in Minsk qrupunun buraxılmasını irəli sürüb. Paşinyan daha əvvəl bu vasitəçi strukturun ləğvinə hazır olduğunu bildirib və bu gün parlamentdə daha konkret təkliflə çıxış edib: "Bütün narahatlıqları aradan qaldırmaq, məsələnin həlli üçün biz Azərbaycana sülh sazişini və Minsk qrupu strukturlarının ləğvi ilə bağlı ATƏT-ə birgə ərizəni eyni vaxtda imzalamağı təklif edirik. Həm birincini, həm də ikincini eyni yerdə, eyni vaxtda imzalamaq. Bu, rəsmi təklifdir".

Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbinə toxunan baş nazir qeyd edib ki, "yalnız Ermənistan Respublikasının Konstitusiya Məhkəməsi Ermənistan Konstitusiyasının mətninin rəsmi şərhini verə bilər". Paşinyan Konstitusiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərarını xatırladaraq əlavə edib ki, "Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yalnız Bəyannamənin Konstitusiyanın maddələrində təsbit olunmuş müddəalarına aiddir".

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu yaxınlarda saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.

XS
SM
MD
LG