«Kor kora lağ etməsə bağrı yarılar. Səudiyyə Ərəbistanı İranı Yəməndə husi üsyançıları və Qətəri dəstəkləməkdə suçlayır. Ancaq krallıq və islam respublikası öz acı rəqabətlərini Yaxın Şərqdən kənara, Qafqaza daşımaqdadır».
Sinqapurdakı Nançan Texnologiya İnstitutunun tədqiqatçısı James Dorsey «Lobe Log» portalında yazır ki, iki ölkənin yeni döyüş meydanı əhalisi əsasən şiələrdən ibarət olan, amma dünyəviliyini qoruyub saxlayan, avtoritar rejim tərəfindən idarə olunan Azərbaycandır. Bu arada Azərbaycan təhlükəsizlik xidmətlərinin İranın bu ölkədə təsirinin artması barədə xəbərdarlıq etdiyinə dair informasiya yayılıb.
Qarşılıqlı əndişə
Həmin xəbərdə deyilir ki, İrana bağlı din xadimlərinin fəaliyyətinə qoyulmuş qadağanın 2013-cü ildə qeyri-rəsmi qaydada götürülməsi İranın Azərbaycana təsir imkanlarını artırıb. Hökumətin sözügedən qadağanı qaldırmaqla ölkədəki sünni müsəlmanların Suriya və İraqa gedərək İŞİD-ə («İslam Dövləti») qoşulmasını önləməyə ümid etdiyi bildirilir.
«Turan» informasiya agentliyinin Azərbaycanda dini azadlıqlara həsr olunmuş hesabatında isə qeyd edilir ki, Azərbaycandakı 150 mədrəsədən 22-si İranın nəzarətindədir.
İranla Azərbaycan uzun zamandır ki, qarşı tərəfin dini, yaxud etnik təsirindən narahat olduğuna görə bir-biri ilə çox ehtiyatla davranır. Azərbaycandillilər İran əhalisinin ən azı 1/4-ni təşkil edir.
Politoloq Elxan Şahinoğlu Azərbaycanın İranın daxili işlərinə qarışmaq niyyətində olmadığını, ancaq, eyni zamanda, orada yaşayan azərbaycanlıların gələcəyinə laqeyd qala bilməyəcəyini deyib.
İranın İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) ötən ilin noyabrında Şərqi Azərbaycan əyalətində «beynəlxalq cəhalətlə əlaqəli» terrorçu dəstəni zərərsizləşdirdiyini bildirib. İİKK qrupun ABŞ və Səudiyyə Ərəbistanı ilə bağlılığını nəzərdə tutub. Bundan bir neçə həftə öncə İran hökuməti İraq, Azərbaycan və Türkiyə ilə həmsərhəd, azərbaycanlıların və kürdlərin yaşadığı Qərbi Azərbaycan əyalətində bir silahlı dəstəni məhv etdiyini bildirmişdi.
Azərbaycan İraqa çevriləcəkmi?
Köşə yazarı Huda al-Husseini «Əl-Arabiya» nəşrindəki məqaləsində Səudiyyə Ərəbistanının Azərbaycandakı maraqlarından yazıb. «Əl-Arabiya» Yaxın Şərq Radio Yayım Korporasiyasına (MBC) məxsus televiziya şəbəkəsidir. Səudiyyə hökumətinin bu şirkətin ən böyük səhmdarı olduğu deyilir.
«Azərbaycan növbəti İraqa çevriləcəkmi» adlanan məqalədə xanım Al-Husseini İrana qarşı yazıları ilə tanınan İraq müəllifi Raghd Abdel Rida al-Jaberi-dən sitat gətirərək iddia edir ki, Azərbaycan İranın köləyə çevirdiyi İraqın taleyini yaşamaqdan ehtiyatlanır.
«Al-Husseini Azərbaycan prezidenti İlham Əliyevin bu yaxınlarda kral Salman-ın dəvəti ilə Səudiyyə Ərəbistanında keçirilən mədəniyyət festivalına qatılmasını onun İran təsirindən çıxmaq cəhdi kimi qələmə verib», – Dorsey yazır.
«Yeni periferiya» doktrinası
Bu ay Azərbaycan və Səudiyyə Ərəbistanının hərbi qurumları daha sıx hərbi əməkdaşlıq, hətta birgə hərbi təlimlər keçirilməsi imkanlarını müzakirə ediblər. Məlumatı Azərbaycan mediası yayıb.
Azərbaycan artıq illərdir ki, İsraillə də sıx hərbi bağlara malikdir. Hələ 2015-ci ildə İranın böyük dövlətlərlə imzaladığı nüvə sazişindən öncə Azərbaycanla İsrail İranın nüvə obyektlərinə mümkün hücum zamanı Azərbaycanın hava bazalarından istifadə məsələsini müzakirə etmişdilər. 2015-ci il sazişi bu müzakirələrə son qoymuşdu.
İranla Səudiyyə Ərəbistanı və İsrail bir-birini qarşı tərəfi mühasirəyə almaq cəhdlərində ittiham edirlər. Səudiyyə Ərəbistanı hesab edir ki, İran Azərbaycanı İraqa çevirməyə çalışır. Eyni şəkildə, İran Livanın İsrailin modeli olduğunu bəyan edir.
«Təl-Əviv özünün «yeni periferiya» doktrinasına uyğun olaraq, Azərbaycanı Livana çevirmək istəyir. Bu o deməkdir ki, Təl-Əviv İranı mühasirəyə almaq üçün İraq Kürdüstanı və Azərbaycana daxil olmaqla, yeni periferiya regionu qurmaq niyyətindədir», – iranlı təhlilçi Salar Seifoddini deyir.