Hakimiyyətdaxili savaşın pik dövrü
"Hakimiyyətdaxili savaşın piki: Kimlər sıradan çıxdı, kimlər önə keçdi?" – «Azadlıq» qəzeti sual edir. Qəzetin müşahidələrinə görə, savaşın şiddətlənməsi bir neçə qruplaşmanın, o cümlədən Ziya Məmmədov və Eldar Mahmudov qruplaşmalarının sıradan çıxması ilə nəticələnib: «Ziya Məmmədov son dövrələrə qədər hakimiyyətdə ən güclü fiqurlardan biri idi. Lakin bir müddət əvvəl nəqliyyat nazirinin «vurulması» prosesinə start verilib. Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin əhəmiyyətli hissəsi alınıb, Ziya Məmmədovun iqtisadi imperiyasına əl qoyulub və s. Artıq Ziya Məmmədov əvvəlki gücdə deyil. Onu savaşda tamamilə məğlub hesab etmək olar.
Kino qeyri-neft sektoru kimi
Kino çəkilir, təqdimat baş tutur, ekranlara çıxır, sonra da itib-batır. Hətta dövət hesabına, vergi ödəyicilərinin puluna çəkilmiş filmlər gəlir gətirmək bir yana dursun, mütəmadi nümayiş belə olunmur. Çünki o filmlərə maraq yoxdur.
Azərbaycan universitetlərinin reytinqi
Böyük Britaniyanın «Quacquarelli Symonds» (QS) şirkəti Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin ali məktəblərinin yeni reytinqini açıqlayıb. topniversities.com saytının yaydığı reytinq cədvəlində 150 universitet yer alıb.
Reytinqin başında Lomonosov adına Moskva Dövlət Universiteti gəlir. İkinci yerdə Rusiyanın Novosibirsk Dövlət Universiteti, üçüncü yerdə isə Çexiyanın Çarlz Universitetidir. İlk onluqda Estoniyanın Tartu (4-cü yer) və Polşanın Varşava və Yagellon universitetləri (6-7-ci yerlər) yer alıb. Qalanları yenə Rusiya və Çexiya universitetləridir.
İlk 100 təhsil müəssisəsinin demək olar ki, 25-i Rusiyada yerləşir. Türkiyədən siyahıda 16, Qazaxıstanda 14, Polşadan 12, Çexiyadan 10, Ukraynadan 9 təhsil müəssisəsi var.
Azərbaycandan Xəzər Universiteti 67, Qafqaz Universiteti 78, Bakı Dövlət Universiteti 83-cü yerdədir. Azərbaycan Dillər Universiteti 101-110-c yerdə qərar tutub.
Putin Leyla Əliyevaya medal verdi
Rusiya Prezidenti Vladimir Putin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Puşkin” medalı ilə təltif edilməsi haqqında Fərman imzalayıb.Xəbəri AZƏRTAC yayıb.
“Puşkin” medalı mədəniyyət və incəsənət, maarifçilik, humanitar elmlər və ədəbiyyat sahələrində xidmətlərə, mədəni irsin öyrənilməsi və qorunub saxlanmasına, xalqların və millətlərin mədəniyyətlərinin yaxınlaşmasına və qarşılıqlı zənginləşməsinə töhfəyə görə verilir.