Azərbaycanla Avropa İttifaqı arasında bu il mayın 13-də saziş imzalanması nəzərdə tutulmayıb.
Bunu “ Turan” agentliyinə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin katibi Leyla Abdullayeva bildirib.
“Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək saziş üzrə danışıqlar hələ ki, davam etdirilir", - mətbuat xidmətinin rəbhbəri əlavə edib.
***
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Avropa İttifaqı (Aİ) ilə sazişin bu il mayında imzalanacağı gözlənir.
«Report»un xəbərinə görə, bunu bu gün, aprelin 23-də Milli Məclisin iclasında spiker Oqtay Əsədov deyib.
«Saziş layihəsində Dağlıq Qarabağ ərazisi Azərbaycanın ərazisi kimi qeyd olunub, biz buna nail olmuşuq. Texniki məsələlər qalıb ki, onlar da həll edilir», - deyə o qeyd edib.
O.Əsədovun deməsinə görə, Ermənistan tərəfi bu sazişə əngəl olmağa çalışır: «Saziş yüksək səviyyədə hazırlanıb. Onun bu il may ayının 13-də imzalanması nəzərdə tutulur. Bu, Azərbaycan xalqının xeyrinə olacaq».
Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı yaranıb. 1994-cü ildə tərəflər arasında imzalanan atəşkəs müqaviləsinə qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Bu münaqişə ilə bağlı tənzimlənmə prosesini ATƏT-in Minsk qrupu aparır. ABŞ, Rusiya və Fransa qrupun həmsədrləridir.
Xatırlatma
Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində əməkdaşlıq edir. Şərq Tərəfdaşlığı Aİ-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.
2017-ci ilin noyabrında isə qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.