Keçid linkləri

2025, 26 Aprel, şənbə, Bakı vaxtı 17:13

Şabrançayda iki nəfər batıb


Şabranda sel
Şabranda sel

Aprelin 16-sı Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində iki nəfərin batdığı bildirilir.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, həmin şəxslərin meyitlərinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün nazirliyə müraciət daxil olub: "Müraciətlə əlaqədar FHN-in dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində iki nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib".

Yerli saytların məlumatında onların "Siyəzən Oil" neft şirkətinin əməkdaşları olduğu bildirilir. İlkin məlumata görə, hər iki şəxs işə gedən zaman selə düşüb.

Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.

Hələlik, bu məlumatlara həlak olan şəxslərin yaxınlarından və başqa aidiyyəti rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

16 aprel

Şabranda çay daşıb, 30 evin sakinləri təxliyə edilib

Son günlər yağan yağışlar Azərbaycanın bir sıra bölgələri kimi, Şabran rayonunda da fəsadlar doğurub. Yerli sakinlərin sözlərinə görə, Dəvəçi çayına qatılan güclü sel suları Şabran şəhəri ərazində evlərin həyətinə, zirzəmisinə və kommersiya obyektlərinə dolub.

Rayon icra hakimiyyəti başçısının müavini İlkin Ağayev AZƏRTAC-a bildirib ki, sel sularının səviyyəsi getdikcə artdığından hazırda çayın sahilində yerləşən 30-a yaxın evdə yaşayan sakinlər təhlükəsiz əraziyə təxliyə olunurlar.

Əraziyə texnikalar cəlb olunub.

Sel rayonun Xəlifələr kəndində də fəsadlar törədib, ərazidəki körpünü sel aparıb.

Ağsuda bir nəfər ölüb, üç nəfər yaralanıb

Bu gün, aprelin 16-da Ağsu rayonunda isə selin ekskavatoru aşırdığı, ölən və xəsarət alanların olduğu bildirilir. Verilən məlumatlara görə, hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Hadisənın Kalva kəndi ərazisində qeydə alındığı vurğulanır.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar.

Bakıda bəzi yolları, avtobusları və evləri su basıb

Aprelin 15-dən 16-na keçən gecə Bakıya yağan yağış bəzi fəsadlar törədib. Bir neçə saat davam edən yağış nəticəsində paytaxtda bir sıra yolları su basıb, hərəkət çətinləşib.

Paytaxt sakinlərinin sözlərinə görə, gecə saatlarından yağan yağış nəticəsində Nərimanov rayonu Heydər Əliyev prospekti, Bağırov körpüsünün ərazisində hərəkət çətinləşib. Bəzi yollarda isə suyun səviyyəsinin çox olması hətta avtobusların salonuna dolmasına gətirib çıxarıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) də bildirilib ki, Bakıda və Abşeron rayonunun Xırdalan şəhəri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Nazirliyin aprelin 16-da səhər yaydığı açıqlamaya görə, su basmış yerlərdə, üçü uşaq olmaqla, köməksiz vəziyyətdə qalmış 20 nəfər təxliyə olunub.

Xatırlatma

Son illər Bakıya yağan güclü yağış, bir qayda olaraq, fəsadlar törədir. Hətta ötən il oktyabrın 21-22-si paytaxtda yağış bir sıra problemlərlə yanaşı, insan faciəsinə də yol açmışdı. Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə iki şəxs həyatını itirmişdi. Halbuki, ölkədə su və kanalizasiya problemlərinə milyardlarla vəsait xərcləndiyi deyilir.

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında da göstərilir ki, 2020-2040-cı illərdə paytaxtın su və kanalizasiya sistemlərinin qurulmasına 9.2 milyard manat vəsait tələb olunur. Onlardan 487.9 milyon manatı sırf yağış kanalizasiya xətlərinin çəkilməsinə lazımdır. Bəzi ekspertlər deyir ki, şəhərdə subasmaların əsas səbəbi adi kanalizasiya xətlərinin yağış kanalizasiya xətindən ayrı olmamasıdır. Üstəlik, onlar bu sahədə ciddi korrupsiya hallarına da yol verildiyini güman edirlər.

XS
SM
MD
LG