Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 19:48

Şirkətlərin banklardakı vəsaiti azalır


Azərbaycan dövləti öz prezidentinin ailəsinə belə borclanır
Gözlə

No media source currently available

0:00 0:03:14 0:00

Azərbaycan dövləti öz prezidentinin ailəsinə belə borclanır

İl başlarkən Azərbaycandakı şirkətlərin toplam bank vəsaiti 22 milyard 280 milyon manat idi. Aylar ötdükcə həmin vəsaitin həcmində ard-arda azalma gözə çarpır. Mərkəzi Bankın açıqladığı sonuncu rəqəmlərə görə, birinci rübün sonunda şirkətlərin banklardakı vəsaitlərinin həcmi 20 milyard 214 milyon manat olub. Deməli, ilin əvvəlindən bəri təxminən 2 milyard manat azalma var. Bu, başlıca olaraq, şirkətlərin xarici valyutada (əsasən, dollarla) saxladığı vəsaitlərin azalmasından qaynaqlanır. Sözügedən müddət ərzində həmin vəsaitin həcmi manat ekvivalentində 11.3 milyarddan 9.7 milyard manata enib.

Bankların birinci rüb üzrə açıqladığı rəqəmlərdən aydın olur ki, bu vəsaitin azalması daha çox dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankında müşahidə edilib. 2023-cü ilin ilk üç ayında şirkətlərin dövlət bankında saxladığı vəsaitin həcmi 1.8 milyard manat azalıb. Bu, bazardakı toplam azalmanın təxminən 90 faizi deməkdir. Faiz olaraq ən böyük azalma "Muğan Bank"da və "Bank Avrasiya"da qeydə alınıb. Şirkətlərin bu banklarda saxladığı vəsaitin həcmi üç ay ərzində, uyğun olaraq, 65 və 52 faiz azalıb. "Naxçıvan Bank"ın da depozit portfeli kəskin azalıb. Bu azalma Vasif Talıbovun Muxtar Respublika Ali Məclisinin sədri vəzifəsini tərk etməsindən və bankın rəhbər heyətinin dəyişməsindən sonra baş verib. 2023-cü ilin ilk üç ayı ərzində şirkətlərin bu bankda saxladığı vəsaitin həcmi 145 milyon manatdan 105 milyon manata düşüb, başqa sözlə, 30 faizə yaxın azalıb.

Bəs əhalinin depozitləri?

Bu il əhalinin bank depozitlərinin həcmi də maraq doğurur, axı fevralın 1-dən depozit gəlirlərindən vergi tutulur. Azərbaycan banklarında saxladığı vəsaitə görə faiz gəliri əldə edən şəxslər artıq öz gəlirlərinin 10 faizini gəlir vergisi kimi dövlətə ödəyir. Maraqlıdır ki, depozit gəlirlərinə vergi tətbiq edildiyi ilk ay banklarda fiziki şəxslərə məxsus depozitlərin həcmində azalma baş verdi. Fiziki şəxslərin banklarda saxladığı vəsaitlərin həcmi yanvarla müqayisədə fevralda təxminən 27 milyon manat azalaraq 11 milyard 902 milyon manata endi. Bu, 2021-ci ildən bəri fiziki şəxslərin depozit portfelində qeydə alınan ilk azalma idi.

Ancaq rəsmi rəqəmlərdən görünür ki, mart ayında depozit portfelində yenidən artım baş verib. Birinci rübün sonuna fiziki şəxslərin Azərbaycan banklarında saxladığı depozitlərin həcmi 11 milyard 964 milyon manata yüksəlib. Belə depozitlərin iki növü var: müddətli və tələbli. Müddətli depozitlərdə müştərilər bəlli zaman üçün öz vəsaitlərini banka yerləşdirir və vəsaiti həmin müddətin sonunda geri alır. Tələbli depozitlərsə müştərilərin öz bank hesabında saxladığı vəsaitlərdir və onu istənilən vaxt nağdlaşdırmaq mümkündür.

Son illər Azərbaycanda fiziki şəxslərin depozit portfelindəki artımlar, əsasən, tələbli depozitlərlə bağlıdır. Belə ki, ölkədə bank kartları istifadəçilərinin sayca artımı əhalinin banklarda saxladığı vəsaitlərin həcminə də təsir göstərib. Ötən ilin əvvəlində bank sektorunda tələbli depozitlərin həcmi 3.7 milyard manat idi. Hazırda bu göstərici 5.4 milyard manata yüksəlib, yəni 46 faiz artıb. Eyni müddət ərzində müddətli depozitlərin həcmi 5.3 milyard manatdan 6.3 milyard manata yüksəlib. Deməli, cəmi 19 faiz artıb. Bu baxımdan, qeyd etmək lazımdır ki, vətəndaşların banklardakı depozitlərinin artması əhalinin gəlirlərinin yüksəlməsindən daha çox öncələr nağd şəkildə saxlanılan vəsaitlərin bank hesablarına qoyulmasından qaynaqlanır. Rəsmi rəqəmlərdən aydın olur ki, ötən ilin əvvəlindən bəri ölkədəki bank kartlarının sayı 11 milyondan 13.8 milyonadək yüksələrək 25 faiz artıb.

Əcnəbilərin depozitləri çoxalır

Depozitlərlə bağlı gözədəyən daha bir trend var. Bu, qeyri-rezidentlərin - xarici ölkə vətəndaşlarının Azərbaycan banklarındakı vəsaitləri ilə bağlıdır. Ötən il yanvarın sonunda onların həmin vəsaitlərinin həcmi toplam 294 milyon manat ekvivalentində idi. Rusiya-Ukrayna savaşı bu rəqəmi kəskin artırmağa başladı. Fevralın sonunda həmin rəqəm 552 milyon manata yüksəldi. 2022-ci ilin sonunda eyni göstərici artıq 1 milyard 174 milyon manat ekvivalentində idi. 2023-cü ilin əvvəlində qeyri-rezidentlərin Azərbaycan banklarındakı vəsaitlərində nisbi azalma gözə çarpıb. Martın sonuna əcnəbilərin Azərbaycan banklarında saxladığı vəsaitlərin həcmi 1 milyard 167 milyon manata enib. Bu, ilin əvvəli ilə müqayisədə 7 milyon manat azalma deməkdir.

Azərbaycanda depozitlərlə bağlı diqqətçəkən digər bir məqam da regional bərabərsizlikdir. Digər bir çox sahədəki kimi, əhalinin əmanətləri baxımından da Bakı və ölkənin digər əraziləri arasında kəskin fərqlər var. Mərkəzi Bankın göstəricilərinə görə, vətəndaşların 11 milyard 964 milyonluq toplam əmanətlərinin 10 milyard 656 milyon manatı - 89 faizi Bakıda, qalan 11 faizi isə ölkənin digər rayon və şəhərlərində yerləşir. Bakı və Abşeron ərazisindən sonra ölkədə ən çox depozit qeydə alınan iqtisadi rayon Gəncə-Daşkəsəndir. Bu iqtisadi rayonda yerləşdirilən depozitlərin həcmi cəmi 185 milyon manatdır.

XS
SM
MD
LG