Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 12:32

Müştərilərin 1 faizi əmanətlərin 40 faizindən çoxuna sahibdir


Neft erası bitir, yoxsulluq başlayır?
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Neft erası bitir, yoxsulluq başlayır?

"Bizim üstünlüyümüz, əlbəttə, ondadır ki, təbii sərvətlərimiz var. Amma o qədər ölkələr var ki, onların təbii sərvətləri bizimkindən qat-qat çoxdur. Lakin - mən heç kimlə müqayisə aparmaq istəmirəm, - o sərvətlərdən bütünmü ölkələr səmərəli şəkildə istifadə edir? Əlbəttə, yox. Ona görə Azərbaycanda bu sahədə aparılan işlər həm ölkə iqtisadiyyatını gücləndirdi, eyni zamanda, əldə edilmiş gəlirlər ədalətli şəkildə cəmiyyətdə bölüşdürüldü". Bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) 30 illiyi ilə bağlı tədbirdə səsləndirib.

2000-ci illərin ortalarından bəri Azərbaycana böyük neft gəlirləri daxil olmağa başladı. Bu gəlirlərin həcmi hər il milyardlarla dollar idi. Bəs həmin gəlirlər əhali arasında, doğrudan da, ədalətli bölündümü? Təəssüf ki, Azərbaycanda açıqlanan rəsmi statistika ölkədə gəlir və sərvət bərabərsizliyini ölçməyə imkan vermir. Əslində, hökumət gəlir bərabərsizliyi ilə bağlı indeksləri hesablamağa gərəkən bilgiləri açıqlamırsa, demək, gəlir bölgüsündəki durum onu rahatsız edir. Ən azı, belə düşünmək olar. Uyğun rəsmi göstəricilər açıqlanmasa da, müxtəlif alternativ göstəricilər ölkədə gəlir və sərvət bərabərsizliyi barədə təsəvvür yarada bilər.

Məsələn, bir müddət öncə "Əmanətlərin tam sığortalanması haqqında" Qanunun parlamentdə müzakirəsi zamanı bununla bağlı rəqəmlər səsləndirilmişdi. Həmin məlumatda deyilirdi ki, Azərbaycan banklarındakı əmanət hesablarının 1 faizi bütün depozitlərin 44 faizinə sahibdir. Müştərilərin 1 faizlik hissəsinin bütün depozitlərin 44 faizə yaxınına sahiblik etməsi ölkədə gəlir bərabərsizliyinin səviyyəsinin hansı həddə olmasının göstəricisidir.

Bank sektorunda mənfəət bölgüsü ilə bağlı vəziyyət də ölkədə sərvət bərabərsizliyi ilə bağlı durumu üzə çıxarır. Ötən ilin yekuna dair göstəricilərdən aydın olur ki, ölkənin bank sektorunda formalaşan mənfəətin yarısı, sığorta sektorundakı mənfəətinsə təxminən dörddə üçü təkcə bir biznes şəbəkəsinə - "Paşa Holdinq"ə çatıb. Başqa deyimlə, yalnız bu biznes şəbəkəsinə daxil şirkətlər bazardakı mənfəətin yarısından çoxuna yiyələnib.

Torpaq mülkiyyəti necə bölünüb?

Bank əmanətləri ilə yanaşı, kənd təsərrüfatı torpaqlarında da durum eynidir. Kənd Təsərrüfatı Nazirliyinin rəsmi göstəriciləri əsasında hazırlanan araşdırmaya görə, Azərbaycanda torpaq sahiblərinin 10 faizi ölkənin bütün kənd təsərrüfatı torpaqlarının 46 faizinə sahibdir. Bu rəqəmlərdən aydın olur ki, ölkədə kənd təsərrüfatı təyinatlı torpaqların tən yarısı azsaylı qrupun əlində cəmləşib. Əhalinin yerdə qalan 90 faizlik hissəsi isə torpaq fondunun digər yarısına sahiblik edir. Ən az torpaq sahəsinə sahib olan 10 faizlik əhali qrupunun ümumi torpaq fondundakı payı 1.3 faizdir.

İnsanlar arasında gəlir fərqləri də Azərbaycanda enerji gəlirlərinin ədalətli bölünməsinə dair iddiaları sual altında qoyur. Məsələn, sonuncu rəsmi açıqlamaya görə, Azərbaycanda median əməkhaqqı (ən azla ən çox arasındakı orta maaş) 410 manatdır. Yəni, ölkədə muzdla çalışan 1 milyon 700 min nəfərin tən yarısı - 850 min nəfər 410 manatdan az əməkhaqqı alır. Ancaq son dövrlər həbs olunan məmurların müsadirə edilən əmlaklarının dəyəri göstərir ki, idarəetmədə təmsil edilən şəxslərin sahib olduğu sərvətlər əhalinin böyük bir hissəsi üçün fantastik həddədir.

Təkcə dörd şəxsdən 50 milyon manat geri alınıb

Məsələn, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə dövlətə vurulmuş 5 milyon manatlıq zərərin 4 milyon manatı nağd, qalan hissəsi isə daşınmaz əmlak şəklində ödənilmişdi.

Daha sonra "Azərxalça"nın həbs olunmuş sədri Vidadi Muradovun 30 milyon manat dəyərindəki əmlakına həbs qoyulduğu açıqlanmışdı. Xarici İşlər Nazirliyinin həbsdə olan keçmiş rəsmisi Fərhad Mollazadə də nazirliyə vurduğu ziyanın 2 milyon 300 min manatını nağd pul şəklində ödəmişdi.

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun istintaq materiallarında isə qeyd edilib ki, təqsirləndirilən şəxs vətəndaşlardan rüşvət şəklində 9 milyon 73 min manat alıb. Naxçıvan MR Daxili İşlər Nazirliyi də iş üzrə zərərçəkmiş qismində tanınır. Keçmiş nazir DİN-ə 5 milyon 129 min manat dəyərində maddi ziyan vurub. Açıqlamada qeyd edilir ki, hökmə əsasən, həmin məbləğ təqsirləndirilən şəxsdən alınaraq Naxçıvan Muxtar Respublikası DİN-nə ödənilib. Üstəlik, Ə.Əhmədovun vətəndaşlardan rüşvət şəklində aldığı 9 milyon 73 manat da müsadirə edilərək dövlət nəfinə alınıb. Başqa deyimlə, təkcə bu dörd şəxsdən 50 milyon manatdan çox vəsait geri alınıb. Həmin məbləğsə ölkə əhalisinin mütləq əksəriyyəti üçün ağlasığmaz dərəcədə çox vəsait deməkdir. Deməli, hökumət ölkədə gəlir və sərvət bərabərsizliyi ilə bağlı rəsmi göstəriciləri açıqlamasa da, alternativ göstəricilərdən aydın olur ki, enerji gəlirləri heç də ədalətlə bölünməyib, əksinə, çox kiçik bir çevrənin ağlasığmaz dərəcədə zənginləşməsinə gətirib çıxarıb.

XS
SM
MD
LG