Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:20

2020-ci il etirazları müəllim çatışmazlığı yaradıb


Belarus Dövlət Universitetinin müəllim və tələbələri ümummilli tətilə qoşulub. 2020
Belarus Dövlət Universitetinin müəllim və tələbələri ümummilli tətilə qoşulub. 2020

Ali və orta məktəblərdə müəllim çatışmazlığı Belarus üçün yeni problem deyil. Səbəblər arasında maaşların azlığı, sənədləşdirmə işinin çoxluğu, əməyin gərgin və normal tənzimlənməmiş olması göstərilir. Ancaq 2020-ci ilin avqustunda bir çox müəllimlərin seçki saxtakarlığı və hüquq-mühafizə orqanlarının zorakılığına qarşı çıxmasından sonra təhsil sistemi Qərbin tanımadığı Aleksandr Lukaşenko hökumətinin təzyiqi altındadır. Bu etirazların ardınca töhmətlər, işdən çıxarmalar və həbslər dalğası başladı. 2021-ci il sentyabrın 1-də isə yeni tədris ili başladı.

Respublika vakansiya və rezüme bankında hazırda 399 müəllim vakansiyası elanı var. Təkcə Minskdə 145 ali məktəb müəllimi axtarılır. Müəllimlərin özləri bunun etirazlarda iştirakla bağlı olduğunu deməyə çəkinsələr də, valideynlər bu tədris ilindən dəyişikliyi hiss etdiklərini deyirlər.

Bir neçə fəndən dərs deyən müəllimlər

Bir ailə Currenttime.TV-yə məktəblərində bir neçə müəllimin bir neçə fəndən dərs deməli olduğunu deyib. Bundan başqa, xarici dil təmayüllü gimnaziya olan həmin məktəbdə kifayət qədər ingilis dili müəllimi yoxdur. İşdən çıxan (və ya çıxarılan) bədən tərbiyəsi müəlliməsini isə əvəz etməyə adam tapa bilmirlər.

Ümumiyyətlə, digər məktəblərdə də xarici dil müəllimləri sarıdan ciddi problemlər yaşandığı bildirilir.

Belarus Dövlət Universitetinin (BDU) adının çəkilməsini istəməyən bir müəllimi bu müddət ərzində həm özü işdən çıxan, həm də işdən qovulan istedadlı və maraqlı insanları şəxsən tanıdığını deyir. Onun sözlərinə görə, bu bir il ərzindəki dəyişikliklərdən biri də ölkənin ali təhsil məktəblərində təhlükəsizlik üzrə prorektorların təyin olunmasıdır.

İşdən gedən müəllimlər

"МГЛУ за Свободу" adlı Telegram-kanalın verdiyi məlumata görə, 2021-ci ilin yayında Minsk Dövlət Dilçilik Universitetini azı 80 müəllim və texniki əməkdaş tərk edib. Müqaviləsi uzadılmayan müəllimlərdən biri dosent Yuri Stulovdur. O, 50 il bu universitetlə əməkdaşlıq edib. 2020-ci ilin sentyabrında ali məktəbin rəhbərliyi ilə görüşdə Stulov etirazçı tələbələri və Natalya Dulinanı müdafiə edib. Dulina isə həmin universitetin dosentidir. O, həm etirazçı tələbələri, həm də ölkədə dəyişiklikləri dəstəklədiyi üçün işdən çıxarılıb.

Dilçilik Universitetindən qovulan tələbə Dmitrinin sözlərinə görə, bəzi müəllimlərin müqaviləsini uzatmayıblar, bəzilərinə isə özlərini "yaxşı" aparmağı, fikir bildirməməyi tapşırıblar. Müəllimlər də bununla razılaşmayıb. Bəzilərini isə rəhbərlik məyus etdiyi üçün özləri gediblər.

Etirazlarda iştiraklarından dolayı repressiyaya məruz qalan müəllimlər də var. Belarus İnformatika və Radioelektronika Dövlət Universitetinin müəllimi Olqa Filatçenkovanı 2021-ci il iyulun 16-da 2 il yarım həbs cəzasına məhkum ediblər.

Emiqrasiya dalğası

"Onsuz da, ali məktəblərdə elə bu vaxta qədər də təhsil entuziastların üzərində dayanırdı. Çünki müəllimlərin maaşları orta məktəblərdəkindən də azdır. Onlar isə təhsilli və ideyaları olan insanlardır, tələbələri müdafiə edir, xüsusən də təbiət elmləri və dəqiq fənlərdə ali təhsilin səviyyəsini yüksəkdə tuturlar. Əgər bütün müəllimləri demokratik baxışlara görə işdən çıxarsalar, universitetlərdə adam qalmayacaq", – ekspert Tamara Matskeviç deyir. O, Belarusda "Belarus məktəbi yoldaşlığı" adlı təşkilata rəhbərlik edib. Mədəni-maarif təşkilatı olan bu birlik Belarus dilində təhsilin inkişafına fokuslanırdı. 2021-ci ilin sentyabrında Belarus Ali Məhkəməsi bu təşkilatı ləğv edib.

Polotsk Universitetindəki işindən çıxarılan Viktor Yakubov deyir ki, 2021-ci ilin yayında orta məktəblərə və hətta uşaq bağçalarına "söhbət aparmaq" üçün KQB-dən adamlar gəlib və mitinqlərdə gözə dəymiş, yaxınları repressiyaya məruz qalmış müəllimlər barədə bütöv bir "söhbətlər" dalğası başlayıb.

Matskeviçin sözlərinə görə, böyük emiqrasiya dalğası müşahidə olunur. Ölkələrini tərk etməyi planlaşdırmayan insanlar qaçqına çevrilir. "Müəllimlərin kütləvi işdən çıxarılması onların rejimin dəstəyinə deyil, etirazçı elektorata çevrildiyini göstərir", – o deyir.

XS
SM
MD
LG