Bu gün, yanvarın 6-da Azərbaycanda 23 gün sonra keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqata start verilir.
İndiyə kimi 16 min 174 nəfərin namizədliyi qeydə alınıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 6-da seçkilərlə bağlı iclasda bildirib. Onlardan 8 min 429 nəfəri 23 siyasi partiyanı təmsil edir.
MSK sədrinin müavini Rövzət Qasımovun sözlərinə görə, namizədlər üçün bütün ölkə ərazisində 3 min 730 açıq, 2 min 180 qapalı görüş yeri müəyyənləşib. O, həmçinin vurğulayıb ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seçkilərində ödənişsiz təşviqat hüququndan imtina edib.
Bəzi təhlilçilər indidən deyirlər ki, ölkədə seçki əhval-ruhiyyəsi, az qala, yox dərəcəsindədir, fəallıq əvvəlki seçkilərlə müqayisədə daha aşağı səviyyədədir.
"Aktivliyin aşağı olması bununla bağlıdır"
YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu "Turan"a bildirib ki, bələdiyyə seçkiləri diqqət mərkəzindədir. Onun sözlərinə görə, bütün hallarda bələdiyyə seçkilərində aktivlik parlament və prezident seçkilərinə nisbətdə bir qədər arxa planda qalmış olur: "Bu da bələdiyyələrin statusu ilə bağlı olan məsələdir. Yəni, bələdiyyələr nəticə etibarilə lokal bir seçki hadisəsidir. Ona görə bələdiyyə seçkilərində aktivliyin bir az aşağı olması bununla bağlıdır".
Onun fikrincə, bələdiyyələr 1999-cu ildən fəaliyyət göstərsə də, özləri üçün büdcə formalaşdırıb siyasi, iqtisadi, sosial idarəetmə məsuliyyəti yarada bilməyib: "Əgər bələdiyyələr qanunun icazə verdiyi imkanlar çərçivəsində səlahiyyətlərini icra etməyə bacarsaydılar, bələdiyyə idərəetməsini cazibədar idarəetmə modelinə çevirə bilsəydilər, vəziyyət daha fərqli olardı".
YAP təmsilçisi bu istiqamətdə dövlətin müxtəlif addımlar atdığını vurğulayır: "2024-cü ildə "Bələdiyyələrin statusu haqqında" Qanuna əlavələr və dəyişikliklər edilib, bələdiyyələrin sayı azaldılıb. Güman edirəm ki, 2025-ci ildə bələdiyyə seçkilərindən sonra bələdiyyələr daha səmərəli fəaliyyət göstərəcək və yerli əhali, bütövlükdə xalqımızın onlardan gözlədiyini yerinə yetirə biləcəklər".
Müsavat: "Bizim rayon təşkilatlarının böyük hissəsi..."
Müxalifətdə olan Müsavat Partiyasının rayon təşkilatlarının böyük hissəsi seçkilərdə iştirak etməmək qərarını verib. Bu haqda AzadlıqRadiosuna danışan başqan müavini Mustafa Hacıbəyli partiyanın özündə də bələdiyyə seçkilərinə marağın az olduğunu bildirir. "İndiyə qədər 35 namizəd irəli sürülüb".
Onun fikrincə, bələdiyyə seçkilərinə marağın az olması birinci növbədə onunla bağlıdır ki, bələdiyyələr indiyə kimi icra hakimiyyətlərinin bir əlavəsi kimi fəaliyyət göstərib, səlahiyyətləri olmayıb: "Seçkilər də dəfələrlə saxtalaşdırılıb, demokratik və obyektiv seçkilərin keçirilməsinə inam yoxdur. Ona görə də maraq çox azdır. İnsanlar burada yarış ovqatı görmürlər. Bununla belə, bütün siyasi partiyaların işi bütün seçkilərdə iştirak etməkdir. Üzvlərimizin seçib-seçilmək hüququnu təmin etmək üçün biz rayon təşkilatlarına sərbəstlik vermişik".
Xatırlatma
Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək. Əslində onun ötən ilin sonunda keçirilməsi gözlənirdi. Azərbaycanda son bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də baş tutub. Seçki Məcəlləsinə görə, bələdiyyələrin səlahiyyəti beş ildir və bu müddətdən gec olmayaraq seçki keçirilməlidir.
Bəzi siyasi təhlilçilər və hüquqşünaslar bələdiyyə seçkilərinin vaxtında keçirilməməsini qanunsuz sayırlar. Milli Məclisin bəzi üzvləri isə bu barədə tənqidlərə cavab verərkən bu gecikməni ötən il noyabrın 11-dən 22-nə kimi Bakıda COP29 konfransının keçirilməsi ilə izah ediblər. Amma bununla bağlı rəsmi izah ictimaiyyətə açıqlanmayıb.
Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Ondan sonra ölkədə 2 min 757 bələdiyyə fəaliyyət göstərirdisə, 2009-cu ildə bir çox bələdiyyələr birləşdirilib və onların sayı 1 min 716-ya endirilib. Daha sonra bələdiyyələrin sayı 1 min 606-ya düşürülüb. Ötən il də həmin proses davam edib, onların sayı yarıdan çox azaldılıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) açıqlamasına görə, yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək.