Keçid linkləri

2025, 28 Aprel, Bazar ertəsi, Bakı vaxtı 00:14

Bəxtiyar Hacıyev: 'Hüququ pozulanda azad jurnalist axtaracaq vətəndaş hanı?'


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

İctimai fəal Bəxtiyar Hacıyev ona 10 il həbs cəzası kəsilməsi, evinin, bank hesabındakı pulunun müsadirə edilməsi barədə hökmü qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərarını ədalətsiz və sifarişli sayır. Bu barədə AzadlıqRadiosuna bilgi verən yaxınları bildiriblər ki, B.Hacıyev hələ apellyasiya məhkəməsinin qərarını yazılı şəkildə almayıb: "Apellyasiya məhkəməsində həm Bəxtiyar Hacıyevin özü, həm də vəkilləri 40-dan çox vəsatət qaldırmışdı. Bunların heç birinə baxılmadı. Apellyasiya məhkəməsinin qərarını alandan sonra Ali Məhkəməyə kasasiya şikayəti veriləcək".

Yaxınları deyirlər ki, B.Hacıyev ölkədə məhkəmə sisteminin durumuna bələd olduğundan Ali Məhkəmədən də ədalətli qərar gözləntisi yoxdur. Lakin prosedur baxımından növbəti instansiya kimi Ali Məhkəməyə şikayət veriləcək: "Bəxtiyar deyir ki, bu ölkədə heç kim həbsdən sığortalanmayıb. Bu üzdən, ədalətli məhkəmə sistemi də hər kəsə lazım olacaq. Normal məhkəmə sisteminin olmamasının nəticəsidir ki, hazırda ölkədə 350 nəfərdən çox siyasi məhbus var. Cəmiyyət buna biganə qalmamalıdır. Hüquqları pozulanda problemini işıqlandırmaqdan ötrü müstəqil media, azad jurnalist axtaracaq vətəndaşlar hanı?".

Xatırlatma

B.Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Həbs edilərkən ona Cinayət Məcəlləsinin 221.2.2-ci (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələriylə ittiham verilmişdi.

İstintaqın gedişində B.Hacıyevə qarşı qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və s. əlavə ittihamlar irəli sürülüb.

Bu ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsində B.Hacıyevə 10 il həbs cəzası kəsilib, onun mənzilinin və bank hesabındakı vəsaitin müsadirəsinə qərar verilib. Aprelin 7-də Bakı Apellyasiya Məhkəməsi də həmin hökmü qüvvədə saxlayıb.

B.Hacıyev özünü təqsirli bilmir, bu ittihamların hamısının əsassız olduğunu deyir. O, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına tənqidlərinə görə onun sifarişiylə həbs olunduğunu iddia edir. Daxili İşlər Nazirliyi bu iddianı təkzib edib.

Bəxtiyar Hacıyev gecə saatlarında başına torba keçirilib aparılmasından danışır
Gözlə
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:02:34 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p


XS
SM
MD
LG