Biləsuvarda el arasında "sınıqçı" kimi tanınan Nərgiz İmanova ayağındakı problem üzündən yanına gətirilən 2 yaşlı uşağın ölümündə təqsirli bilinib. Bugünlərdə ona, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməklə, 2 il cəza verilib.
Bu qadın Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsiylə mühakimə edilib. Ekspert rəyində yazılıb ki, 2 yaşlı Nəzrin Qubadlının ölümünə onun bədən səthinə göstərilən təzyiqlər (dartmalar, burmalar, sıxmalar və s.) nəticəsində yaranmış ağrı və şok səbəb olub.
Olay ötən ilin sentyabrında yaşanıb. N.İmanova deyir ki, uşağın ölümünə səbəb olacaq heç bir hərəkət etməyib, bədəninin sol hissəsini ovxalayıb: "Bir gün əvvəl nənəsi zəng eləyib dedi ki, uşaq yeriyib yıxılır. Səhəri gətirdilər, uzadıb baxanda gördüm ki, sol ayağı o birindən qısadır, valideynlərinə dedim. Sol tərəfini əlimlə masaj elədim. Uşaq ağlayırdı. Həmin gün axşamüstü nənəsi zəng elədi ki, uşaq ayağını yerə basa bilmir, ağlayır. Dedim, yenə gətirərsiniz...".
Sentyabrın 7-də uşağı valideynləri yenidən gətirib. Elə N.İmanovagildə olarkən Nəzrinin durumu pisləşib. Onu xəstəxanaya çatdırsalar da, həyatını qurtarmaq mümkün olmayıb.
"Uşaq ağlayar da..."
N.İmanovanın nə ali, nə də orta tibb təhsili var. Amma uzun illərdir Biləsuvarda "sınıqçı" kimi tanındığını deyir.
Uşağın atası Emin Qubadlı hadisə haqda danışarkən deyib ki, Nəzrin tam sağlam idi. Təxminən bir həftə öncə evdə sol ayağı topuq hissədən burxulmuşdu. Xəstəxanaya aparıb rentgen müayinəsindən keçiriblər. Deyilib ki, sınıq yoxdur: "Sonradan fikirləşdik ki, damar damarın üstünə çıxar, ona görə sınıqçıya aparmaq qərarına gəldik. Nəzrini qarnı üstündə uzatdı, əlləriylə qıçını möhkəm aşağı dartıb dabanlarını birləşdirdi. Dedi ki, Nəzrinin sol qıçı inkişafdan geri qalır. Arxadan böyrək-bel tərəfdən tutub sıxdı. Onda uşaq ağlayıb qışqırırdı. Bu da deyirdi ki, "uşaq ağlayar da...". Göbək nahiyəsini də möhkəm sıxırdı".
Zərərçəkən tərəf məhkəmədə N.İmanovadan şikayətçi olub.