Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:33

Akif Çovdarovun 30 milyon manatlıq əmlakına dair yeni qərar: 9 il davam edən çəkişmə bitdi


Akif Çovdarov
Akif Çovdarov

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı, uzun illər nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Akif Çovdarovun 30 milyon manatlıq əmlakıyla bağlı, az qala, 9 il sürən çəkişmələr bitdi.

Aprelin 17-də Ali Məhkəmə bu məsələyə dair yekun qərarını açıqladı. A.Çovdarovun özünə və yaxınlarına aid xeyli əmlak müsadirə edildi.

Bakı Hərbi Məhkəməsi A.Çovdarova 12 il həbs cəzası kəsərkən, onun general rütbəsinin alınmasına və təxminən 30 milyon manatlıq əmlakın müsadirəsinə də qərar vermişdi.

Əmlaklarla bağlı mübahisə Ali Məhkəməyə çatarkən, aşağı instansiyanın qərarı ləğv olunmuş, yenidən baxılması üçün bu məsələ Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdı.

Burada Habil Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası MTN generalının ailəsinə məxsus olan və müsadirə edilən əmlakların qaytarılmasına qərar vermişdi.

Ali Məhkəmə bu qərarı ləğv etmişdi

Sosial mediada və cəmiyyətdə kəskin reaksiya doğurandan sonra prokurorluq Ali Məhkəməyə kassasiya protesti vermiş və sözügedən qərar ləğv olunmuşdu.

A.Çovdarovun əmlaklarıyla bağlı iş bir daha apellyasiya instansiyasına qaytarılmış, bu dəfə əmlakların müsadirəsinə qərar çıxmışdı.

Keçmiş MTN generalının vəkili bu qərardan yenə Ali Məhkəməyə şikayət verdiyindən, aprelin 17-də həmin şikayət əsasında bu məsələyə baxılıb və müsadirə qərarı qüvvədə saxlanıb.

Müsadirə edilənlər arasında Bakının Nizami rayonundakı “8-ci kilometr bazarı” adlanan ticarət mərkəzi, Novxanı qəsəbəsindəki 1.5 milyon manatlıq iki bağ evi, Binəqədi və Nəsimi rayonlarındakı 6 və 7 mərtəbəli iki bina, paytaxtın mərkəzində yarım milyon manat dəyərində mənzil də daxil, çox sayda daşınmaz əmlak var.

Bazar keçmiş sahibinə də verilməyib

A.Çovdarovla yanaşı, “8-ci kilometr bazarı”nın keçmiş sahibi Çingiz Əsədov da şikayətçi idi. O, həmin obyektin dövlət nəfinə keçirilməsinə etiraz edir. Ç.Əsədovun fikrincə, ticarət obyekti ona qaytarılmalıdır.

Vaxtilə Ç.Əsədova məxsus bazarın sonrakı sahibləri A.Çovdarovun qızı Aidə Qasımova ilə keçmiş Milli Təhlükəsizlik nazirinin birinci müavini Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədova olublar. Səhmlər onların arasında yarıbayarı bölünübmüş.

Ç.Əsədovun da şikayətini təmin etməyən Ali Məhkəmə əmlakların dövlət nəfinə keçirilməsinə qərar verib.

Bakı Hərbi Məhkəməsində mühakimə olunarkən ailə üzvlərinə məxsus əmlakların üzərinə həbs qoyulmasına A.Çovdarov belə münasibət bildirmişdi:

"Həmin əmlakların bəziləri övladlarıma, kürəkənlərimə məxsusdur. Kürəkənlərim öz əmlaklarını özləri alıblar. Mən öz yaşadığım evin torpağını 2000-ci ildə almışam. Həmin vaxt heç MTN-də işləmirdim. Novxanıda yerləşən bağımın torpağını da 2000-ci ildə almışam. Onu da Mərdəkandakı torpağımı satıb almışam. Nazirlikdə işlədiyim dövrdə xidmətimlə əlaqədar dövlət tərəfindən mənə bir ev verilib. O da icra hakimiyyətin sərəncamı əsasında verilib..."

Xatırlatma

Akif Çovdarov 2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması və 20-dən çox vəzifəli şəxsin həbsi ilə nəticələnən əməliyyat nəticəsində cinayət məsuliyyətinə cəlb edilib.

O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilsə də, 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb.

XS
SM
MD
LG