“Kəndə baxanda adamın ürəyi ağrıyır. Hər yanı söküntü, kol-kos basıb. Danışmaq da olmur. Adamın ürəyi ağrıyır”.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Şahsənəm Həsənova bugünlərdə AzadlıqRadiosu-na müsahibəsində doğma yurdunda 25 il sonrakı mənzərəni təsvir edərkən belə demişdi.
Artıq prezident kəndin bərpasına 4 milyon, qəsəbəyə yol çəkilişinə 4.3 milyon manat ayrılmasına sərəncam verib.
Buna da bax: Səfirlik işçiləri Cocuq Mərcanlıda
Ötən ilin aprelində Lələtəpə yüksəkliyi ələ keçiriləndən sonra Cocuq Mərcanlıya nəzarət Azərbaycan tərəfə keçib. İndi kənddə minadan təmizləmə işləri aparılır, hökumət xarici jurnalistləri, Azərbaycandakı diplomatları kəndə apararaq vəziyyətlə tanış edir.
Bəs cəbhə xəttində məskunlaşmaq təhlükəli deyilmi? 25 il öncə yurd-yuvasından köçkün düşənləri eyni aqibət gözləyə bilərmi? Onların yenidən quracağı evləri kim sığortalayacaq? Sığortaçılar bu riski boyunlarına çəkirlərmi?
“Cocuq Mərcanlıda ev tikəndən sonra bizə müraciət edin”
AzadlıqRadiosu-nun əməkdaşı sığorta şirkətlərindən birinə zəng vuraraq özünü Cocuq Mərcanlı sakini kimi təqdim edir, evini sığortalatmaq istədiyini bildirir. Cavab verilir: “Sizin orda hazırda əmlakınız var? Bizə ev tikəndən sonra müraciət edin”. “Paşa sığorta”dan belə deyilir və ardınca da əlavə edilir ki, cəbhə bölgəsindəki əmlak sığortalanmır:
Buna da bax: Cocuq Mərcanlıya görə müşavirə
– Əlbəttə, hərbi təlimlər və müharibə dövründə evlər sığortalanmır. Sığorta üçüncü şəxslərin qanunazidd hərəkətləri, oğurluq, yanğın, partlayış, təbii fəlakət kimi hadisələrə aiddir. 30 manata qarşı 15 min manata qədər təminat veririk sizə.
– Tutalım, cəbhə xəttidə olan ev atəşə tutuldu, mərmi düşdü, bu hallara qarşı evlər sığortalana bilməz?
– Yox. Qanunvericiliyə görə, müharibə gedən, hərbi təlimlər olan yerdə əmlakın sığortalanması qəti qadağandır. Sığortalansa da qanunsuz sayılır.
“Alfa sığorta”: “Biz edərik!”
“Sakinlər istəsə, biz o evləri sığortalaya bilərik”, - “Alfa sığorta” şirkətinin baş mütəxəssisi Elçin Qasımov AzadlıqRadiosu-na belə deyir və əlavə edir: “İcbari sığorta rayonlarda 40 manat olmalıdır. Baxmaq lazımdır”.
Buna da bax: '500-dən çox ailənin torpağını əlindən almaq istəyirlər'
Bu dəfə AzadlıqRadiosu-nun əməkdaşı yenidən “Paşa sığorta”ya zəng edir, özünü müxbir kimi təqdim edərək sualını verir. Ardınca Nigar adlı xanımla calaşdırılır, ancaq bu suala cavab verə bilməyəcəyini söyləyən şirkət əməkdaşı müxbiri başqa səlahiyyətli şəxslə əlaqələndirməyə çalışır, amma cəhdi alınmır.
İcbari Sığorta Bürosundan “mütəxəssislər yerində olmadığı üçün” sualı cavablandıra bilməyəcəklərini deyirlər. Bir neçə şirkətdən də təxminən eyni məzmunlu cavablar verilir.
Mütəxəssis: “Qanunda deyilmir ki, olmaz!”
Sığorta mütəxəssisi Xəyal Məmmədxanlı duruma aydınlıq gətirir: “Buna iki cür yanaşa bilərik. Bir var icbari sığorta, bir də könüllü. Siğorta şirkətlərinin heç biri o riski boynuna götürərək könüllü sığorta etməyəcək. Müharibə şəraitinin olduğu ərazidə əmlakın sığortalanmasına icazə verilmir. Sığorta şirkətləri də yüksək riskə getmirlər”.
Ancaq ekspert bir məqama da vurğulayır: “İcbari sığorta haqqında qanunda konkret olaraq göstərilməyib ki, müharibə ərazisində əmlak sığortalana bilməz”.
Buna da bax: Cocuq Mərcanlıya yenidən pul ayrıldı
Xəyal Məmmədxanlının sözlərinə görə, dünya təcrübəsində də belə hallar – müharibə, aclıq, iqtisadi tənəzzül qlobal risklər sayılır və sığorta risklərinə daxil edilmir: “Bəzi hallarla bağlı dövlət özü fond yaradır. Məsələn, Türkiyədə, ABŞ-da, Kanadada zəlzələ fondları yaradılır. Zəlzələ olduqda, həmin ərazilərdəki əmlaka sığorta təminatı verilir. Amma müharibə, nüvə partlayışı, hərbi əməliyyat, iqtisadi tənəzzül və s. hallar buna daxil deyil”.
Qısası, Cocuq Mərcanlı sakini əmlakını sığortalada bilməyəcək. Mütəxəssis belə deyir.
Hərbçi: “Cocuq Mərcanlılara təhlükə yoxdur
Hərbi ekspert Telman Əbilov başqa fikirdədir. Onun sözlərinə görə, ötən ilin aprelində Lələtəpə yüksəkliyi alındıqdan sonra Cocuq Mərcanlıda yaşayan insanlara da, oradakı əmlaka da elə bir risk yoxdur:
– Mən özüm uzun müddət həmin bölgənin müdafiəsində, döyüşlərdə iştirak etmişəm. Lələtəpə bizim oradakı mövqelərimiz üçün böyük təhlükə idi. Ancaq ordan düşmən qovulandan sonra Cocuq Mərcanlıda bizim azərbaycanlıların məskunlaşmasına heç bir təhlükə yoxdur. O ərazidə kilometrlərlə uzanan bir zolaqda toplarla, uzaqvuran artilleriya silahlarıyla bizim təhlükəsizliyimizi tam təmin etmək olar. Əhalinin yaşamasına təhlükə yoxdur. Cocuq Mərcanlı bir tərəfdən Araz qırağındadır, bir tərəfdən Füzulinin kəndləri ilə sərhəddir. Ermənilər ordan çox uzaqdadırlar. Hətta bizimkilər bir balaca təpki göstərsələr, Xudafərin körpüsünü, başqa əraziləri də ermənilərdən təmizləmək olar. İstəsələr, edə bilərlər. Yəni ermənilərin ora girməsi mümkün olmayacaq.
Buna da bax: 'Milyardlar sanki bir parça yağlı əppək olub qeybə çəkilib'
– Bəzən yarızarafat-yarıciddi deyilir: “Taleyi bir yüksəklikdən asılı olan kəndə bu qədər vəsait qoymağa, əhalini ora qaytarmağa dəyərmi?”
– Vəsait də ayırmağa dəyər, camaatı orada məskunlaşdırmağa da. Məskunlaşmaq lazımdır. Bu qarşı tərəfə psixoloji basqıdır.
Cocuq Mərcanlıda 50 fərdi yaşayış evinin, 96 şagirdlik məktəb binasının və müvafiq infrastrukturun tikintisinə başlanacaq. Ərazidə 20 ədəd 2 otaqlı, 25 ədəd 3 otaqlı, 5 ədəd 4 otaqlı mənzillər inşa ediləcək. Növbəti mərhələdə bu ərazidə 200 ailəlik qəsəbənin tikintisi planlaşdırılır.
Cocuq Mərcanlı kəndi 1993-cü ildə işğal, 1994-cü ildə isə azad edilib. Ancaq ətraf yüksəkliklər Ermənistan silahlı qüvvələrinin nəzarətində olduğundan, orada yaşamaq təhlükəli sayılıb. Ötən ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması bu təhlükəni aradan qaldırıb.