Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 02:33

Azərbaycanda 4 ildə dələduzluqla bağlı cinayətlər 3 dəfə çoxalıb


Bəzi hallarda dələduzluq, sadəcə, vətəndaşlardan kart bilgiləri soruşularaq törədilir.
Bəzi hallarda dələduzluq, sadəcə, vətəndaşlardan kart bilgiləri soruşularaq törədilir.

Son illər Azərbaycanda dələduzluqla bağlı cinayətlərin sayında kəskin artım baş verib. Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlər də bunu təsdiqləyir. Belə ki, 2019-2020-ci illərdə ölkədə hər il ortalama 2 min 100 dələduzluq cinayəti baş verirdisə, sonrakı illərdə bu rəqəm hər il artıb və ötən il rekord həddə - 5 min 622-yə yüksəlib. Bu, son dörd ildə üç dəfəyə yaxın artım deməkdir. Rəsmi rəqəmlərdən bəlli olur ki, ötən il gündə orta hesabla 15 dələduzluq cinayəti baş verib. Dələduzluq törətmiş şəxslərin də sayı təxminən 30 faiz artaraq 1 min 525 nəfərdən 2 min nəfərə çatıb.

Cədvəl: 2019-2023-cü illərdə Azərbaycanda qeydə alınan dələduzluq cinayətlərinin sayı

İl

Dələduzluq cinayətlərinin sayı

2019

2 min 112

2020

2 min 83

2021

3 min 414

2022

4 min 246

2023

5 min 622

Azərbaycanda dələduzluq cinayətlərinin sayca artımının əsas səbəblərindən biri nağdsız ödənişlərin genişlənməsidir. Mərkəzi Bankın açıqladığı rəqəmlərə görə, əgər 2019-cu ildə ölkədə 7.5 milyon ədəd bank kartı vardısa, hazırda bu göstərici 17 milyonu ötüb. Bank kartları ilə aparılan əməliyyatların toplam həcmi 2019-2023-cü illər arasında 23 milyard manatdan 91 milyard manata yüksəlib. Başqa sözlə, dörd dəfə artıb.

Kartdan istifadə çoxalınca, dələduzlar müxtəlif üsullarla müştərilərin bank məlumatlarını ələ keçirməyə çalışırlar. Sahə ekspertləri bildirirlər ki, bu tip dələduzluq hallarının azaldılması üçün həm maliyyə qurumları güvənlik tədbirlərini artırmalı, həm də vətəndaşlar arasında maarifləndirmə aparılmalıdır. Bəzi hallarda dələduzluq heç bir kiberfəaliyyət aparılmadan, sadəcə, vətəndaşlardan kart bilgiləri soruşularaq törədilir.

Bugünlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi açıqlayıb ki, təkcə 2024-cü ilin iki ayı ərzində ölkənin nüfuzlu şirkətləri adından vətəndaşlara saxta lotereya və uduş vədləri verilərək 13 min Azərbaycan vətəndaşının kart bilgiləri ələ keçirilib.

Axtarışda olanların 16 faizi tapılmayıb

DSK ötən il ölkədə axtarışda olan şəxslərlə bağlı göstəriciləri də açıqlayıb. Rəsmi rəqəmlərə görə, 2023-cü ildə 8 min 106 şəxs axtarışda olub. Hüquq-mühafizə orqanları onlardan 6 min 843 nəfəri (84 faiz) il ərzində müəyyənləşdirsə də, 1 min 263 nəfərin (16 faiz) axtarışı bitməyib. Axtarışda olanların 99 faizi istintaqdan, təhqiqatdan və məhkəmədən yayınanlardır. Cəzaçəkmə müəssisəsindən qaçan 29 nəfərdən 13-ü, cəza çəkməkdən boyun qaçıran 39 nəfərdənsə 12-si ilin sonunda da hələ axtarışda olub.

Müxtəlif cinayət növləri üzrə axtarışda olanların tapılıb-tapılmaması ilə bağlı göstəriciləri nəzərdən keçirdikdə bəlli olur ki, bəzi cinayətləri törədib tapılmayanların sayı tapılanlardan daha çoxdur. Məsələn, ötən il axtarışda olan şəxslərin 72 nəfəri qəsdən adamöldürmə və ya adamöldürməyə cəhd cinayətlərində suçlanır. İl ərzində onlardan cəmi 13 nəfəri (18 faizi) müəyyənləşdirilib. 59 nəfər (72 faiz) hələ də axtarışdadır.

Fərarilikdə ittiham edilərək axtarışa verilənlər arasında da oxşar göstəricilər qeydə alınıb. Ötən il Azərbaycanda 45 nəfər hərbi qulluqçu fərarilik üzündən axtarışda olub. İlboyu onların cəmi 15 nəfəri tapılıb, 30 nəfərsə hələ də axtarışda qalıb. Hərbi xidmət keçməkdən boyun qaçırdığı üçün axtarışa verilənlərin sayı isə 37 nəfər olub. Onlardan 25-i müəyyən edilsə də, 12 nəfər axtarışda qalıb. Banditimiz ittihamı ilə axtarılan 11 nəfərdən də il ərzində cəmi biri müəyyənləşdirilib. 10 nəfər hələ də axtarışdadır.

Ötən ilin sonunda zorlamada suçlanan bir nəfər, soyğunçuluqda ittiham edilən üç nəfər. quldurluqda ittiham edilən 20 nəfər, xuliqanlıqda ittiham edilən 32 nəfər, oğurluqda ittiham edilən 81 nəfər və dələduzluqda suçlanan 338 nəfər axtarışda qalıb.

İtkin düşənlərin 12 faizi tapılmayıb

Rəsmi rəqəmlərə görə, 2023-cü ildə Azərbaycanda 997 nəfər itkin düşüb. Onlardan 878 nəfər (88 faiz) il ərzində tapılsa da, 119 nəfərin yeri müəyyənləşdirilə bilməyib. Ötən il itkin düşənlərin sayı öncəki illə müqayisədə 7 faiz artıb. İtkin düşənlərin 129 nəfəri 18 yaşına çatmayan şəxslər olub. İl ərzində onların 117 nəfəri tapılıb.

Aliment ödəməyən şəxslərlə bağlı açıqlanan rəqəmlər bu sahədə də ciddi problemlərin olduğunu göstərir. Ötən il aliment öhdəlikləri üzrə borclu və cavabdeh sayılan 11 min 217 nəfər axtarışa verilib. Onların 41 faizini – 4 min 556 nəfəri tapmaq mümkün olmayıb. Aliment borcuna görə dövlət orqanlarından gizlənən şəxslərin sayı 2022-ci illə müqayisədə 6 faiz artıb.

XS
SM
MD
LG