Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:31

Diabet - dünyaya “meydan oxuyan” xəstəlik


Dünya Səhiyyə Təşkilatının "diabet hesabatı"na görə Ermənistanda xəstələrə qayğı Azərbaycandan qat-qat yüksək səviyyədə təşkil edilib

Dünya Səhiyyə Təşkilatının (DST) diabet xəstəliyinə həsr olunmuş ilk böyük hesabatında deyilir ki, “dünya diabetin amansız yürüşü ilə üzləşib”.

İndi planetdə hər 11 insandan biri bu xəstəlikdən iztirab çəkir.

Lakin ən həyəcan doğuranı budur ki, xəstəlik getdikcə daha çox insanı əsir edir.

Hesabatda deyilir ki, xəstəlik hallarının sayı 1980-ci ildəki 108 milyondan 4 dəfə artaraq 2014-cü ildə 422 milyona çatıb.

Qanda şəkər yüksəkliyi hər il 3, 7 milyon insanın ölümünə səbəb olur.

Xəstəlik hallarının sayı 1980-ci ildəki 108 milyondan 4 dəfə artaraq 2014-cü ildə 422 milyona çatıb

Rəsmilər bildirirlər ki, ciddi tədbirlər görülməzsə, şəkər xəstəliyinə tutulanların sayı artmaqda davam edəcək.

Hesabatda diabetin 1-ci və 2-ci qruplarına birlikdə baxılsa da, xəstəliyin əsas yüksəlişi məhz ikinci tip diabetdə baş verib.

2-ci tip diabetin əsas səbəbi isə həyat tərzi və həyat səviyyəsi ilə birbaşa bağlıdır.

“Səssiz qatil”

Hesabatda deyilir ki, diabetin geniş yayılması məntiqi baxımdan başa düşüləndir, çünki hazırda dünyanın hər üç sakinindən biri piylənməyə məruz qalır.

Hazırda planet əhalisinin 8, 5 faizi diabet xəstəsidir

1, 5 milyon insan 2012-ci ildə diabet nəticəsində vəfat edib

Daha 2, 2 milyon insan qanlarında normadan artıq qlükozanın olması ilə bağlı dünyasını dəyişib

Ölənlərin 43 faizi 70 yaşına çatmayıb

DST rəsmisi Etienne Krug deyir ki, “diabet səssiz xəstəlikdir, lakin o amansız yürüşdədir. Biz onu dayandırmalıyıq”.

DST bildirir ki, qandakı şəkər səviyyəsinə nəzarət edilməməsi fəlakətli nəticələrə səbəb olur.

Hesabatda bildirilir ki, şəkər xəstəliyi infarkt riskini üç dəfə artırır. Diabetdən əzab çəkənlərin ayağının amputasiya olunacağı riski başqalarından 20 dəfə artıqdır.

Diabet qanda qlükozanın səviyyəsinə nəzarət edilməzsə, bir çox daha kəskin fəsadlara, məsələn korluğa səbəb ola bilir.

Xəstəliyin “xasiyyəti” dəyişib

DST-nin hesabatında deyilir ki, son onilliklərdə diabetin “xasiyyəti” dəyişib. Əgər 1980-ci illərdə bu, daha çox zəngin ölkələrin xəstəliyi idisə, indi o artıq aşağı və orta milli gəlirlərə malik dövlətləri də “vurur”.

Məsələn, Yaxın Şərqdə diabet halları 1980-ci illərdəki 5, 9 faizdən 2014-cü ildə 13, 7 faizə yüksəlib.

Qətər və Küveytdə diabet xəstələrinin əhalidəki faiz payı 20-dir. Bunların 30-40 faizi 45-60 yaşları arasında olanlardır.

Hesabatda bildirilir ki, planet əhalisinin qocalması da diabet rəqəmlərinə təsir edir, lakin pis pəhriz və hərəkətsiz həyat tərzi böyük problemə çevrilib.

Təkcə bunu demək kifayətdir ki, sözü gedən regionda yeniyetmələrin dörddə üçü idman etmir.

Nə etməli?

DST-nin hesabatında deyilir ki, diabetlə mübarizə göründüyü qədər də çətin deyildir: adamlar idman etməli, sağlam qidalanmalı və piylənməyə yol verməməlidirlər.

Lakin doktor Krug deyir ki, bu mənada asan heç də “asan” olmaya bilər, çünki insanların böyük bir qismi ziyanlı şeylərin nə olduğunu bilsələr də, bunları davam etdirirlər.

Diabet səssiz xəstəlikdir, lakin o amansız yürüşdədir.

Odur ki, alim hökumətləri ciddi addımlar atmağa, istehsal olunan ərzaq məhsullarında piy və şəkərin tənzimlənməsinə nəzarət etməyə çağırır.

Hökumətlər insanların daha hərəki həyat tərzinə keçmələri üçün də bir sıra tədbirləri görməlidir.

Alim həmçinin ərzaq sənayesini daha məsuliyyətli olmağa, məhsullarındakı şəkər və piy elementlərinin azaldılması siyasəti yürütməyə çağırıb.

Söhbət xüsusən də cavan adamların qeyri-sağlam qəlyanaltılardan çəkindirilməsindən gedir.

Hesabatda xüsusi olaraq vurğulanır ki, diabet xəstələrinin salamatlığının qorunması qandakı şəkər səviyyəsinin monitorinqi və dərmanların vaxtında və müntəzəm qəbul edilməsidir.

Lakin hesabatdan görünür ki, yoxsul ölkələrin üçdə ikisi xəstələri qan şəkəri monitorları, insulin və ya metforminlə təmin edə bilmir.

Diabetə dair qlobal hesabatda ölkələrin reytinq cədvəli tərtib edilməsə də, hər ölkə üzrə xəstəlik və onunla mübarizə ilə bağlı rəqəmlər verilir.

Ölkələr üzrə nəzərdən keçirdikdə belə anlaşılır ki, keçmiş sovet məkanında hökumətin “diabet siyasəti” Rusiyada kifayət qədər əsaslı yürüdülür.

Ermənistan regionda liderdir

Azərbaycana aid rəqəmlərdən görünür ki, ölkədə diabet xəstələrinin sayı 1980-ci illə müqayisədə iki dəfədən də çox artaraq 11 faizə çatıb. Xəstəliyin qadınlar arasında artımı kişilərlə müqayisədə xeyli yüksəkdir.

Azərbaycanda kişilərin 56, qadınların 58 faizinin çəkisi normadan artıqdır.

Piylənmə diabet xəstəliyinin əsas səbəblərindən biridir
Piylənmə diabet xəstəliyinin əsas səbəblərindən biridir

Piylənmə kişilərin 18, 5 faizində, qadınların isə az qala 26 faizində qeydə alınıb. Azərbaycan üçün əhalinin fiziki hərəkətliliyi rəqəmləri verilməyib, halbuki bu, diabetin profilaktikası üçün mühüm kriteriyalardan biridir. Hərçənd hökumət göstərir ki, onun diabetlə mübarizə üçün milli hərəkət planı vardır, lakin anketin konkret tədbirlərlə bağlı sonrakı qrafaları suallara “yox” cavabı verir.

Lakin diabet xəstəliyi ilə mübarizədə hökumət siyasəti sahələrində Azərbaycan Ermənistandan xeyli geri qalır.

Məsələn, Azərbaycanda piylənmə və artıq çəkiyə qarşı konkret hökumət proqramı yoxdur. Əhalinin fiziki fəallığının artırılması tədbirləri qrafasında da “yox” yazılıb.

Azərbaycanda diabetlə bağlı siyasət hələlik yalnız xəstələrin qeydiyyatı və onların metformin və insulinlə təminatı ilə bitir.

Diabet xəstələrinin müayinə edilərək müalicənin daha yüksək səviyyəsinə keçirilməsi tədbirləri də qismən tətbiq olunur.

Diabet xəstələrində böyrək və gözün torlu qişasının vaxtaşırı müayinəsi təşkil edilməyib.

Avropa ölkələrində (eləcədə Ermənistanda) bu xidmət ildə azı bir dəfə pulsuz təklif olunur.

Pulsuz müalicə

Məlumatlara görə, Azərbaycanda diabet xəstələrində göz və böyrək fəsadlarının önlənməsi üçün əməliyyatlar keçirilmir.

Məsələn, əksər Avropa ölkələrində gözdə qan laxtalanmasına qarşı lazer əməliyyatı, habelə böyrək fəsadlarının profilaktikası üçün dializ və hətta böyrək transplantasiyası əməliyyatları diabet xəstələri üçün pulsuzdur.

Diabet xəstələri üçün dərmanların müntəzəm qəbulu ölüm hallarının qarşısını alır
Diabet xəstələri üçün dərmanların müntəzəm qəbulu ölüm hallarının qarşısını alır

Azərbaycanda, məsələn qonşu Ermənistandan fərqli olaraq (orada yalnız pulsuz transpalantasiya yoxdur) bu tədbirlərin heç biri keçirilmir.

Gürcüstanda diabetlə bağlı vəziyyət Azərbaycanda olduğundan da pisdir. Bu ölkədə diabet xəstələrinin sayı son 30 ildə 3 dəfə artıb. Diabet xəstələrinin əhaliyə faiz nisbəti 15-dir.

Ümumiyyətlə, Ermənistan diabet xəstəliyi ilə bağlı Dünya Səhiyyə Təşkilatının demək olar, bütün normativlərinə əməl edib.

Bu ölkədə məsələn, diabet xəstələrinin müayinəsi və onlara qayğı ilə bağlı 7 tələbdən 6-sı yerinə yetirilir.

Hərçənd Ermənistanda da bu tədbirlərə yaxın keçmişdə başlandığını düşünmək olar, çünki xəstəliyin özü ilə bağlı göstəricilər (piylənmə, artıq çəki və fiziki fəallıq) təxminən Azərbaycanda olduğu kimidir.

Ermənistanda da son 30 ildə diabet xəstələrinin sayı 2 dəfə artıb.

XS
SM
MD
LG