Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:02

Rusiyada COVID-19-dan yeni ölüm rekordu


İllüstrativ foto
İllüstrativ foto

Bu doza buster sayılmır, ardıcıl vaksinasiya qrafikinin tərkib hissəsi kimi tövsiyə olunur

Oktyabrın 11-də Rusiyada COVID-19-dan ən çox ölüm qeydə alınıb. Son 24 saat ərzində ölkədə koronavirusdan 973 nəfərin öldüyü açıqlanıb. Artıq altıncı gündür ölü sayı 900-ü keçir. Pandemiya indiyədək 218 mindən çox rusiyalının həyatına son qoyub.

Son 24 saat ərzində 28 mindən çox yeni yoluxma aşkarlanıb.

Ancaq Rusiyada bir çox həkimlər və aparıcı dövlət orqanları real göstəricilərin xeyli yüksək olduğunu deyirlər.

Bu rəqəmlər yüksək yoluxucu delta ştammnın yayıldığı digər ölkələrdəki vəziyyətə oxşardır.

Rusiya hakimiyyəti ölkədə vaksinasiyanın aşağı səviyyədə olduğunu deyirlər. 146 milyona yaxın əhali üzrə hər üç nəfərdən biri peyvənd vurdurub.

Ötən il Rusiya koronavirusa qarşı Sputnik V vaksinini bir ilk olaraq təsdiqlədityini açıqlayıb. Ancaq rusiyalılar istər daxili istehsal olan beş vaksin, istərsə də xarici vaksinlərə laqeyd yanaşırlar.

Baş nazirin səhiyyə siyasəti üzrə müavini Tatyana Qolikova ötən həftə deyib ki, rusiyalıların cəmi 29 faizi peyvənd vurdurub.

***

Dünya Səhiyyə Təşkilatının (DST) vaksinlər üzrə ekspertlər qrupu yaşlılara və immun sistemi zəif olanlara COVID-19-a qarşı vaksinin əlavə dozasını vurmağı tövsiyə edib.

DST-nin vaksinlər üzrə direktoru Keyt Obrayan deyib ki, üçüncü doza ikincidən bir-üç ay sonra vurulmalıdır ki, xəstəliyin ağırlaşmasından, hospitalizasiya və ölümdən qorusun.

O qeyd edib ki, bu doza buster sayılmır, ardıcıl vaksinasiya qrafikinin tərkib hissəsi kimi tövsiyə olunur. Yəni, vaksinasiyaya qarşı normal immun reaksiyası göstərən, xüsusi xəstəliyi olmayan sağlam, daha gənc əhaliyə aid deyil.

Eyni vaksin tövsiyəsi

Araşdırmalar yaşı 65-dən yuxarı şəxslərdə vaksinasiyanın yaratdığı qorumanın gənclərdən daha sürətlə azaldığını göstərib.

Britaniya, Fransa və Birləşmiş Ştatlar daxil bir çox zəngin ölkələr yaşlılar və immun sistemi zəiflərə üçüncü dozanı təklif edir.

Üçüncü doza fərqli istehsalçıdan da ola bilər. Ancaq ekspert qrupu ilkin dozalarla eyni vaksinin vurulmasını tövsiyə edib.

DST çoxlu vaksin ehtiyatı olanları yaşı 65-dən az, immun sistemi güclü olanlara buster dozanı təklif etməməyə çağırıb.

Onlardan həmin dozaları vaksin çatışmazlığı yaşayan ölkələrə göndərmək istənilir.

“Mənəviyyatın təhqiri”

BMT-nin Baş katibi Antonio Quterres vaksin bərabərsizliyini “mənəviyyatın təhqiri” adlandırıb. O deyib ki, bu, milyonlarla insanın ölümünə səbəb olur, ən çox yoxsul ölkələrə ziyan vuran iqtisadi azalmanı uzadır.

Pandemiya 100 milyondan çox insanı yoxsulluğa sürükləyib, 4 milyarddan çox insanı sosial dəstəksiz, tibbi xidmətsiz qoyub, onların maaşların ödənməməsinə qarşı sığortası yoxdur, Quterres vurğulayıb.

Onun oktyabrın 11-də Beynəlxalq Valyuta Fondunda müzakirədə deməsinə görə, qlobal həmrəylik “yoxa çıxıb”, münaqişələrin ziyan vurduğu və yoxsul ölkələrdə yaşayanlar daha çox əziyyət çəkirlər.

Bu arada Britaniya parlamenti yaydığı hesabatda belə bir qənaətə gəlib ki, Mühafizəkar hökumət COVID-19 pandemiyasının ilkin dövründə lokdaun tətbiq etməyə gecikib.

Hesabata görə, ölkə buna görə xəstəliyin qarşısını almaq şansını buraxıb, COVID-19-dan minlərlə insan lüzumsuz yerə həyatını itirib.

ABŞ-da vaksin tələbi

Birləşmiş Ştatlarda Texasın qubernatoru Qreq Abbot isə oktyabrın 11-də imzaladığı sərəncamla özəl biznes daxil olmaqla istənilən qurumun işçiləri üçün vaksini məcburi etməsini yasaqlayıb.

Abbot qeyd edir ki, “vaksin onu vurdura bilənlərə güclü şəkildə tövsiyə olunur, amma texaslılar üçün həmişə könüllü olmalıdır”.

Bayden administrasiyası isə ölkə boyunca 100-dən artıq işçisi olan qurumlar üçün vaksini məcburi etmək, yaxud hər həftə test vermək qaydalarını açıqlamaq üzrədir.

İndiyədək Montana ştatı da işəgötürənlərin vaksin qaydası qoymasını qadağan edib. Bir sıra ştatlar isə məktəblərdə belə bir tələbin qoyulmasını istisna ediblər.

Abbot daha öncə ştat və yerli hökumət agentliklərinin vaksin tələbi qoymasını yasaqlamışdı, amma özəl şirkətlər buna özləri qərar verməliydilər. Sərəncama qarşı məhkəmə iddiaları qaldırıla bilər.

XS
SM
MD
LG