Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:55

Ekspert: "Devalvasiyanın müsbət tərəflərinin olmasını demək riyakarlıqdır”


Akram Hasanov
Akram Hasanov

-

“Mərkəzi Bankın 2016-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı” özəlliklə 2-ci inflyasiyadan sonra ayrıca maraq doğurur. Bank məsələləri eksperti Əkrəm Həsənov həmin bəyanatı AzadlıqRadiosuna şərh edir:

- Mərkəzi Bankın bəyanatında ümumi sözlər və gözdən pərdə asmaq cəhdləri çoxdur. Hətta bunların fonunda da həqiqəti gizlətmək mümkünsüzdür. Mərkəzi Bank manatın emitentidir (“emitent” deyərkən, bəlli şərtlərlə pul, istiqraz, səhm və kreditlər də daxil, digər qiymətli kağızları dövriyyəyə buraxmaq hüququ olan hüquqi şəxs nəzərdə tutulur – red.) Buna görə də onun dəyər və nüfuzuna məsuliyyət daşıyır. Bununla belə, sənəddə bütün ciddi məsələlər üzrə rəqəmlər dollarla ifadə edilib. Hətta Mərkəzi Bankın özu də pul siyasətinin iflasa uğradığını, ölkənin dollarlasdığını etiraf edir. Bu üzdən sənəddə devalvasiyanın hansısa müsbət tərəfləri haqda sözlər riyakarlıqdır. Təbii ki, sənəddə bütün təqsir neftin qiymətinin üzərinə qoyulur, sanki Mərkəzi Bankın öz fəaliyyəti əhəmiyyətsizdir.

- Mərkəzi Bank orta illik inflyasiyanın 3.7 faiz olduğunu deyir...

Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı

​- İnflyasiyanın aşağı olması haqda bəyanat, ümumiyyətlə, gülünc görünür. Bunun yalan olduğunu görmək üçün hər hansı dükana girmək yetər. Yeri gəlmişkən, sənəddə inflyasiya ilə necə mübarizə aparılacağı da vurğulanmır. Məntiqlə Mərkəzi Bank indi faiz dərəcələrini artırmalı, dövriyyədə manat kütləsini azaltmalıdır ki, inflyasiya səngisin. Ancaq dövriyyədə, onsuz da, manat xeyli azalıb. Pulun çoxu dollardadır. Buna görə də Mərkəzi Bank acizdir. Qiymətlərimizi dollar diqtə edir, manat və Mərkəzi Bank yox. Bu səbəbdən Mərkəzi Bank bu məsələnin üstündən sükutla keçir. Üstəlik, faiz dərəcələrinin artırılmasının da iqtisadiyyatın inkişafı üçün öz fəsadları var.

- Bank aktivlərinin artmasına dair bəyanatda səslənən fikirlərin nə dərəcədə əsası var?

- Maraqlısı odur ki, sənəddə rəqəmlər yalnız o zaman manatla ifadə olunur ki, Mərkəzi Bank guya mövcud olmuş artımı nümayiş etmək istəyir. Məsələn, deyir ki, guya bank aktivləri 10 faiz artib və 27.8 milyard manat olub. Manatin 98 faiz devalvasiyasi fonunda manatın 10 faiz artımından danışmaq olarmı?

- Mərkəzi Bankın sektora nəzarətini hansı dərəcədə yetərli saymaq olar?

- Bank nəzarəti sahəsində də anlaşılmazlıq çoxdur. Məsələn, deyilir ki, guya açıq valyuta mövqeyi normativi çevik tənzimlənib. Bu, yalandır! Həmin normativ ümumən ləğv edilib. Özu də qanuna zidd olaraq! Bunun nəyi çevik tənzimlənmə oldu? Kapitalın adekvatlığı, leverec əmsalının azaldılması yumşaltma adlandirılır (“leverec” deyərkən, yatırımların potensial gəlirliyini çoxaltmaq üçün fərqli maıliyyə alətlərindən və borc kapitalından yararlanma nəzərdə tutulur – red.) və bunun mənfi tərəfləri təhlil edilmir. Bu yumşaltma, əslində, bankların çoxunun iflasından xəbər verir. Yəqin elə buna görə də sənəddə söz verilir ki, bu il bankların kapital mövqeyinin gücləndirilməsi istiqamətində tədbirlər görüləcək.

- Mərkəzi Bankın bu illə bağlı planlarını nə dərəcədə yetərli sayırsınız?

- Ümumən, sənəddə 2016-cı illə bağlı konkret mövqe yoxdur. Faktik olaraq, hər şey dünyadakı vəziyyətə bağlanılır, neftin qiymətindən asılı edilir. Yeganə konkret müddəa əmanətlərin təşviqi ilə bağlıdır. Bu da anlaşılandır. Əhalinin bank sisteminə etimadi yoxdur. İndən belə Mərkəzi Bank əmanətlərin kütləvi “qaçırılmasının” qarşısını almağa çalışacaq. Özü artıq aciz olduğundan əhalinin pulundan istifadə etmək istəyir.

XS
SM
MD
LG