Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:26

Deputatın qudası məhkəmə önündə


Yasamal rayon Məhkəməsi
Yasamal rayon Məhkəməsi

Azərbaycan Milli Elmlər Akademiyası Həmkarlar İttifaqı sədrinin müavini Raya Nəcəfova dələduzluq, vəzifəli şəxsin səlahiyyətini mənimsəmə kimi əməllərdə suçlanır. İddia edilir ki, o, Mədəniyyət Nazirliyindən tutmuş, Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyinədək müxtəlif dövlət qurumlarına işə düzəltmək adı ilə adamları aldadaraq pullarını ələ keçirib.

R.Nəcəfovanın 64 yaşı var. O, Neft-Kimya Prosesləri İnstitutunda da baş elmi işçi çalışır. Zərərçəkənlərin prokurorluğa şikayətindən sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsində onunla bağlı yarım ilə yaxın istintaq gedib. R.Nəcəfova həbs olunmasa da, cinayət məsuliyyətinə cəlb edilib və 4 aydır Yasamal rayon Məhkəməsində onun işinə baxılır.

Ona Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməkdə təkrar dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham verilib. Bu maddələrdə cərimə, islah işləri və s. alternativ cəzalarla yanaşı, 5 ilədək həbs də nəzərdə tutulub.

11 nəfər zərərçəkmiş qismində tanınıb

İddia olunur ki, R.Nəcəfova onları müxtəlif vədlərlə aldadaraq pullarını alıb. Məsələn, o, zərərçəkmişlərdən bəziləri ilə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevin adından danışıb və özünü onun köməkçisi kimi tanıdıb. Cinayət işinin materiallarında səs yazıları və mesajlar var. R.Nəcəfova həmin səslərin ona aid olduğunu danmasa da, özünü təqsirli bilmir, heç kimdən işə düzəltmək adı ilə pul almadığını deyir.

Zərərçəkənlərdən Aynur Niftəliyeva ifadəsində bildirib ki, ona ya Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, ya da Elmlər Akademiyasında yüksək maaşlı iş vədi verilib və bundan ötrü də 42 min 500 manat pul alınıbmış.

R.Nəcəfova onun dediklərini yalanlayır, toplam 13 min manat sələmlə pul götürdüyünü və bunu da sonradan artıqlaması ilə qaytardığını söyləyir.

Başqa bir zərərçəkən Sevinc Qayıbova deyir ki, R.Nəcəfovaya şəxsən Elmlər Akademiyasının binasındakı kabinetində pul verib. Azərbaycan Dövlət Pedaqoji Universitetindən kimya müəllimliyi ixtisası üzrə məzun olan S.Qayıbovanın sözlərinə görə, ona Müdafiə Sənayesi Nazirliyi, yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iş ilə təmin olunacağı deyildiyindən R.Nəcəfovaya buna görə 12 min manat pul verib: "8 min manatı onun kartına göndərmişdim, 4 mini isə kabinetində özünə vermişdim. Demişdi ki, 40 günə iş əmri veriləcək. Bir müddət sonra özünü Xanlar müəllim kimi tanıdan bir nəfər zəng elədi ki, Müdafiə Sənayesi Nazirliyi alınmır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə düzəldəcək. Razılaşdım...".

S.Qayıbovanın sözlərinə görə, vaxt keçdikcə o, aldadıldığını anlayaraq prokurorluğa şikayət edib.

R.Nəcəfova ifadəsində iddia edib ki, S.Qayıbovanın aldadılmasında onun yox, Xanlar Nəsirovun günahı var. Onun sözlərinə görə, əvvəllər Azərbaycan Beynəlxalq Universitetinin prorektoru olmuş X.Nəsirov tanışları vasitəsilə S.Qayıbovanı nazirliklərdən birinə işə düzəldəcəyini deyib. Ondan alınmış pul da X.Nəsirova çatıb.

R.Nəcəfova bir sıra başqa zərərçəkmişlərin aldadılmasında da başqa adamların günahı olduğunu bildirib. Amma onun günahlandırdığı şəxslər, o cümlədən Xanlar Nəsirov, Ramiz Nəbiyev, Ədalət Abbasov deyirlər ki, R.Nəcəfova yalan danışır, o, əksinə, bəzi adamlarla telefonla danışıb, sakitləşdirmək üçün kömək istəyib.

"Raya məndən xahiş elədi ki, Lətafət Qurbanova ilə danışım. Dedi ki, onun iş məsələsi bir az uzanır, narahatdır. Mən də razılaşdım, Ekologiya Nazirliyinin əməkdaşı kimi danışdım, dedim, narahat olmasın, düzələcək yaxın vaxtlarda. Sonra bir neçə dəfə Lətafət Qurbanova özü mənim nömrəmə zəng elədi, narazılıq eləyəndə bildim ki, ondan pul alıbmış...", - R.Nəbiyevin sözləridir.

"Pulunu istəyəndə bildim ki, ondan pul alınıbmış"

R.Nəcəfovanın başqa bir tanışı Ədalət Abbasov da zərərçəkmiş L.Qurbanova ilə nazirliyin əməkdaşı kimi danışıb. Amma o da deyir ki, R.Nəcəfovanın xahişi ilə ona kömək etmək istəyib. Ə.Abbasovun sözlərinə görə, R.Nəcəfova vaxtilə - Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialının direktoru olarkən, o da orada riyaziyyat müəllimi çalışırmış. Elə o vaxtdan bir-birini tanıyırlar: "Normal münasibətimiz vardı, mənə bir neçə dəfə borc da vermişdi. Ona görə xahişini yerinə yetirdim. Bir müddət sonra Lətafət Qurbanova zəng eləyib işi düzəlmədiyinə görə pulunu istəyəndə bildim ki, ondan pul alınıbmış...".

Adları çəkilən şəxslər istintaq dövründə R.Nəcəfova ilə üzvləşdiriliblər. Onlar üzləşmədə də ifadələrini təsdiqləyiblər.

Məhkəmədə zərərçəkmişlərdən bir neçəsi R.Nəcəfova ilə barışmadığını vurğulayaraq onun həbsə atılıb cəzalandırılmasını tələb edib.

R.Nəcəfova Milli Məclisin deputatı Ülvi Quliyevin qudasıdır.

XS
SM
MD
LG