Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:58

Gülen hərəkatı və Türkiyə dövləti: toqquşmanın səbəbi nədir?


Xüsusən də Qərb ölkələrində çoxları bu qədər fethullahçının belə qısa zamanda aşkar edilməsindən təəccübləniblər

Türkiyədə iyulun 15-də baş vermiş uğursuz çevriliş cəhdindən dərhal sonra Ankara ABŞ-da könüllü sürgündə yaşayan müsəlman vaiz Fethullah Güleni ittiham edir. Hakimiyyət çevriliş cəhdinin arxasında məhz onun dayandığında israr edir. Abbas Cavadi yazır ki, Türkiyədə adamlar bu iddiaya geniş miqyasda inanırlar. Məqalə suallar və cavablar şəklində qurulub.

Fethullahçı hərəkat nə istəyir?

Gülen əvvəllər sünni İslamın Hənəfi təriqətindən olan osmanlı-kürd ruhanisi Səid Nursinin tərəfdarlarından olub. Lakin o, 1970-ci illərdə öz təriqətini yaradıb və sonralar adamlar bu təriqəti “Gülen camaatı” adlandırıblar.

Bütün başqa islami təriqətlər kimi Gülen icması da qatı dünyəvi və hərbiyyəpərəst Türkiyə hökumətlərinin zamanında qadağan idi və 1983-cü ilədək gizli fəaliyyət göstərirdi.

Gülen o vaxtlar “cəmiyyət üçün qorxmaz və fədakar insanlar yetişdirmək” məqsədini elan etmişdi

Lakin Quranı təlim edən və ibadətlə məşğul başqa təriqətlərdən fərqli olaraq Gülen qrupu getdikcə daha çox siyasiləşib. Biznesmenlər hərəkata ianələr verməyə başlayıblar və təriqət Türkiyənin siyasi həyatında əsas oyunçulardan birinə çevrilib.

Cavadi yazır ki, Gülen o vaxtlar “cəmiyyət üçün qorxmaz və fədakar insanlar yetişdirmək” məqsədini elan etmişdi. İdeya bu insanları hökumətin müxtəlif qollarında – polisdə, ədliyyə, daxili işlər nazirliyi və hətta orduda yerləşdirib yetişdirməkdən ibarət idi.

Üstəlik, əksər şəffaf siyasi partiyalardan fərqli olaraq Gülen təriqəti bütün fəaliyyətini gizli saxlayırdı. Gülen hərəkatında nə qədər insanın olduğu, onların kimliyi və siyasi məqsədləri həmişə sirr olaraq qalırdı. Bilinən yalnız bu idi ki, fondları və biznesləri artdıqca hərəkat daha da varlanır, daha çox insanı cəlb edirdi. Burası da var ki, hərəkatın geniş dəstəkləndiyini göstərən aşkar əlamətlər də yox idi.

Hərəkat nə dərəcədə böyükdür?

Abbas Cavadi yazır ki, Gülen hərəkatı üzvlərinin sayı və təşkilatın sərvəti barədə dəqiq rəqəmlər göstərmək qeyri-mümkündür. Bəzi təxminlərə görə son 40 ildə təşkillatın üzvləri on minlərlə sayıla bilər.

Gülenin özü dəfələrlə deyib kİ, heç bir şəbəkəsi yoxdur və ona rəğbət bəsləyən dövlət təsisatlarında ola bilməsi, hər hansı şəbəkəsiz də təbiidir. Belələri başqa partiyalara da rəğbətli ola bilərlər.

Lakin bir sıra Türkiyə təhlilçiləri deyirlər ki, Gülen məktəblərinin öz məzunlarını müxtəlif idarəetmə sahələrinə səmtləndirməsi məlumdur. Bunu isə başqa heç bir partiya etmir.

Necə oldu ki, hərəkat dövlətlə toqquşdu?

Abbas Cavadi yazır ki, hələ 1970-ci illərdə hökumət, ordu və təhlükəsizlik, öz sıralarındakı fethullahçı “cücərtiləri” qoparıb atmağa çalışırdılar. 1980-ci illərdə dünyəvi partiyalar və “Nokta” kimi qəzetlər orduda “gizli fethullahçı dərnək” barədə xəbərdarlıq etmişdilər.

Orduda və dövlət qulluğunda olan fethullahçılar vəzifə nərdivanı ilə qalxdıqca başqa məsləkdaşlarını da arxalarınca dartırdılar.

1999-cu ildə Gülen tərəfdarlarını “sakitcə və səbrlə” hökumət sıralarına daxil olmağa və dəyişiklik “anını” gözləməyə çağırırdı

Bəzi iddialara görə 2010-cu ildə dövlət qulluqçularının işə qəbul imtahanlarının sualları əvvəlcədən təriqət üzvlərinin arasında paylaşılmışdı. Bu, vəzifələrə yalnız fethullahçıların seçilməsinə imkan yaradırdı.

Abbas Cavadinin məqaləsində bəzi təhlilçilərə istinadən deyilir ki, Türkiyədə və xaricdə yaradılan “uğurlu” məktəblər, hərəkatın hökumət sisteminə soxulmasını örtən pərdə rolunu oynayırdı.

1999-cu ildə Gülenin məxfi çıxışlarından biri dövlət televiziyası ilə yayınlamışdı. Bu çıxışda o, tərəfdarlarını “sakitcə və səbrlə” hökumət sıralarına daxil olmağa və dəyişiklik “anını” gözləməyə çağırırdı.

Cavadi yazır ki, dünyəvi medianın və hökumətin təzyiqi altında Gülen 1999-cu ildə ABŞ-a mühacirət etməli olsa da, onun hərəkatı genişlənir, tərəfdarları artırdı.

Gülen və Erdoğanın arası niyə dəyib?

Abbas Cavadi yazır ki, 2000-ci illərdə artıq polis, ədliyyə, media, təhsil və hətta orduda xeyli Gülen tərəfdarı vardı. O həmçinin 2002-ci ildə baş nazir olmuş Erdoğanın da müttəfiqi idi. Əslində onlar eyni dini mühitdən çıxmışdlar. Lakin Cavadinin fikrincə, onların dünyəvi dövlət şəraitində İslam hərəkatının necə olması məsələsində fikir ixtilafları vardı.

Fethullah Gülen və Recep Tayyip Erdoğan eyni dini mühitdən çıxıblar
Fethullah Gülen və Recep Tayyip Erdoğan eyni dini mühitdən çıxıblar

Cavadi yazır ki, Erdoğanın Ədalət və İnkişaf Partiyası 2002-ci il seçkisində qalib gələndə fethullahçılar tərəfindən güclü şəkildə dəstəklənmişdi. Əvəzində AKP hökuməti hərəkatın fəaliyyətinə dözümlülük göstərirdi. Lakin 2010-cu ildə hər şey dəyişib.

Məhz 2010-cu ildən etibarən Erdoğan polisdəki fethullahçılara və Gülen məktəblərinə qarşı tədbirlər görməyə başlamışdı. Lakin baş nazir o vaxt hələ orduya toxunmamışdı.

2013-cü ildə Erdoğanla Gülenin arası birdəfəlik dəymişdi. Buna səbəb hökumətin korrupsiyalarına dair bir sıra video və audio materialların internetə çıxması idi. İddiaların bir ucu Erdoğanın özünə və yaxınlarına gedib çıxırdı. Erdoğan bu qənaətə gəlmişdi ki, bu informasiyaları məhz fethullahçılar sızdırırlar.

Gülen tərəfdarları niyə belə tez həbs olundular?

Abbas Cavadi yazır ki, çevriliş cəhdindən heç 48 saat da keçməmiş hökumətə loyal polis, təhlükəsizlik və hərbi qüvvələr Gülen hərəkatını dəstəkləməkdə şübhəli sayılan 7 min insanı həbs etdilər. Cəmi bir həftə ərzində həbs olunanların sayı 50 mini keçdi, hərçənd həbs olunanlardan bəzilərini sonradan azad etmişdilər.

Bu müddət ərzində hərəkatla əlaqəsi olan media, bizneslər və məktəblər bağlandı.

Erdoğan müşavirlərinin dediyinə görə o, artıq bu avqustda ordu sıralarında “təmizləmə” aparmağı planlaşdırırmış

15 iyul çevriliş cəhdindən sonra Gülen hərəkatının üzvləri olduğu iddia edilən onlarca insan fəaliyyətləri üçün birbaşa təlimatları Gülen icmasının rəhbərliyindən aldığını etiraf etdi.

Abbas Cavadi yazır ki, bu vəziyyətdə hətta bir polkovnik tabe olduğu generala təlimatlar verməkdən çəkinməmişdi.

Xüsusən də Qərb ölkələrində çoxları bu qədər fethullahçının belə qısa zamanda aşkar edilməsindən təəccüblənmişdilər. Bu, Avropa İttifaqının genişlənmə üzrə komissarı Johannes Hahn da daxil bir çoxlarını belə bir qənaətə gətirmişdi ki, hökumət həbs olunacaq adamların və təsisatların siyahısını çevrilişdən əvvəl hazırlayıb və hətta çevrilişin özü bir növ “teatr” olub.

Çevrilişçilərin belə tez həbs olunması çoxlarını təəccübləndirib
Çevrilişçilərin belə tez həbs olunması çoxlarını təəccübləndirib

Cavadi yazır ki, Gülen qrupunun Türkiyənin siyasi həyatında son 40 il ərzində fəal olduğu, digər tərəfdən Erdoğanın avtoritar meylləri nəzərə alınarsa, hökumətin Gülen tərəfdarlarının siyahısına malik olduğu və onların təhlükəsizlik xidmətləri tərəfindən izləndiyi inandırıcı görünür.

Erdoğan müşavirlərinin dediyinə görə o, artıq bu avqustda ordu sıralarında “təmizləmə” aparmağı planlaşdırırmış.

Abbas Cavadi yazır ki, ola bilsin çevrilişçiləri tələm-tələs, hazırlıqsız olaraq hərəkətə keçməyə bu da sövq edə bilərdi.

Məqalədə deyilir ki, Gülen guya 17 il əvvəl etdiyi “məxfi çıxışlarında” zərbəni vaxtından əvvəl endirməyin təhlükələrindən danışmışdı.

"Çevrilişin arxasında Gülen təşkilatının durub-durmamasından asılı olmayaraq həmin sözlərin peyğəmbəranəliyi təsdiq olunub” - yazır Abbas Cavadi.

XS
SM
MD
LG