Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:21

Ərdoğan ritorikasının lirəyə təsiri – Qərb mediası


R. T. Ərdoğan
R. T. Ərdoğan

"Bloomberg" yazır ki, Ərdoğan millətçi seçiciləri tərəfinə çəkmək üçün özünü düşmən xarici qüvvələr qarşısında sipər kimi göstərməyi çoxdan istəyirdi

Lirə yeni rekord həddə düşür

Bazar ertəsi türk lirənin dollara qarşı məzənnəsi yeni rekord həddə düşüb. İnkişaf etməkdə olan digər bazarların valyutaları isə dollara qarşı möhkəmləniblər.

Bir dollar artıq 10 lirəyə yaxınlaşır. Lirə 2% də ucuzlaşıb.

Ziraat Bank, Vakifbank və Halkbank dövlət bankları kredit faizlərini 200 baza punktu azaltmaları haqda oktyabrın 25-də birgə bəyanat yayıblar.

Digər inkişaf etməkdə olan bazarlarda isə valyutalar dollara qarşı möhkəmlənib. “Reuters” Çin yuanının 0.1%-dək, Cənubi Afrika randının 0.3% möhkəmləndiyini yazır. Neftin bahalanması Rusiya rubluna da müsbət təsir göstərir.

***

Türkiyə Prezidenti Receb Tayyib Ərdoğanın 10 ölkənin səfirini arzuolunmaz şəxs elan etməsi milli valyuta lirəyə təsirini göstərir. Lirə onsuz da təzyiq altındadır, mərkəzi bankın faiz dərəcəsini azaltması onu dollar qarşısında daha da dəyərdən salır. Bazar günü axşam saatlarında lirə daha 0.9% ucuzlaşıb, bir dollar 9.7282 lirəyə bərabər olub.

Siyasi gediş

“Bu məsələ rəsmiləşsə və həmin 10 səfir persona non qrata elan olunsalar, lirəyə zərbə artıracaq. Bu, beynəlxalq gərginliyi qızışdırmağı, seçki reytinqini gücləndirmək niyyəti güdən siyasi gedişə bənzəyir”, – İstanbuldakı “Marmara Capital” şirkətindən Haydar Acun “Bloomberg”ə deyib.

Agentlik yazır ki, Ərdoğan millətçi seçiciləri tərəfinə çəkmək üçün özünü düşmən xarici qüvvələr qarşısında sipər kimi göstərməyi çoxdan istəyirdi.

ABŞ, Almaniya, Fransa və digər ölkə səfirləri hökumətin tanınmış tənqidçisinə azadlıq tələb edəndən sonra prezident onların qovulmasını istəyib. Bu arada ölkədə yaşam qiyməti yüksəldikdə Ərdoğanın reytinqi düşməkdədir.

Ancaq “Bloomberg” prezidentin ritorikasının kövrək iqtisadi durumu daha da pisləşdirmə ehtimalına da toxunur.

Ən pis göztərici

“Onun qərarı lirəyə satış təzyiqini artıra, bunun da inflyasiyaya mənfi təsiri ola bilər”, – Londonda yerləşən “InTouch Capital Markets” şirkətində aparıcı valyuta təhlilçisi Pyotr Matis belə deyir.

Bu il lirə dollara qarşı 23% ucuzlaşıb ki, bu da inkişaf etməkdə olan bazarlar üzrə ən pis göstərici sayılır.

Türkiyədəki səfirlər tanınmış biznesmen və xeyriyyəçi, 2016-cı il dövlət çevrilişinə cəhddə şübhəli bilindiyinə görə dörd ildir həbsdə olan Osman Kavalaya azadlıq tələb ediblər.

Bir həftəyə Romada Böyük 20-liyin sammiti keçiriləcək. Həmin sammitdə Ərdoğan ABŞ Prezidenti Co Bayden ilə görüşə ümid edir. Amma hələlik, görüş təsdiqlənməyib. “Bloomberg” səfirlər ölkədən qovularsa, bunun həmin görüşü çətinləşdirəcəyini yazır. Ərdoğan istəyir ki, Bayden Ankaranın ABŞ-dan hərbi təyyarələr almasına icazə versin.

Dövlət banklarının qərarı

Bu gün – oktyabrın 25-də Türkiyə dövlət banklarının kredit faizlərini azaldacağı gözlənir. Bunu “Reuters” plandan agah olan üçün nəfərə istinadla yazır.

Ötən həftə mərkəzi bank faiz dərəcəsini gözlənilmədən kəskin azaltmışdı. Bundan sonra Ziraat Bank, Halkbank və Vakif Bank korporativ, individual, ipoteka və digər kreditlər üzrə faizləri aşağı salmaq qərarına gəlib.

Türkiyə prezidentinin aparıcı müşaviri və Vakif Bank idarə heyətinin üzvü Cemil Ertem Twitter-də yazıb ki, dövlət bankları mərkəzi bankın siyasətinə uyğun olaraq kredit faizlərini azaldır.

“Reuters” yazır ki, mərkəzi bankın qaydanı yumşaltması borclananlar üçün daha az faizlərə yol açır, iqtisadi aktivliyə stimul verir. Ancaq ötən həftə faiz dərəcəsinin 16%-ə salınması bazarlarda şok yaradıb.

Bundan sonra lirə dollara qarşı rekord həddə düşüb.

Bazarın reaksiyası kredit faizlərinin azalmasının banklara baha başa gələcəyini göstərir. Faizlərin azalması bizneslərə və istehlakçılara xeyirdir. Ancaq bir çox təhlilçilər bu addımın inflyasiyanı şişirdəcəyini, lirənin ucuzlaşmasının mərkəzi bankı tezliklə geri addım atmağa sövq edəcəyini düşünür.

XS
SM
MD
LG