Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:50

AŞPA məruzəçisi erməni əsirlərin buraxılmasını alqışlayır


İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında mina axtarışlarıaparılır
İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında mina axtarışlarıaparılır

AŞPA-nın Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri üzrə məruzəçisi Pol Qavan (İrlandiya) 15 erməni əsirin buraxılmasını və Azərbaycana 100 minə yaxın minanın xəritəsinin təqdim olunmasını alqışlayıb.

“Ötən il altı həftəlik müharibəyə səbəb olmuş bu münaqişənin humanitar fəsadlarını azaltmaqdan ötrü addımlar atmaq həddən artıq vacibdir”, – Qavan deyib.

“Əsirlikdə xeyli sayda erməninin olduğu, Ağdamdan başqa digər regionların da mina xəritələrinin olmasının mümkünlüyünü nəzərə alaraq tərəflərin, müxtəlif beynəlxalq oyunçuların yardımı və dəstəyilə, müharibənin iki ən vacib humanitar fəsadını müəyyən qədər yoluna qoymağa çalışmasını alqışlayırıq”, – məruzəçi vurğulayıb.

Qavan 2021-ci ilin mayında Ermənistanda olub. Bu yay onun Azərbaycana səfər edəcəyi gözlənir. Məruzəçi “Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar fəsadları” adlı hesabatını tamamlamaq üzrədir.

***

ABŞ bütün saxlanılanların buraxılmasına çağırır

Birləşmiş Ştatlar saxlanılan 15 erməninin Azərbaycanın Ermənistana təhvil verməsini, eləcə də Ermənistanın ərazilərin minalardan təmizlənməsi kimi humanitar fəaliyyətə təkan verən məlumatları Azərbaycana təqdim etmək qərarını alqışlayır.

Bu haqda ABŞ-ın Azərbaycandakı səfirliyinin iyunun 12-də yaydığı bəyanatda deyilir.
Vaşinqton eyni zamanda saxlanılan şəxslərin qaytarılmasına, Ermənistanı və Azərbaycanı ATƏT-in Minsk Qrupu çərçivəsində substantiv danışıqları bərpa etməyə, münaqişənin siyasi həllini müzakirə etməyə çağırır.

Bəyanatda ABŞ-ın bölgə dövlətlərinin davamlı əməkdalığına, gündəmdə olan məsələlərin çözülməsinə yardım etməyə hazır olduğu ifadə edilir.

Gürcüstan xarici işlər naziri David Zalkaliani isə əldə edilən nəticəyə, bu ölkənin strateji tərəfdaşları olan Azərbaycanla Ermənistanın bölgədə sabitliyin və uzunmüddətli sülhün bərpası üçün qarşılıqlı addım atmalarına görə şad olduğunu bildirib.

***

Avropa Komissiyasından reaksiya

Şarl Mişel, arxiv foto
Şarl Mişel, arxiv foto

Avropa Komissiyasının sədi Şarl Mişel özünün tvitter səhifəsində Azərbaycan və Ermənistanın paralel humanitar addımını alqışladığını yazıb.

XİN: 97 min minanın basdırıldığı ərazinin xəritələri Azərbaycana, 15 erməni hərbçi də Ermənistana verilib

İyunun 12-də Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycana təqdim edib.

Bunun müqabilində saxlanılan 15 nəfər Ermənistan vətəndaşı isə Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Məlumatı Xarici İşlər Nazirliyi yayıb.

XİN humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan Hökumətinin dəstəyinin təqdir edildiyini bildirir. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl MişelinATƏT-in İsveç sədrliyi-nin vasitəçilik rolu da xüsusilə qeyd edilir.

Bir qədər öncə prezident İlham Əliyev xarici səfirlərin ertimadnaməsini qəbul edəndə “beynəlxalq təşkilatların fəal təmasları sayəsində ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq” söyləmişdi.

"Ümid edirəm ki, tezliklə yaxşı xəbərlər olacaq. Lakin bu nəticələri əldə etmədən öncə heç nə söyləmək istəmirəm. Ermənistan bizə bütün minaların, basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir.

Əgər onlar bunu etməsələr, bu, bir daha bu ölkənin terrorçu xislətini nümayiş etdirəcək" - deyə prezident bildirmişdi.

2020-ci il noyabrın 9-u gecə saatlarında Qarabağda atəşkəsin əldə olunması ilə bağllı Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında sənəd imzalanıb.

Bu sənədin imzalanmasında təxminən 20 gün sonra Azərbaycan ordusu xüsusi əməliyyat keçirərək Ermənistanın Şirak rayondundan gəldiyi bildirlən 60-dan çox Ermənistan hərbçisini saxlayıb.

Həmin vaxt yayılan rəsmi məlumatlara görə, saxlanan qrup hərbçilər Azərbaycan ordusunun bir əsgərini və mülki şəxsi öldürməkdə ittiham olunublar.

Ermənistan saxlanan hərbçiləri əsir hesab edərək qaytarılmasını tələb etsə də Azərbaycan onları əsir yox, terrorçu hesab etdiyini açıqlayıb.

Həmin şəxslərlə bağlı iki qrup üzrə Bakıda aparılan istintaq hərəkətləri başa çatıb və yaxın günlərdə məhkəmə prosesinin başlanacağı gözlənilir.

Atəşkəslə bağlı razılaşmadan sonra Azərbaycan mülki və müharibə əsiri olmaqla 50-yə yaxın adamı Ermənistana, qarşı tərəf isə əsir götürdüyü 12 hərbçini Azərbaycana verib.

XS
SM
MD
LG