Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 08:05

'Artıq sülh müqaviləsi bağlana bilər' – Bakıdan şərhlər


N.Paşinyan
N.Paşinyan

İlkin rəsmi nəticələrə görə, Nikol Paşinyan iyunun 20-də Ermənistanda keçirilən seçkilərin qalibidir. Bundan sonra nə baş verəcək? Müharibədə uduzan ölkəyə rəhbərlik ondan qətiyyətli addımlar atmağı tələb edir. Nikol Paşinyanın qələbəsindən sonra Azərbaycan-Ermənistan münasibətləri necə inkişaf edəcək?

Bundan başqa, bazar günü keçirilən seçki daha çox Qərblə Rusiyanın bölgədə nüfuz savaşı kimi dəyərləndirilirdi. Azərbaycana qonşu ölkədə bundan sonra hansı proseslər baş verəcək?

"Ermənistan xalqı əməkdaşlığın lehinə səs verib"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov "Turan"a bildirib ki, indidən müəyyən nikbin proqnozlar vermək mümkündür: "Əvvəla, Paşinyan bu seçkilərə daha çox regionda sülhün təminatı, Robert Koçaryan isə revanşist şüarlar ilə gəlirdi. Deməli, erməni xalqı Paşinyana səs verməklə müharibəyə "yox" deyib, əməkdaşlıq lehinə münasibət bildirib".

E.Nəsirov
E.Nəsirov

Deputatın fikrincə, bu o deməkdir ki, Zəngəzur dəhlizi işə salınacaq: "Çünki bu, Ermənistanın özünə çox vacibdir".

Eyni zamanda, komitə üzvü hesab edir ki, N.Paşinyan işğaldan azad olunmuş digər ərazilərin də mina xəritələrini Azərbaycana verəcək: "Onsuz əməkdaşlıq mümkün deyil. Eyni zamanda, həm Azərbaycan, həm Türkiyə prezidentlərinin irəli sürdükləri altıtərəfli əməkdaşlıq platforması real məzmun ala bilər. Yəni, Ermənistanın bu platformada iştirak etməsi artıq real görünür".

E.Nəsirov qeyd edir ki, bunun nəticəsində Ermənistana tətbiq edilən blokada aradan qalxa bilər: "Ən əsası odur ki, Ermənistan xalqı birmənalı şəkildə əməkdaşlığın lehinə səs verib".

Deputatın qənaətincə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması artıq mümkün görünür: "Sülh müqaviləsinin olmaması əməkdaşlığın həyata keçirilməsinə ciddi mane olur. Azərbaycan prezidenti cənab İlham Əliyevin Ermənistana sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflərinə reaksiyanın olmaması daha çox seçkilərlə bağlı idi. Seçkilərdə qalib gələn Paşinyanın belə bir müqavilənin imzalanmasında maraqlı olacağı istisna deyil".

E.Şahinoğlu
E.Şahinoğlu

"Ermənistan cəmiyyəti Qarabağ yükündən qurtulmaq istəyir"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirir ki, N.Paşinyanın qələbə qazanması müəyyən mənada Azərbaycanın faydasına oldu: "Koçaryan gəlsəydi, təxribatlara başlayacaqdı və biz də onunla obyektiv səbəblərə görə münasibətləri qura bilməyəcəkdik. Düzdür, Paşinyanın da böyük yanlışları oldu, onlardan biri də müharibənin ağır nəticələridir. Amma həmin nəticələr və seçki nəticələri də onu göstərir ki, Ermənistan cəmiyyəti Qarabağ yükündən qurtulmaq istəyir və Azərbaycanla müharibə istəmir".

Siyasi şərhçi N.Paşinyanın Qərbdən də dəstək alacağına əmindir: "Seçki nəticələri faktiki tanındı. Paşinyan isə seçkidən qabaq özü demişdi ki, minalanmış ərazilərin bütün xəritələrini Azərbaycana təhvil verəcək, bunun qarşılığında isə biz ermənilərin əsir dedikləri terrorçuların bir qismini qaytaracağıq. Bu istiqamətdə irəliləyiş əldə etmək olar".

E.Şahinoğlu hesab edir ki, Ermənistan təxribatlara yol verməsə, sərhədlərin müəyyənləşdirilməsi istiqamətində də dialoq mümkündür və, üstəlik, Türkiyə ilə sərhədlərin açılması bu il reallaşa bilər. Onun qənaətincə, Paşinyanın təyin edəcəyi nazirlərdən də çox şey asılıdır, o, elə xarici işlər, müdafiə nazirləri təyin etməlidir ki, təxribatlara baş vurmasınlar.

Erməni əsirlər ölkələrinə belə qayıtdılar, yeni mina xəritələrindən xəbər var
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

"Əliyevin Paşinyanla görüşü də mümkündür"

Siyasi şərhçinin fikrincə, seçkilərdə N.Paşinyanın qalib gəlməsində Azərbaycanın da müəyyən rolu olub: "Şuşa Bəyannaməsi, üstəgəl, 15 nəfərin Ermənistana qaytarılması Ermənistan cəmiyyətinə göstərdi ki, Paşinyan hakimiyyətdə qalsa, bu məsələ müsbət həll oluna bilər".

Bakıda belə fikirlər var ki, iyunun 20-də Paşinyanın qələbəsindən sonra bu ilin sonuna qədər Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi, Ermənistan-Türkiyə sərhədlərinin açılması sürətlənə bilər və regional formatda əməkdaşlıq istiqamətində müəyyən addımlar atılması mümkündür.

"Müəyyən müsbət atmosfer yaradılsa, bu il ərzində İlham Əliyevin Paşinyanla görüşü də mümkündür. Ən əsası isə, Rusiyanın bölgədə rolunun azalması istiqamətində ciddi addımlar atıla bilər. Rusiyanın vasitəçiliyindənsə Azərbaycan və Ermənistan Gürcüstanı seçə bilər", - E.Şahinoğlu bildirir.

İyunun 20-də Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş sazişi" partiyası 53.92 faiz səs yığaraq qalib gəlib. Onun əsas rəqibi Ermənistanın sabiq ikinci prezidenti R.Koçaryanın başçılıq etdiyi "Ermənistan" bloku isə 21.04 faiz səs toplayıb. Ümumilikdə isə, Ermənistan tarixindəki ikinci növbədənkənar parlament seçkilərində 21 partiya və dörd blok iştirak edib.

XS
SM
MD
LG