Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 11:16

Ermənistandan dəhliz ‘müzakirə olunmur’


Aleksey Overçuk
Aleksey Overçuk

Sentyabrın 20-də başlanmış biznes-forumda iki ölkənin baş nazir müavinləri, nazirlər, iri biznes təmsilçiləri iştirak edirlər

Ermənistan, Rusiya və Azərbaycan arasındakı üçtərəfli komissiya dəhliz məsələsini müzakirə etmir. Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Yerevanda Rusiya-Ermənistan biznes-dialoqu çərçivəsində deyib.

“Dəhliz məsələsi müzakirə olunmur. Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması müzakirə edilir”, – Overçuk vurğulayıb.

Sentyabrın 20-də başlanmış biznes-forumda iki ölkənin baş nazir müavinləri, nazirlər, iri biznes təmsilçiləri iştirak edirlər.

“Dəhliz” termini

Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında Ermənistan ərazisindən, yəni Sünik vilayətindən Zəngəzur dəhlizinin açılacağını vurğulayıb. Yerevan isə israrla 2020-ci ilin 9 noyabr və 2021-ci ilin 11 yanvar razılaşmalarında hər hansı dəhlizdən söhbət getmədiyini bildirir.

Bəzi ermənistanlı təhlilçilər də AzadlıqRadiosu-na məhz “dəhliz” termininin qarşı tərəf üçün qəbuledilməz olduğunu vurğulayırlar, çünki bu termin suverenitet anlayışını məhdudlaşdırır.

9 noyabr atəşkəs razılaşması ilə ötənilki 44 günlük hərbi əməliyyatlar dayandırılıb. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Amma Laçın dəhlizi və erməni icması ilə təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Bu il 11 yanvar sazişi daha çox regionda kommunikasiyaların açılmasını nəzərdə tutur. 9 noyabr bəyanatına görə, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Ərdoğan da dəhlizdən danışıb

Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan da Ermənistanın Baş naziri Nikol Paşinyanın onunla görüşmək təklifinə münasibət bildirərkən dəhliz məsələsindən danışıb.

Ərdoğan deyib ki, Paşinyan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vasitəsilə ona görüşmək istədiyini çatdırıb.

“Ermənistanın Baş naziri mənimlə görüşmək istəyirsə, müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə diplomatik əlaqələr qurar”, – Ərdoğan BMT-nin sammiti öncəsi mətbuat konfransında deyib.

Ərdoğan deyib ki, Zəngəzur dəhlizinin açılması siyasi məsələdir və Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına pozitiv siqnallar verə bilər.

"Tərəflər nəqliyyat xətlərini açmağa köklənib"

Overçuk sentyabrın 20-də Yerevanda deyib ki, Cənubi Qafqazda regional nəqliyyat kommunikasiyasının açılması Ermənistanla Rusiya arasında ticarət dövriyyəsini artıracaq.

“Üçtərəfli (Ermənistan, Azərbaycan, Rusiya) işçi qrupun işi normal rejimdə gedir. Tərəflər nəqliyyat xətlərini açmağa köklənib. Bu, ölkələrimiz arasında, eləcə də regionda ticarət dövriyyəsini artırmaq imkanları yaradacaq”, – o bildirib.

XS
SM
MD
LG