Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:35

Haaqada Azərbaycanın sorğusu üzrə dinləmələr keçirilib


Ətraf mühit fəalları olduqlarını ideyən etirazçılar Laçın dəhlizində
Ətraf mühit fəalları olduqlarını ideyən etirazçılar Laçın dəhlizində

Yanvarın 31-də Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işi üzrə (Azərbaycan Ermənistana qarşı) əlavə müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə açıq dinləmələr keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin saytında məlumat yayılıb.

XİN qeyd edir ki, dinləmələr, “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki ərazilərində minaların və partlayıcı tələlərin qəsdən yerləşdirilməsinin davam etməsi nəticəsində artan itkilərin qarşısını almaq üçün təcili tədbirlər görmək məqsədilə” Azərbaycanın müraciəti əsasında təşkil edilib.

Müraciət bu il yanvarın 4-də edilib.

Azərbaycan bildirir ki, 2020-ci ildə münaqişə başa çatdıqdan sonra Azərbaycanın 282 vətəndaşı minaya düşüb. Onlardan 40 civarında şəxs həlak olub.

Azərbaycan iddia edir ki, hətta 2020-ci ilin noyabrından sonra belə onun ərazisində minalar yerləşdirməsi davam etdirilib.

“…Bu məcburi köçkün ailələrinin və icmaların öz evlərinə geri qayıtmasının qarşısını alıb”, Azərbaycan XİN vurğulayır.

Məlumata görə, Azərbaycan “növbəti səylərin dərhal dayandırması və bundan imtina etməsi ilə bağlı Ermənistana göstərişin verilməsini məhkəmədən xahiş edib.”

Minalanmış ərazilərin xəritəsi…

Üçtərəfli bəyanatın imzalanmasından bir müddət sonra da, Azərbaycan rəsmiləri Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini onlara verməməkdə günahlandırırdı.

Lakin sonra Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi azad olunan bir sıra rayonlara aid mina xəritələrinin alındığı açıqlanmışdı.

Sonradan da Azərbaycan prezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etmişdi.

Ancaq buna cavab olaraq Ermənistan baş naziri Nikol Paşinyan ötən ilin mayın 11-də demişdi ki, “biz əlimizdə olan xəritələri Azərbaycana verdik”:

“Daim bu prosesi müxtəlif mövzularda alver predmetinə çevirməyə cəhdlər olunur... Məncə, məsələnin humanitar tərəfini görməzliyə vurmaqla sülhdən danışmaq olmaz.”

Paşinyan əlavə edib ki, onlar “ yaxşısını siyirtmədə saxlayıb, pis keyfiyyətdə olanı verməyiblər”.

Məhkəmə Ermənistanın Azərbaycandan şikayətinə baxır

Ermənistan yanvarın 30-da Dünya Məhkəməsinin hakimlərinə deyib ki, qonşu Azərbaycanın Qarabağda yaratdığı blokada “etnik təmizləməyə” hesablanıb.

Reuters xatırladır ki, Azərbaycan bu ittihamı rədd edir.

Xəbərdə deyilir ki, Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi dekabrın 12-dən bəri ətraf mühit fəalları olduqlarını iddia edən etirazçılar tərəfindən bağlanıb.

Azərbaycan yolun bağlı olmadığını, fəalların etirazının isə legitim olduğunu bildirir.

Həm də Dünya Məhkəməsi kimi tanınan Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Laçın dəhlizinin bağlanması ilə bağlı Azərbaycana qarşı şikayətinə baxır.

Məhkəmədə Ermənistanın nümayəndəsi Yegişe Kirakosyan deyib ki, yolun bağlanmasına görə Qarabağda ərzaq talonlarla verilir və dava-dərmanın qıtlığı yaranıb.

Onun sözlərinə görə Azərbaycan etnik ermənilərin Qarabağdan getməkdə sərbəst olduqlarını bildirib:

"Belə açıq etnik təmizləmə aktlarının müasir erada yeri yoxdur və bu məhkəmə Dağlıq Qarabağ ermənilərinin sonuncu ümid yeridir”.

Ermənistanın bu məhkəmədəki vəkili Konstantinos Salonidis deyib ki, Laçın yolunun yalnız tam açılması və nəqliyyatın hərəkətinin bərpası “bu qəddar və lüzumsuz blokadanın qurbanlarını xilas edə bilər”.

Azərbaycanın cavab şikayəti

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov məhkəməyə blokada barədə iddiaların “sadəcə olaraq saxta” olduğunu deyib.

O bildirib ki, etiraz aksiyasına baxmayaraq dəhlizlə nəqliyyatın sərbəst hərəkəti davam edir.

Məmmədov habelə deyib ki, Ermənistanın etnik təmizləmə barədə iddiaları “reallığın bilərəkdən təhrif olunmasıdır” və “münaqişə ocağının körüklənməsinə” yönəlib.

Beynəlxalq Ədalət Məhkəməsi bu işə Ermənistanın Azərbaycana qarşı 2020-ci ildən verilmiş daha geniş şikayətinin çərçivəsində baxır.

Ermənistan Azərbaycanı İrqi Diskriminasiyaya Qarşı Konvensiyanı pozmaqda ittiham edir.

Lakin Bakının verdiyi əks-şikayətdə Konvensiyanın Azərbaycan yox, Ermənistan tərəfindən pozulduğu bildirilir.

Məhkəmə yanvarın 31-də Azərbaycanın Ermənistana qarşı şikayəti üzrə işin dinləməsinə başlayacaq.

Bu şikayətdə Azərbaycan Ermənistanı onun bir vaxtlar işğalda olmuş ərazilərində minalar basdırmaqda ittiham edir.

Xatırlatma

Ötən ilin dekabrın 12-dən Şuşa şəhəri yaxınlığında Laçın-Xankəndi yoluna toplaşıb özlərini eko-fəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər.

Etirazçıların sözlərinə görə onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər.

Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Paşinyan 'Laçın dəhlizinə beynəlxalq missiya gəlsin' deyir
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG