Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:57

Ermənistan prezidenti status məsələsində yumşaq mövqe tutmağa çağırır


Vaaqn Xaçatryan
Vaaqn Xaçatryan

“Əgər siz Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz deyirsinizsə, özünüzü manevr hüququndan məhrum edirsiniz”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçatryan prezidentinliyinin 100 günü münasibətilə ölkə ictimai televiziyasına müsahibəsində deyib.

Azatutyun yazır ki, baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət nümayindələri hökumətin məhz belə bir bəyanat verməsini tələb edirlər.

Onlar hesab edirlər ki, Ermənistan baş naziri Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasına qarşı deyil.

Nikol Paşinyan bundan əvvəl bildirmişdi ki, Ermənistan üçün Dağlıq Qarabağ ermənilərinin təhlükəsizlik və hüquqlarını təmin edən istənilən status məqbul sayıla bilər.

Azatutyun yazır ki, hökumət Qarabağ münaqişəsinin hələ də tənzimlənmədiyini bəyan edir, lakin Qarabağ üçün statusun necə ola biləcəyini də açıqlamır.

Ermənistan prezidenti Vaaqn Xaçatryan iyunun 23-də Ermənistan ictimai televiziyasına müsahibəsində deyib:

“Əgər siz bunu bəyan edirsinizsə, sadəcə olaraq manevr hüququndan məhrum olursunuz. Biz siyasəti və diplomatiyanı populizm və ictimai bəyanatlardan fərqləndirə bilməliyik. Biz bunu etmirik və bunları qarışdırmırıq. Adamları, xüsusilə də danışıqlar prosesində iştirak edən və ölkəmiz üçün məsuliyyət daşıyan şəxsləri belə imkandan məhrum etmək lazım deyil. Baş nazir bunu açıq demək üçün özündə cəsarət tapıb. Bunun nəyi pisdir? Hər şeyi açıq demək olmur. Bizim müxalifətimiz də bunu çox yaxşı bilir. Çünki müxalifətdə elə adamlar var ki, belə situasiyaya düşüblər. Bu mənada onların davranışları məndə suallar yaradır”.

“Planka” məsələsi

Ermənistan parlamentindəki iki müxalifət fraksiyası – Hayastan və “Şərəfim var” fraksiyasından olan deputatlar prezident seçkisi ilə bağlı müzakirə və səsverməni boykot etmişdilər.

Keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasından deputat Lilit Qalstyan deyib ki, Vaaqn Xaçatryan bu müsahibəsi ilə bir daha heç də bütün ermənilərin yox, hakim “Vətəndaş müqaviləsi” partiyasının prezidenti olduğunu isbat edib:

“Artsax (Qarabağ-red) konteksti yenə də bütünlüklə indiki hakimiyyətin və ya “Vətəndaş müqaviləsi” partiyasının Artsax (Qarabağ-red) siyasətinə uyğunlaşdırılır. Onlar plankanı endiriblər, çünki Artsaxın (Qarabağ-red) öz müqəddaratını təyinetmə hüququnu beynəlxalq səviyyədə müdafiə etməyə sisyasi baxımdan qabil deyillər. Fakt faktlığında qalır. Artsaxın (Qarabağ-red) öz müqəddaratını müəyyən etmək hüququ – beynəlxalq hüquqdur, BMT Nizamnaməsinin və Helsinki Yekun Aktının beynəlxalq aləmdə tanınmış 10 mühüm prinsipindən biridir, amma danışıqlar prosesinin çərçivəsindən kənarda qalıb”.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Ötən il də trərflər bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha iki bəyanat imzalayıblar.

Ötən ilin sonundan isə Azərbaycan və Ermənistan arasında sülh danışıqları əsasən Avropa İttifaqının vasitəçiliyi ilə aparılır.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG