Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:39

Azərbaycanda exit-poll keçirən qurumlar nə qədər müstəqildirlər?


Azərbaycanın Seçki Məcəlləsinə görə xarici təşkilatlar yerli təşkilatla birgə exit-poll keçirə bilər.

Aprelin 11-də baş tutacaq növbədənkənar prezident seçkiləri zamanı exit-poll keçirəcək dörd təşkilat Mərkəzi Seçki Komissiyasında qeydə alınıb.

Onların əksəriyyəti yerli təşkilatlar olsa da, ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə Fransanın “Opinion Way” təşkilatı da prosesə qoşulub.

Məsələn, onlardan biri olan ABŞ-ın "Artur Finkelşteyn & Associates" təşkilatını yaxından tanıyaq.

Bu təşkilata Anne Barnhart adlı xanım rəhbərlik edir. Onun təşkilatı 2013-cü il prezident seçkiləri və 2015-ci ildə parlament seçkiləri ilə bağlı da Azərbaycanda sorğu keçirib.

"ONLARIN EXİT POLL KEÇİRMƏSİ QƏRİBƏDİR..."

Ötən ay - fevralın 21-də Macarıstanın "atlatszo" saytı Anne Barnhartın da adı keçən araşdırma dərc edib.

Araşdırma Amerikada fəaliyyət göstərən və Macarıstanın Xarici İşlər Nazirliyinin maliyyələşdirdiyi Maygar Fondu haqqındadır.

Anne Barnhart bu fondun direktorudur. Araşdırmanın müəllifi Anita Komuves deyir ki, hər il dövlət büdcəsindən bu fonda 2.2 milyon dollar ayrılır. Amma mədəniyyətin təbliği üçün yaradılan bu pulun hara və necə xərcləndiyi açıqlanmır.

Anita Komuves öz araşdırmasında "Azərbaycanla bağlar" alt başlığı ilə Anne Barnhartın Azərbaycanda keçirilən exit poll və rəy sorğularından da bəhs edir. O bildirir ki, əslində kampaniya məsləhətçilərinin exit-poll keçirdiyini ilk eşidəndə təəccüblənib:

"Bu təşkilatın gördüyü işlərlə bağlı məlumatları tapmaq çox çətindir. Bu olduqca sirli təşkilatdır. Nə təşkilatın yaradıcıları, nə də Macarıstanın Xarici İşlər Nazirliyi bu təşkilat haqda məlumatları açıqlamır. Bizim göndərdiyimiz informasiya soğruları cavabsız qalıb. Biz onların gördükləri işləri araşdırdıq və Azərbaycanda exit poll və rəy sorğusu keçirdiklərini eşitdikdə çox təəccübləndik. Əslində onların exit-poll keçirmələri çox qəribədir. Çünki onlar kampaniya məsləhətçisidir".

Anita deyir ki, Anne Barnharna Azərbaycandakı fəaliyyəti ilə bağlı sualları cavabsız qalıb. Bizim də bu təşkilatın təmsilçiləri ilə əlaqə cəhdlərimiz alınmadı. Fransanın “Opinion Way” təşkilatı isə 2000-ci ildə yaradılıb. Rəy sorğularından başqa televiziya və radioların monitorinqi, konsultasiya sorğuları da keçirir.

"KASPİ” QƏZETİNDƏN 35 MİN MANAT

Exit-poll keçirəcək yerli təşkilat olan Els Müstəqil Araşdırmalar mərkəzinin rəhbəri İradə Yaqubova deyir ki, builki seçkilərdə 118 seçki dairəsində, 400 seçki məntəqəsində exit-poll keçirəcəklər. O maliyyə mənbəyi, exit-poll keçirən təşkilatların nə qədər müstəqil olması barədə sualı belə cavablayır:

"2008-ci ildən başlayaraq altı seçkidə və iki referendumda rəy sorğusu aparmışıq. Bizim exit-poll-u “Kaspi” qəzeti maliyyələşdirir. “Kaspi” qəzeti buna qoşulmaq istəyirsə və bizə dəstək verirsə, burda nə var ki? Biz niyə onu hakimiyyətə yaxın hesab etməliyik?"

İradə Yaqubova bildirib ki, “Kaspi”nin ayırdığı maliyyə 35 min manatdır.

Azadlıq Radiosunun Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Jurnalistika layihəsinin araşdırmasına görə, “Kaspi” qəzetinə Milli Teleradio Şurasının sədr müavini Sona Vəliyeva rəhbərlik edir. Sona Vəliyeva prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun həyat yoldaşıdır.

Digər “RƏY” Monitorinq Mərkəzinin rəhbəri Rizvan Abbasovsa onların keçirəcəkləri exit poll-u kimin maliyyələşdirdiyini açıqlamayıb. Bildirib ki, bu haqda nəticələr açıqlandıqda məlumat veriləcək.

"BU TƏŞKİLATLARA ETİMAD YOXDUR..."

“Hüquq və İnkişaf” ictimai birliyinin sədri Hafiz Həsənov bildirir ki, Azərbaycandakı exit poll və rəy soğrusu keçirən təşkilatların müstəqilliyi, onların açıqladığı nəticələrə elə də etimad yoxdur:

"Əvvəlki exit-pollar-ın da nəticələrinə inam o qədər böyük olmayıb. Onlar müsbət imic qazanmış exit poll təşkilatları kimi tanınmayıb. Güman etmirəm ki, bu təşkilatların exit poll sahəsində geniş bir təcrübəsi var. Əslində exit-poll təşkilatları seçkilər sahəsində nüfuzu, böyük təcrübəsi və müsətiqilliyi ilə tanınmalıdır. Onlar Azərbaycanda və xaricdə keçirilən exit-pollarda öz şəffaflığı və etimadı ilə tanınan təşkilatlar olmalıdır".

Exit-poll zamanı məntəqədə səs vermədən çıxan hər 5 nəfərdən birinin kimə səs verdiyi öyrənilir. Azərbaycanda ilk exit-poll 2004-cü ildəAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən (AVCİYA) bələdiyyə seçkilərində keçirib. Bundan sonra exit-pollar bütün seçkilərdə baş tutub. Amma onların nəticələri rəsmi rəqəmlərə çox yaxın olub. Həm müxalif, həm də müstəqil müşahidəçilər onların keçirdikləri nəticələrə şühbə ilə yanaşıblar. Exit polların müstəqil və obyektiv keçirilmədiyini bildiriblər.

XS
SM
MD
LG