Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:16

Eyni vaksinə Türkiyədən və Braziliyadan fərqli qiymət


Türkiyə son mərhələ sınaqlarının aralıq qiymətləndirməsində bildirib ki, Çinin Sinovac Biotech firmasının istehsal etdiyi vaksin 91.25 faiz effektivlik nəticəsi göstərib.

Bu vaksinin Braziliyada keçirilən sınaqları bundan az qala iki dəfə az effektivlik nümayiş etdirib.

Vaksinin III faza sınaqlarını keçirən Braziliya tədqiqatçıları deyiblər ki, onun effektivliyi 50 faiz civarındadır.

Lakin onlar istehsalçı şirkətin tələbilə tam nəticələri açıqlamayıblar.

Reuters yazır ki, bu, şəffaflıq barədə müəyyən narahatlıq yaradır.

Türkiyə ekspertləri dekabrın 24-də deyiblər ki, sınaqlar zamanı əhəmiyyətli yan fəsadlar müşahidə olunmayıb.

Üzə çıxan yan təsirlər qızdırma, yüngül ağrı və azca yorğunluq olub.

Türkiyə sınaqları sentyabrın 14-dən başlanmışdı və sınaqlarda 7 min könüllü iştirak edirdi.

Ekspertlər deyirlər ki, açıqlanmış məlumat 1322 nəfərdən alınan nəticələri əks etdirir.

Sinovac kliniki sınaq nəticələrini ilk açıqlayan Çin vaksin istehsalçısıdır.

Bundan bir ay əvvəl ona rəqib Pfizer, Moderna və AstraZeneca da müsbət nəticələrini açıqlamışdılar.

Riskli olmasına baxmayaraq

Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib ki, sınaq zamanı yoluxan 29 nəfərdən 26-na plasebolar verilib.

O əlavə edib ki, sınaqlar yoluxanların sayı 40-a çatanadək davam etdiriləcək:

“Biz indi əminik ki, bu vaksin Türkiyə əhalisi üçün effektli və təhlükəsizdir”.

Nazir bildirib ki, Ankara son məlumatları vaksinə lisenziya verilməsi üçün təqdim edəcək:

“Sınaqların riskli olmasına baxmayaraq biz gördük ki, üç nəfərin yoluxması ilə ümumi vəziyyət qənaətbəxşdir. Bu üç nəfərdə nə qızdıqma, nə də tənəffüs problemləri olub…İndi biz deyə bilərik ki, riskli olmasına baxmayaraq, bu üç nəfər xəstəliyi çox yüngül keçirib”.

Reuters yazır ki, Türkiyə Sinovac vaksininin 50 milyon dozasını sifariş edib. Vaksin dekabrın 11-də gəlməli olsa da hələki gecikir.

Koca bildirib ki, üç milyon doza gələn həftə çatdırılacaq və Türkiyədə birinci qrup olaraq 9 milyon nəfər peyvənd ediləcək.

Bu kampaniyaya tibb işçilərindən başlanacaq.

Sinovac özünün CoronaVac adlı vaksini üçün İndoneziya, Braziliya, Çili və Sinqapurla müqavilələr imzalayıb, Filippin və Malayziya ilə danışıqlar davam edir.

Fərqli texnologiyalar

CoronaVac vaksini Çində ötən iyuldan başlayaraq təcili proqram çərçivəsində minlərlə insana vurulub.

CoronaVac ənənəvi vaksin texnologiyası əsasında yaradılıb. Bu texnologiyada insan orqanizmində artaraq immun reaksiya yaratmağa qabil olmayan qeyri-aktiv koronavirusdan istifadə olunur.

Pfizer/BioNTech və Moderna şirkətləri isə yeni sintetik RNT (mRNT) messenceri adlanan texnologiyadan istifadə edir. RNT daşıyıcısı və ya messenceri insanın immun sisteminin reaksiyasını yaradır, lakin bu vaksin son dərəcə aşağı temperaturda anbarlanmalıdır.

COVID-19-a qarşı vaksinini tam sınaqdan çıxarmış Pfizer şirkətinin peyvəndləri artıq ABŞ və Britaniyada vurulmağa başlanıb.

Fahrettin Koca deyib ki, Türkiyə 4.5 milyon dozanın alınması üçün habelə Pfizer/BioNTech şirkəti ilə müqavilə imzalayacaq. Bu vaksinin Türkiyəyə mart ayında çatdırılacağı gözlənilir. Türkiyə daha sonra 30 milyon doza vaksin alacaq.

Türkiyədə koronavirusdan ölüm sayı 254-dən 19 min 115-ə yüksəlib. Bu arada koronavirusa yoluxma sutka ərzində 18 min 102 nəfər artıb.

XS
SM
MD
LG