Dünya xəbərləri
Yeni Kaledoniyada etirazlar yenidən başlayıb

Yeni Kaledoniyanın müstəqillik tərəfdarları liderlərinin Fransaya ekstradisiyasından sonra etiraz aksiyalarını bərpa ediblər.
Regional hakimiyyət iğtişaşlar barədə xəbər verir. Bu gün, iyunun 24-də onlar bildiriblər ki, nümayişçilər yenidən yolları bağlayır və polis maşınlarını yandırırlar. Bundan əlavə, etirazçılar şimal kommunalarından birində bələdiyyə binasını yandırıblar, cənub kommunalarından birində isə əraziləri dağıdıblar.
Şənbə günü, iyunun 22-də Yerli Fəaliyyət Koordinasiya Təşkilatının (CCAT) rəhbəri Kristian Teyn Yeni Kaledoniyadan sürgün edilib. K.Teyn ötən həftə zorakı etirazları təşkil etmək ittihamı ilə həbs olunub. Onunla yanaşı, daha altı tərəfdarı Yeni Kaledoniyadan ekstradisiya edilib. Onların hamısı Fransa həbsxanalarında olacaq. Onların ailələri və tərəfdarları belə bir qərar gözləmədiklərini bildiriblər.
20 iyun
Yeni Kaledoniyanın müstəqillik lideri saxlanıb
Fransa polisi Yeni Kaledoniya müstəqillik hərəkatının lideri Kristian Teyni saxlayıb.
Bu barədə məlumat yayan AFP-nin bildirməsinə görə, ondan başqa daha 7 nəfər tutulub.
Onların hamısı mayın ortalarından Fransanın yurisdiksiyasında olan bu Sakit okean adalarında iğtişaşlar təşkil etməkdə şübhəli bilinirlər.
Bundan əvvəl rəsmi Paris iğtişaşların kənar ölkələrin, xüsusən də Azərbaycanın müdaxiləsi ilə təhrik edildiyini vurğulamışdı.
16 may
Fransanın daxili işlər naziri Jerald Darmanen Azərbaycanı Yeni Kaledoniyanın daxili işlərinə qarışmaqda və Sakit okean adasındakı iğtişaşlarla əlaqəli olmaqda ittiham edib.
Jurnalistin Azərbaycanın, Rusiyanın və ya Çinin Yeni Kaledoniyada baş verən iğtişaşlarla əlaqəsinin olub-olmaması ilə bağlı sualını cavablandıran nazir belə deyib: "Azərbaycana münasibətdə bu, fantaziya deyil, reallıqdır". O, Kaledoniyanın müstəqilliyinin tərəfdarlarından bəzilərinin Azərbaycanla sövdələşməsindən təəssüfləndiyini bildirib.
Rəsmi Bakı müdaxilə ittihamlarına cavab verib, onları "əsassız" adlandırıb və "təhqiredici" bəyanatlar kimi qiymətləndirib. "Fransanın daxili işlər naziri Jerald Darmanenin... "France-2" telekanalına müsahibəsində ölkəmizə qarşı, eləcə də Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının liderləri arasında iddia olunan münasibətlərə dair səsləndirdiyi növbəti əsassız fikirləri tamamilə rədd edirik", - Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuata açıqlamasında bildirilir.
Bu il aprelin 18-də Azərbaycan və Yeni Kaledoniya arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Fransanın daxili işlər naziri Jerald Darmanen Bakını buna görə tənqid edib.
Fransa Yeni Kaledoniyaya ordu yeridir
Sakit okeanın cənubunda Fransanın xüsusi inzibati-ərazi qurumu olan Yeni Kaledoniyanı iğtişaşlar, müstəqillik tərəfdarları və əleyhdarları arasında toqquşmalar bürüyüb. Etirazların Yeni Kaledoniyada yaşayan fransızların səsvermə hüquqlarını genişləndirən qanuna görə başladığı açıqlanıb. İğtişaşlar zamanı ölənlər var, fövqəladə vəziyyət tətbiq edilib.
Baş nazir Qabriel Attal bildirib ki, Fransa hakimiyyəti fövqəladə vəziyyətin tətbiq olunduğu Yeni Kaledoniyada etirazlara görə ordunu cəlb etmək qərarına gəlib: "Silahlı qüvvələrin hərbçiləri Yeni Kaledoniya limanlarının və aeroportunun təhlükəsizliyini təmin etmək üçün yerləşdiriləcək".
Fransanın bu ərazi üzrə ali komissarı Lui Le Frank hərbi yardım istəyib, - Q.Attal daha sonra aydınlıq gətirib. Baş nazirin sözlərinə görə, Lui Le Frank Yeni Kaledoniyada TikTok-un dayandırılmasına da göstəriş verib və komendant saatı elan edib.
Etirazlara səbəb olan sənədin əleyhdarları hesab edirlər ki, bu, yerli əhalinin seçki imkanlarını zəiflədəcək və Parisin təsirini artıracaq. Aprelin əvvəlində qanun layihəsini Fransa Senatı, mayın 14-də isə Milli Assambleya (parlamentin aşağı palatası) təsdiqləyib. Yekun təsdiq iyunun əvvəlinə planlaşdırılır.
Etirazlar daha sonra da iğtişaşlara, qırğınlara və polislə toqquşmalara çevrilib. Səlahiyyətlilərin məlumatına görə, üç yerli sakin, həmçinin bir fransız polisi həlak olub.
2018-ci ildən 2021-ci ilə qədər Yeni Kaledoniyada Fransadan müstəqillik əldə etmək üçün üç referendum keçirilib, onlar müstəqillik tərəfdarlarının məğlubiyyəti ilə başa çatıb.
Bütün xəbərləri izləyin
Tacikistan və Özbəkistan vətəndaşlarına elektron viza ilə ümrə ziyarəti qadağan edilib

Səudiyyə Ərəbistanı Tacikistan və Özbəkistanı elektron turist vizası ala bilən ölkələr siyahısından çıxarıb.
e-Visa dövlət portalı vasitəsilə elektron vizalar turist səfərləri və ümrə (həcc) ziyarətləri üçün verilir.
Tacikistan və Özbəkistan vətəndaşlarının bu imkandan məhrum edilməsinin səbəbi aydın deyil. Qeyd olunur ki, bu kimi tədbirlər zəvvar səfərlərinə nəzarətin sərtləşdirilməsi ilə bağlı ola bilər. Aprelin 29-dan Məkkə və Mədinəyə yalnız xüsusi viza ilə daxil olmaq mümkün olacaq, turist vizalarının bu məqsədlə istifadəsi qadağan ediləcək.
Yeni qaydanı pozanlar üçün 2 min 700 dollar məbləğində cərimə, altı aya qədər həbs, deportasiya və 10 il müddətinə ölkəyə yenidən giriş qadağası nəzərdə tutulur.
Putindən yeni atəşkəs elanı

Rusiya prezidenti Vladimir Putin mayın 8-i saat 00:00-dan mayın 11-i saat 00:00-dək - üç gün ərzində Rusiya qoşunlarına Ukraynada döyüş əməliyyatlarını dayandırmaq göstərişi verib. Bu barədə Kremlin saytında məlumat dərc olunub.
Məlumatda deyilir ki, atəşkəs "humanitar mülahizələrə əsaslanaraq" Böyük Vətən müharibəsində qələbənin 80-ci ildönümü münasibətilə elan olunur.
Eyni zamanda, vurğulanır ki, atəşkəsin Ukrayna tərəfindən pozulacağı təqdirdə Rusiya Silahlı Qüvvələri "adekvat və effektiv" cavab verəcək.
Atəşkəs qüvvəyə minərsə, bu, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başlatdığı genişmiqyaslı işğal müharibəsində ən uzunmüddətli atəşkəs olacaq. Daha əvvəl Putin Pasxa bayramı münasibətilə atəşkəs elan etmişdi – bu, 19 və 20 aprel tarixlərində 30 saat davam etmişdi. Həmin vaxt hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham etsə də, Ukrayna prezidenti Volodimir Zelenski həmin günlər ərzində Ukraynada hava həyəcanı siqnallarının verilmədiyini bildirib.
Putinin 8-10 may tarixlərində elan etdiyi atəşkəsə, hələlik, Ukrayna rəsmi reaksiya verməyib.
Şimali Koreya əsgərlərinin Rusiya-Ukrayna savaşına qatıldığını təsdiqləyir

Şimali Koreya ilk dəfə olaraq öz əsgərlərini Ukrayna ilə müharibədə iştirak etmək üçün Rusiyaya göndərdiyini rəsmən təsdiqləyib. "Yonhap" agentliyi Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən yazıb ki, Pxenyanın əsgər göndərməsi Şimali Koreya lideri Kim Çen Inın əmri ilə və bu ölkənin Moskva ilə imzaladığı qarşılıqlı müdafiə müqaviləsinə uyğun olaraq həyata keçirilib.
Şimali Koreyanın Mərkəzi Hərbi Komissiyasına istinad edən KCNA agentliyi yazıb: "Ukrayna hakimiyyətinin Rusiya Federasiyasına qarşı avantürist hücumunu dəf etmək və Kursk bölgəsini azad etmək əməliyyatları uğurla başa çatıb".
Media Kim Çen Inın bu qərarı Rusiya ilə "dostluğu və həmrəyliyi daha da gücləndirmək üçün müqəddəs bir missiya" kimi təsvir etdiyini sitat gətirib.
Şimali Koreyanın dövlət mediası yazıb ki, Kim Çen In tezliklə Pxenyanda "onların qəhrəmanlıq və şücaətini anan" bir abidənin ucaldılacağını bildirib.
Rusiya Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı müharibədə iştirakını ilk dəfə aprelin 26-da təsdiqləyib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov prezident Vladimir Putinə Kurskdakı vəziyyətlə bağlı məruzə edib və qeyd edib ki, "Şimali Koreya əsgərləri regionun azad edilməsində mühüm yardım göstəriblər".
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da bildirib ki, "Rusiya KXDR-dən olan dostlarını heç vaxt unutmayacaq".
"Reuters" ABŞ Dövlət Departamentinin sözçüsünə istinadən xəbər verib ki, Dövlət Departamenti Şimali Koreyanın müharibədə birbaşa iştirakından narahatdır və Pxenyanı Rusiyaya hərbi yardımı dayandırmağa çağırır.
Rusiya generalın ölümünə görə Ukraynanı günahlandırır

General-leytenant Yaroslav Moskalikin öldürülməsi ilə bağlı İqnat Kuzin adlı şəxsə qarşı terrorçuluq ittihamı irəli sürülüb.
Rusiya Federal Təhlükəsizlik Xidməti aprelin 25-də Kuzinin həbs olunduğunu bəyan edib. Bildirilir ki, Ukrayna sakini olan Kuzinə partlayıcı qurğunu bu ölkənin təhlükəsizlik xidməti verib. O, həmin qurğunu Moskva ətrafındakı Balaşixa qəsəbəsində bir avtomobilə yerləşdirib. FSB iddia edir ki, bomba Moskalik yaxınlıqdan keçərkən Ukraynadan, uzaqdan idarə olunaraq partladılıb.
Ukrayna iddialarla ilə bağlı açıqlama verməyib.
Bu hadisə dekabrda sui-qəsd hadisəsinə oxşardır. Həmin vaxt da rusiyalı general-leytenant İqor Kirillov Moskvada yaşadığı binanın qarşısında səkiyə qoyulmuş elektrik skuterə yerləşdirilmiş bombanın partlaması nəticəsində həlak olub. Rusiya rəsmiləri həmin partlayışın da arxasında Ukraynanın dayandığını iddia edib.
25 aprel
Rusiyada general avtomobil partladılmasında öldü
Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partladılması nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Yaroslav Moskalik həlak olub.
Olayla bağlı qətl maddəsi ilə cinayət işi açılıb.
Telegram-kanalların məlumatına görə, hadisə səhər 10:40-da general park edilmiş "Volkswagen Golf" avtomobilinin yanından keçərkən baş verib.
İstintaqın ilkin məlumatına görə, qəlpələrlə doldurulmuş əldəqayırma partlayıcı qurğu işə düşüb.
İranda partlayışda 40 nəfər ölüb, yüzlərlə yaralı var

İranın cənubunda Şəhid-Rəcai limanındakı partlayışda ölənlərin sayı 40-a çatıb, yüzlərlə yaralı var. Bu haqda IRNA agentliyi məlumat yayıb. Limanın yerləşdiyi Hörmüzqan vilayətində üçgünlük matəm elan edilib.
Şənbə günü baş verən güclü partlayışdan yaxınlıqdakı rayonlar, Bəndər-Abbas şəhərinin qərb hissəsindəki bəzi sənaye müəssisələri də ziyan görüb. İran mediası bir kilometr radiusda pəncərələrin sındığını yazır.
Partlayışın konteynerlərdə kimyəvi maddələrin düzgün saxlanmamasının səbəb olduğu bildirilir. Amma İran hökumətinin təmsilçisi deyib ki, dəqiq səbəbi müəyyənləşdirmək, hələlik, mümkün deyil.
Daha öncə limanın gömrük xidməti bildirib ki, rayondan yük maşınları çıxarılır, partlayışın baş verdiyi konteyner meydançasında “təhlükəli yüklər və kimyəvi maddələr” ola bilərdi.
Tasnim agentliyi bazar günü səhər limanda yanan konteynerlərin görüntülərini dərc edib.
Şahid-Rəcai limanı strateji Hörmüz boğazının yaxınlığında yerləşir, ölkənin konteyner yüklərinin böyük hissəsi burada emal olunur.
'Gürcü arzusu'nun sədri istefa verib

İrakli Qaribaşvili hakim "Gürcü arzusu" partiyasının sədri postunu tərk edərək siyasətdən gedir. O, bu barədə xüsusi brifinqdə məlumat verib: "Siyasətə qayıdıb əvvəlcə müdafiə naziri, sonra ikinci dəfə baş nazir təyin olunanda və, nəhayət, partiyanın sədri seçiləndə mənə tapşırılmış şərəfli missiyanı, demək olar, yerinə yetirdim".
Qaribaşvili bundan sonra özəl sektorda fəaliyyətini davam etdirəcəyini, təfərrüatların daha sonra açıqlanacağını bildirib. O, partiya sədri postuna kimin keçəcəyini açıqlamayıb.
Qaribaşvili "Gürcü arzusu"na müxalifət olaraq yenidən siyasətə qayıtma ehtimalını rədd edib.
İ.Qaribaşvili 2024-cü il fevralın 1-də hakim partiyanın sədri seçilmişdi. O, 2021-2024-cü illərdə Gürcüstanın baş naziri olub, bu vəzifəni 2013-2015-ci illərdə də tutub.
Tramp 1915-ci il olaylarını 'soyqırımı' adlandırmayıb

Aprelin 24-də dərc olunan bəyanatında ABŞ prezidenti Donald Tramp 1915-ci ildə ermənilərin qətlə yetirilməsini "soyqırımı" kimi təsvir etməkdən imtina edib. Bu, əvvəlki prezident Co Baydenin siyasəti ilə ziddiyyət təşkil edir və ABŞ-dəki erməni diasporu tərəfindən sərt tənqid olunub.
Tramp bəyanatında bunun əvəzinə erməni dilində "Meds Yeqhern" (Böyük Cinayət) ifadəsini işlədib.
"Bu gün biz Meds Yeqherni anırıq və XX əsrin ən dəhşətli fəlakətlərindən birində əziyyət çəkən o gözəl ruhların xatirəsini yad edirik. 1915-ci ildən başlayaraq Osmanlı İmperiyasının son illərində bir milyon yarım erməni sürgünə göndərildi və onlar ölümə doğru yürüdü. Bu Anım Günündə biz yenidən Amerikada və bütün dünyadakı Böyük Erməni İcmasına qoşularaq, həlak olan çoxlu sayda insan üçün yas tuturuq", – prezident Trampın bəyanatında bildirilib.
Tramp prezidentliyinin ilk müddətində də "soyqırımı" sözünü işlətməkdən çəkinmiş və əvvəlki ABŞ prezidentlərinin nümunəsini izləmişdi. Lakin Bayden bütün prezidentliyi müddətində 1915-ci il hadisələrini açıq şəkildə "soyqırımı" adlandırıb.
Ermənistan Milli Komitəsi (ANCA) bildirib ki, Tramp "Amerikanın erməni soyqırımını tanımasından və yad etməsindən utancverici şəkildə geri çəkilib". Amerika Erməni Assambleyası isə bəyan edib ki, bu, "ABŞ-nin siyasətində dəyişiklik anlamına gəlmir, çünki qanunverici və məhkəmə orqanları artıq tarixi faktları açıq şəkildə təsdiqləyiblər".
Aİ də bəyanatdan "soyqırımı" sözünü çıxarıb
Ermənistan baş naziri Nikol Paşinyan isə aprelin 24-dəki bəyanatında 1915-ci il hadisələrinin təşkilatçılarını və icraçılarını açıq şəkildə qınamayıb. "Bu gün biz 1915-ci ildən etibarən baş vermiş qırğınlar və kütləvi deportasiyalar nəticəsində həyatını itirən Erməni soyqırımının günahsız qurbanlarını yad edirik", –Paşinyan bildirib. O, həmçinin 1915-ci il hadisələrinə istinad edərək "soyqırımı" ifadəsindən çox, "Meds Yeqhern" ifadəsini vurğulayıb.
Avropa İttifaqının (Aİ) Ermənistanın Azərbaycanla sərhədindəki monitorinq missiyası isə 1915-ci il hadisələri ilə bağlı paylaşımından "soyqırımı" sözünü çıxarıb.
Aİ Mülki Missiyasının X sosial media hesabında yerləşdirilən bəyanatının ilkin variantında "erməni soyqırımı qurbanları" yazılıb, lakin bu ifadə az sonra "1915-1923-cü illərin erməni qurbanları" ilə əvəzlənib.
Aİ orqanları və rəsmiləri məsələ ilə bağlı ictimai bəyanatlarında "soyqırımı" sözünü işlətməyiblər.
Rusiya XİN sözçüsü Mariya Zaxarova isə keçirdiyi brifinqdə deyib ki, "Rusiya soyqırımı tanıyan ilk ölkələrdən biri olub".
"Rusiyada biz həmişə qardaş erməni xalqının dərdini öz kədərimiz kimi qəbul etmişik", - Zaxarova vurğulayıb.
Hakimiyyətlə fikir ayrılığına görə azı 33 nəfər ruhi xəstəxanaya yerləşdirilib

2020-ci ildən Belarusda beşi qadın olmaqla azı 33 nəfər hakimiyyətlə razılaşmadığına görə məcburi psixiatrik müalicəyə göndərilib. Bu barədə BMT-nin insan hüquqları üzrə ekspertlərinin müraciətində deyilir.
Müraciət müəlliflərinin məlumatına görə, səkkiz nəfər artıq azadlığa buraxılıb. Azı 25 nəfərin xarici dünya ilə əlaqəsi kəsilib, bugünə qədər onların taleyi haqqında heç nə məlum deyil.
Sənəddə deyilir ki, psixiatrik xəstəxanada məcburi müalicə qeyri-insani və ya ləyaqəti alçaldan rəftara bərabər tutula bilər. Vurğulanır ki, bu cür rəftar əqidə azadlığına təhdiddir, çünki dərmanlar və elektrik boşalmalardan zehni qabiliyyətləri idarə etmək və ya yavaşlatmaq üçün istifadə oluna bilər.
2020-ci il prezident seçkisinin nəticələri avtoritar Belarus lideri Aleksandr Lukaşenko rejiminə qarşı kütləvi etirazlara səbəb olub. Hakimiyyət bu aksiyalara genişmiqyaslı repressiyalarla cavab verib, minlərlə insan dəmir barmaqlıqlar arxasına göndərilib. Təqiblər bu günə qədər davam edir. "Vyasna" hüquq-müdafiə mərkəzinin məlumatına görə, 2020-ci ildən bəri azı 3 min 277 nəfər etiraz aksiyalarında iştiraka görə məhkum edilib.
Pakistan və Hindistan arasında münasibətlər gərginləşib

Aprelin 24-də Pakistan hökuməti Hindistana qarşı qarşılıqlı diplomatik cavab tədbirləri görüləcəyini bəyan edib. Bu açıqlama Hindistanın Pakistanı "sərhəd ötəsi terrorzim"ə dəstək verməkdə ittiham etməsindən və İslamabadla münasibətləri məhdudlaşdıracağını bəyan etdikdən sonra gəlib.
Baş nazir Şahbaz Şərifin ofisinin yaydığı bəyanatda deyilib ki, Pakistan Hindistanın İslamabaddakı müdafiə, dəniz və hava qüvvələrinə aid müşavirlərini "persona non grata" elan edir və onlar dərhal Pakistanı tərk etməlidir. Bəyanatda qeyd olunub ki, yalnız Siqh ziyarətçiləri istisna olmaqla Hindistan vətəndaşlarına verilən vizalar ləğv ediləcək. Həmçinin sərhədlərin bağlanacağı, ticarətin dayandırılacağı və Pakistanın hava məkanının Hindistana məxsus aviaşirkətlərə bağlanacağı da vurğulanıb. Pakistan baş naziri bildirib ki, Pakistana məxsus suyun dayandırılması və ya başqa istiqamətə yönəldilməsi cəhdi müharibə aktı hesab olunacaq.
Yeni Dehli isə aprelin 23-də Pakistanla su paylaşımı sazişini (İndus Su Razılaşması) dayandırdığını, əsas quru sərhəd keçidinin bağlanacağını, diplomatik əlaqələrin aşağı salındığını və Pakistan vətəndaşlarına verilmiş vizaların ləğv edildiyini elan edib. Daha sonra bildirilib ki diplomatlar istisna olmaqla, bütün Pakistan vətəndaşları Hindistanı dərhal tərk etməlidir.
Münasibətlər niyə gərginləşib?
Aprelin 22-də silahlı şəxslər Hindistanın nəzarətində olan Kəşmirdə turistik məkanda 26 nəfəri qətlə yetiriblər. Bu terror aktı Hindistanda şok effekti yaradıb, çünki budəfəki hücum, adi hallarda olduğu kimi, Hindistan təhlükəsizlik qüvvələrinə deyil, birbaşa mülki şəxslərə və bölgənin iqtisadiyyatı üçün vacib olan turizm sektoruna yönəlib.
Hindistan İslamabadı terrorizmi dəstəkləməkdə ittiham edir, ancaq Pakistan bu ittihamları rədd edir. Kəşmir polisi hücumçular olduğu iddia edilən üç silahlı şəxsdən ikisinin Pakistan vətəndaşı olduğunu bildirib. Lakin Yeni Dehli bu iddiaları təsdiqləyəcək heç bir sübut təqdim etməyib və məsələ ilə bağlı əlavə detalları ictimaiyyətlə bölüşməyib.
Litva Moskva və Minski belaruslu mühacirlərə zorakı hücumlar hazırlamaqda günahlandırır

Litvanın Dövlət Təhlükəsizlik Departamenti (VSD) Rusiya və Belarus kəşfiyyat xidmətləri tərəfindən Litvada yaşayan belaruslu mühacirlərə qarşı zorakılığı qızışdırmaq məqsədi daşıyan gizli əməliyyatı ifşa etdiyini bildirib.
VSD-nin yayımladığı açıqlamada bildirilib ki, bu plan səhnələşdirilmiş təxribatlar və dezinformasiya kampaniyalarını əhatə edirmiş.
Litva hakimiyyət orqanlarının məlumatına görə, xarici kəşfiyyat xidmətləri Litvada yaşayan Belarus diasporuna qarşı getdikcə daha təhlükəli xarakter daşıyan insidentlər təşkil edir. 2025-ci ilin əvvəlinə olan statistikaya əsasən, Litvadakı Belarus icmasının sayı 57 mindən çoxdur.
Bildirilib ki, Rusiya və Belarusdan olan xarici agentlər "litvinist" belaruslar – Belarus kimliyini Litva Böyük Hersoqluğuna bağlayan ideologiyanın ardıcılları – və uydurma Litva millətçi qrupları arasında toqquşmaları simulyasiya etməyə cəhd ediblər.
"Təşkilatçılar müxalif qüvvələr - litvinist ideyaları müdafiə edən belaruslar və guya onlara müqavimət göstərən Litva millətçi qrupları arasında qarşıdurmalar yaratmağa çalışırlar", - Litva Dövlət Təhlükəsizlik Departamenti bildirib.
Son təxribatlar
Rəsmilər vurğulayıb ki, Litvada heç bir real ekstremist "litvinist" qruplar aşkar edilməyib, onlar bu mövzunun Belarus və Rusiya təbliğatı tərəfindən cəmiyyətdə inamsızlıq və parçalanma yaratmaq məqsədilə manipulyasiya edildiyinə inanır.
Son təxribatlara guya belaruslu əsgərlərə aid saxta videomesajlar, Belarus əleyhinə divar yazıları, litvalı millət vəkilləri və Vilnüsdə yaşayan mühacirlərə qarşı təhdidlər, eləcə də regionun tarixi ilə bağlı saxta iddialar yayan sosial media kampaniyaları daxildir.
VSD sakinləri bu cür təxribatlara aldanmamağa çağırıb və xəbərdarlıq edib ki, "bu fəaliyyətlərdə iştirak inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər".
Litvada yaşayan Belarus vətəndaşlarına qarşı nəzarət də artıb. Onların bir çoxu getdikcə daha sərt viza yoxlamaları, yaşayış icazələrinin uzadılmasında çətinliklər və hətta keçmişdə Belarus dövlət qurumları və ya hərbi strukturları ilə əlaqələri səbəbindən deportasiya ilə üzləşirlər.
Litva mediası sözügedən dezinformasiya kampaniyasını "Litvinizm" adlandırıb. Hakimiyyət orqanları bildirirlər ki, əsl təhlükə ideologiyanın özündə deyil, onun cəmiyyəti parçalamaq və sabitliyi pozmaq məqsədilə manipulyasiya edilməsindədir.
Bu məsələ ilə bağlı araşdırma reportajına görə bu yaxınlarda Litva hökumətinin Milli Azlıqlar Departamenti AzadlıqRadiosunun Belarus xidmətini mükafatlandırıb. Mükafat kampaniyanın arxasında duran qüvvələri və onun daha geniş geosiyasi nəticələrini üzə çıxaran materiala görə təqdim edilib.
İstanbulda ardıcıl üç zəlzələ

Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, zəlzələnin ilk təkanı 3.9 bal gücündə olub və onun episentri İstanbulun Silivri rayonu sahillərində, Mərmərə dənizindədir.
Yerli vaxtla saat 12:49-da Silivri sahillərində zəlzələnin növbəti təkanı qeydə alınıb. Bu təkan 6.2 bal gücündə olub. Zəlzələ 6.92 kilometr dərinlikdə baş verib.
Ardınca 5.9 bal gücündə yeni yeraltı təkan qeydə alınıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ ilə bağlı vəziyyətin yaxından izlənildiyini bildirib. Daxili işlər naziri Ali Yerlikaya əlaqədar qurumların sahə araşdırmalarına başladığını açıqlayıb. Onun sözlərinə görə, ev və ya bina uçması ilə bağlı heç bir müraciət daxil olmayıb.
Səhiyyə Nazirliyi də bildirib ki, "heç bir neqativ hal qeydə alınmayıb".
Rubio Dövlət Departamentində yenidənqurma elan etdi

Donald Tramp administrasiyası təkrarlanan strukturları azaltmaq və milli maraqlara uyğun olmadığını düşündüyü proqramları ləğv etmək məqsədilə Dövlət Departamentində əsaslı yenidənqurmaya başlayıb.
Bu barədə aprelin 22-də dövlət katibi Marko Rubio bildirib.
"Bu yanaşma mərkəzi aparatdan tutmuş, xaricdəki missiyalara qədər bütün səviyyələrdə qurumun effektivliyini artıracaq", - Rubio vurğulayıb. Onun sözlərinə görə, konkret regionlara yönəlmiş funksiyalar onların effektivliyini artırmaq üçün birləşdiriləcək, artıq bölmələr ləğv ediləcək, qanunla nəzərdə tutulmayan və Birləşmiş Ştatların xarici siyasət prioritetlərinə uyğun gəlməyən proqramlar bağlanacaq.
İslahat çərçivəsində Dövlət Departamentinin Mülki təhlükəsizlik, demokratiya və insan hüquqları idarəsinə indi xarici yardım və humanitar məsələlər üzrə koordinator rəhbərlik edəcək.
Rubio Dövlət Departamentinin hazırkı strukturunu kəskin tənqid edərək bildirib ki, o, "şişkinləşib, bürokratikləşib və böyük güclərin rəqabətinin yeni erasında əsas diplomatik vəzifələrini yerinə yetirə bilmir".
İslahatlar Trampın ABŞ diplomatik xidmətinin yenidən təşkili ilə bağlı fevral sərəncamından irəli gəlir. Martda administrasiya rəsmiləri təxminən 10 konsulluğu bağlamağa hazırlaşdıqlarını bildiriblər. Lakin Rubionun bəyanatında Amerikanın hər hansı diplomatik missiyasının tezliklə bağlanacağından bəhs edilmir.
Məhkəmə Trampın 'Amerikanın səsi'ni bağlamaq qərarını bloklayıb

Federal məhkəmə aprelin 22-də Tramp administrasiyasının "Amerikanın Səsi" (Voice of America), "Azad Asiya Radiosu" (Radio Free Asia) və "Yaxın Şərq Yayım Şəbəkələri" (Middle East Broadcasting Networks) kimi hökumət tərəfindən maliyyələşdirilən media orqanlarını bağlamaq cəhdlərini dayandırmaqla bağlı qərar çıxarıb.
ABŞ-nin federal dairə hakimi Roys Lambert ABŞ Qlobal Media Agentliyinin (USAGM) bağlanmasından təsirlənən işçilər və podratçılar tərəfindən məhkəmədə qaldırılan altı işə baxıb. Hakim administrasiyaya işçiləri və podratçıları öz vəzifələrinə bərpa etmək və bu media qurumunun yayımını davam etdirmək üçün "bütün zəruri tədbirləri görmək" barədə qərar çıxarıb.
Lambert yayımın gələcəyi ilə bağlı hələ yekun qərar verilmədiyi və iddialara işdən çıxarılan əməkdaşlarla "əmək mübahisələri" çərçivəsində baxılmalı olduğu barədə USAGM-in məhkəmədəki arqumentlərini rədd edib.
"80 illik qabaqcıl xəbər xidməti olan VOA-nın tamamilə susdurulduğu və geri qayıdacağına dair heç bir əlamətin olmadığı bir şəraitdə USAGM-in hələ də "mövcud" olduğuna inanmaq çətindir", - hakim Lambert bildirib.
Hakim həmçinin vurğulayıb ki, Tramp keçən ay ABŞ hökumətinin maliyyələşməsini təmin edən müvəqqəti büdcə qanununu imzalayıb, bu qanunla USAGM üçün maliyyə vəsaiti ayrılıb. Lambertin sözlərinə görə, Tramp xərclər haqda qanun layihəsinə veto qoymayıb və ya Konqresdən bu maliyyələşmənin ləğvini tələb etməyib.
USAGM-in 2024-cü ildə təxminən 3 min 500 işçisi və 886 milyon dollar büdcəsi olub.
Niderland kəşfiyyatı: Rusiya Avropada hibrid hücumlarını gücləndirir

Rusiya Niderlanda və onun Avropadakı müttəfiqlərinə qarşı hibrid hücumlarını gücləndirir. Bu barədə Niderlandın hərbi kəşfiyyat agentliyi - MIVD-in aprelin 22-də yayımlanan illik hesabatında bildirilib. Hesabata görə, Rusiyanın bu hücumları Avropa cəmiyyətlərini zəiflətmək və onlara təsir etmək məqsədi daşıyır.
MIVD bildirib ki, Rusiya Niderland vətəndaşlarının səs verməsinə mane olmaq üçün bu ölkənin siyasi partiyalarına və ictimai nəqliyyat şirkətlərinə aid internet saytlarına kiberhücumlar təşkil edərək 2024-cü il Avropa seçkilərini pozmağa cəhd göstərib.
MIVD-nin direktoru və vitse-admiral Peter Reysink deyib: "MIVD Rusiyanın Avropaya qarşı təhdidinin azaldığını yox, artdığını görür. Hətta Ukrayna ilə müharibənin mümkün sona çatmasından sonra da bu davam edə bilər".
"Beynəlxalq siyasətdə və müttəfiqlik sahəsində təlatümlü inkişafı görürük... Bunun başvermə sürəti və təhlükəsizliyimizə potensial təsiri görünməmiş dərəcədədir", - o əlavə edib.
MIVD hesabatında Rusiyanın Niderlanddakı bir neçə əməliyyatı, rus haker qrupunun kibertəxribat hücumu barədə də məlumat verib.
MIVD casusluq, internet kabellərinə, su təchizatı sistemlərinə və elektrik şəbəkələrinə qarşı mümkün Rusiya təxribatlarından narahatlığını ifadə edib.
Ötən ilin noyabrında da Britaniya kəşfiyyatının rəhbəri Rusiyanı Avropada "təxribat kampaniyası"nda ittiham etmişdi.
Rusiya tərəfi bütün ittihamları rədd edir və onları əsassız adlandırır.
Özbəkistan 'qızıl viza' proqramına başlayır

İyunun 1-dən etibarən Özbəkistanda investisiya müqabilində əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün beş il müddətinə yaşayış icazəsinin alınması üçün sadələşdirilmiş prosedur tətbiq ediləcək. Bu barədə AzadlıqRadiosunun özbək xidməti ölkənin Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Bu sənədi almaq üçün xarici vətəndaş ölkəyə 200 min dollar yatırmalı, həmçinin hər bir ailə üzvü – həyat yoldaşı, uşaqlar və valideynlər üçün əlavə 100 min dollar ödəməlidir.
Özbəkistan hökumətinin hesablamalarına görə, "qızıl viza" proqramı ölkəyə varlı investorları cəlb edəcək və iqtisadiyyata kapital axınını artıracaq.
2023-cü ildə Qırğızıstan parlamenti ölkəyə 10-20 milyon som (115-230 min dollar) sərmayə qoyan xarici vətəndaşlara 5 ildən 10 ilə qədər müddətə "investisiya vizası" verilməsi haqqında qanun qəbul edib. Qırğızıstan rəsmiləri bildirib ki, bu, ölkədə biznesə başlamaq istəyən digər ölkə vətəndaşları üçün yaxşı bir imkandır.
Ekspertlər isə vurğulayırlar ki, investisiyaları cəlb etmək üçün hakimiyyət ilk növbədə vergi siyasətini şəffaflaşdırmalı və sahibkarların mülkiyyət hüququnun qorunmasına zəmanət verməlidir.