Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 04:55

Fuad Qəhrəmanlı «Facebook çağırışı» ittihamı ilə həbs edilib


Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

Məhkəmə həbs qərarı çıxardıqdan az sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onun yaşadığı evdə axtarış aparıb.

-

«Gözlənilən idi...»

Fuad Qəhrəmanlının hazırda Türkiyədə səfərdə olan xanımı Zümrüd Yağmur öz Facebook səhifəsində yazıb ki, o, həyat yoldaşının həbsini gözləyirdi: «Rahatsız olmayın, bu gözlənilməz deyildi zatən... Olsun... Mən sakitəm, qürurluyam... Dünyanın sonunda deyil, mübarizənin başındayıq...».

8 dekabr

Fuad Qəhrəmanlının evində axtarış aparılıb

Məhkəmə Fuad Qəhrəmanlı barədə həbs qərarı çıxardıqdan az sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onun yaşadığı evdə axtarış aparıb.

Həyat yoldaşı beynəlxalq konfransda iştirak etmək üçün Türkiyədə olduğundan axtarışda evin sakinlərindən heç kim iştirak etməyib.

Vəkil Fəxrəddin Mehdiyev də orada olmayıb. Təxminən gecə saat 1 radələrinə qədər davam edən axtarış nəticəsində prokurorluq əməkdaşları evdən bir ədəd kompüteri götürüblər.

Əli Kərimli bəyanat verib

AXCP sədri Əli Kərimli müavininin həbsi və ona qarşı irəli sürülmüş ittihamlara münasibət bildirib.

Əli Kərimli baş verənləri AXCP-yə qarşı təzyiqlərin tərkib hissəsi kimi qiymətləndirib: “Aydındır ki, Fuad bəyi nə dövlət əleyhinə çağırışlarına, nə də milli, irqi, sosial və ya dini düşmənçilik salmasına görə tuturlar. Fuad bəyi tam əksinə, dövlətini çox sevdiyinə, onu azad etmək istədiyinə, ölkəsində milli, dini bütövlük yaratmaq istədiyinə, rejimlə məhz dinc, lakin ardıcıl mübarizə apardığına görə tuturlar. Rəsmən elan ediblər ki, Fuad bəyi “Facebook”da yazdığı yazılara görə həbs edirlər. Fuad bəyin vicdan məhbusu olduğunu daha sübut etmək lazım gəlməyəcək. Çünki hökumət də etiraf edir ki, onu düşüncə və yazılarına görə həbs edirlər. Fuad bəyin həbsi hökumətin AXCP-yə və Milli Şuraya qarşı nifrətinin ifadəsidir. Ölkədə real müxalifəti sarsıtmaq siyasətinin tərkib hissəsidir”.

Hökm və həbs

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı həbs olundu. Dekabrın 8-də axşam saat 23.30 radələrində Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Hüseynovanın sədrliyi ilə onun barəsində ilkin istintaq dövrü üçün üç aylıq həbs qətimkan tədbiri seçilib.

Bu barədə AzadlıqRadiosuna vəkil Fəxrəddin Mehdiyev məlumat verərək bildirib ki, Fuad Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb.

Nardaran məsələsi

Vəkilin sözlərinə görə, ona qarşı ittihamlar Nardaran hadisələrilə bağlı "Facebook" səhifəsində paylaşdığı yazılarla əlaqədardır.

Fuad Qəhrəmanlının ittiham üzrə özünü təqsirli bilmədiyini deyən vəkil qeyd edib ki, Nəsimi Rayon Məhkəməsinin həbs qərarından apellyasiya şikayəti veriləcək.

Fuad Qəhrəmanlı məhkəmədən Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına aparılıb.

Fuad Qəhrəmanlı günorta saatlarında telefon vasitəsilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. O, hansı statusla çağırıldığı ilə maraqlanıb, həmçinin rəsmi şəkildə çağırış göndərilməsini istəyib. Bundan az sonra onun evinə polislər gəlib və məcburi şəkildə prokurorluğa aparılıb.

Fuad Qəhrəmanlının həyat yoldaşı, yazar Zümrüd Yağmur bildirib ki, beynəlxalq tədbirdə iştirak etdiyinə görə hazırda Türkiyədədir. Onun sözlərinə görə, həyat yoldaşı qızlarını məktəbdən gətirərkən həyətdən aparıblar.

Əvvəlcə hara aparıldığı məlum olmasa da, sonradan vəkilə bu barədə məlumat verilib. Fuad Qəhrəmanlı prokurorluqda dindirildikdən sonra axşam saat 22.00 radələrində barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılıb.

Maraqlıdır ki, Fuad Qəhrəmanlının barəsində cinayət işi başlandığı və o, təqsirləndirilən şəxs qismində cəlb olunduğu halda, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov mediaya açıqlamasında onun şahid kimi dindirildiyini deyirdi.

XS
SM
MD
LG