Keçid linkləri

2025, 15 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:54

Ağadadaş Ağayevə şərti cəza, siyasilərə həbs. Beynəlxalq qurumlar niyə yola salınır


"Abzas Media" jurnalistləri
"Abzas Media" jurnalistləri

Bu həftə yenə ölkədə jurnalistlərə, siyasi və ictimai fəallara qarşı məhkəmə proseslərindən, BMT-nin bəzi agentliklərinin Bakıdakı nümayəndəliklərinin qapadılmasından danışırıq.

Bu həftə "AbzasMedia" jurnalistləri üçüncü dəfə öz məhkəmələrinə gəlməkdən imtina etdilər. Onlar iddia edirlər ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilərkən saatlarla zirzəmidə - soyuq və natəmiz şəraitdə saxlanırlar. Jurnalistlər bildirirlər ki, məhkəmə onlara qarşı zorakılıq və pis rəftarla bağlı səmərəli araşdırma aparmayıb, qanunsuz hərəkətlərə yol verən şəxslər indiyədək cəzalandırılmayıb. İşə baxan hakim isə deyib ki, özü şəxsən dustaqların saxlandığı otağa gedib baxıb, şərait "deyildiyi kimi natəmiz olmayıb".

+++

Bu həftə "ToplumTV işi" üzrə həbslərin bir ili tamam oldu. III Respublika Platformasının Bu iş üzrə həbs olunmuş spikeri Akif Qurbanov 1 saylı Bakı İstintaq Təcridxanasından AzadlıqRadiosunun suallarını cavablandırıb. "Bizi sifarişlə həbs edən hakimiyyət həbsimizi əsaslandırmalıdır, amma 23 cildlik iş materialında bir dənə də olsun sübut yoxdur", - o qeyd edir.

Müstəqil medialara qarşı cinayəti işləri - Son 15 ayda əslində nə baş verdi?

AzadlıqRadiosunun "Əslində" proqramı son 15 ayda həbs olunan jurnalistlərin niyə qaçaqmalçılıqda ittiham olunduğunu araşdırıb. Məsələ bundadır ki, rəsmilər və hökumətyönlü media onları qanunsuz qrant almaqda suçlayır. Bəs niyə jurnalistlərə cinayət işi qranta görə açılmayıb? Onların çalışdığı media qurumlarının təmsilçilərinin fikrincə, hakimiyyət öz tənqidçilərinə qarşı ittihamları qəsdən mahiyyətindən çıxararaq ağırlaşdırır.

Azərbaycan Avropada jurnalist həbslərinə görə Belarusdan sonra ikinci yerdədir. Bunu isə "Avropa media azadlığı hesabatı"nda oxuyuruq. Hesabatda deyilir ki, Azərbaycanın media qanunu mətbuat azadlığını boğmağa davam edir və təcili olaraq yenidən nəzərdən keçirilməlidir.

+++

Bu həftə bir sıra jurnalistlərin ev dustaqlığına buraxılmaqla bağlı iddiaları təmin olunmadı. Hüquq müdafiəçisi Rüfət Səfərov da azadlığa buraxılmadı. O, vəkillərinin əməyinə hörmət əlaməti olaraq məhkəməyə gəlməyə razılıq verdiyini, ev dustaqlığına buraxılmaqdan ötrü müraciət etmədini, məhkəmədən gözləntisi olmadığını söyləyib. R.Səfərov vaxtilə prokurorluqda müstəntiq vəzifəsindən könüllü şəkildə imtina etdiyini, ölkədə repressiyaya məruz qalanların müdafiəsinə qoşulduğunu vurğulayıb.

+++

Məhkəmə xronikası burada bitə bilərdi. Amma müğənni Ağadadaş Ağayevə kəsilən şərti cəzaya toxunmamaq olmazdı. Xalq artisti xəstəxana gözətçisinə qarşı xuliqanlıqda, eləcə də xadiməyə baltayla xəsarət yetirməkdə suçlanırdı. Amma haqqında 1 ili sınaq müddəti olmaqla 2 il şərti cəza kəsilib. Oxşar maddə ilə 2 ildən 5 ilədək həbs cəzası nəzərdə tutulub və indiyədək bu maddə ilə bir çox ictimai-siyasi fəal illərlə həbsdə saxlanılıb. Jurnalist Seymur Həzi 5 illik cəzanı sonadək çəkib. AXCP-dən Zamin Salayev eyni maddə ilə hazırda 4 il 6 aylıq həbs cəzası çəkir.

Prezident İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edir.
Prezident İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edir.

Donor ölkəyə çevrilən Azərbaycan

Həftənin diqqətçəkən hadisəsi isə rəsmi Bakının BMT-nin bəzi agentliklərinin, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəliklərini bağlamaq niyyətini açıqlamasıdır. Bu niyyət qismən xarici işlər naziri Ceyhun Bayramov, qismən də hökumətyönlü media vasitəsilə yayılıb. Bu, Azərbaycanın daha humanitar böhran durumunda olmaması, özünün donor ölkəyə çevrilməsi ilə izah edilir.

APA informasiya agentliyi BMT-nin bəzi qurumlarından giley-güzarı da qələmə alıb, məsələn, BMT İnkişaf Proqramının (UNDP) QHT rolunda çıxış etməsi vurğulanır. " BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) 2021-ci ildə Azərbaycan tərəfinin təkidinə baxmayaraq, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan Talış kəndinə getmək istəməməsi də unudulmayıb", - agentlik yazır.

Siyasi şərhçi Şahin Hacıyev deyir ki, məqsəd beynəlxalq qurumların daxili proseslərə təsirini minimuma endirməkdir, onların yerli QHT-lərə ayırdığı qrantların önünü kəsməkdir.

Tarixçi Araz Əliyev sosial şəbəkədə Azərbaycanın BMT-nin qurumlarından Uşaq Fondunun (UNICEF) işinə diqqət çəkir. O, körpə, 5 yaşadək uşaq ölümlərinin azalmaması, əksinə, artdığını vurğulayır: "...Mən əminəm ki, Əmək Fondu, İnkişaf Proqramı, Əhali Fondu ilə bağlı da oxşar məlumatlar mövcuddur. Əgər problemlər olduğu kimi qalırsa, bu problemləri həll etmək üçün əməkdaşlıq edəcəyimiz qurumları niyə qovuruq ki? Məncə, bu addımın səbəbi sadəcə qürurdur, hikkədir. "Necə yəni biz BMT-yə möhtacıq?", "Ala, neft-qaz ölkəsi olan biz", "Qalib xalq"...".

Azərbaycandan çıxarılan beynəlxalq qurumlar, rəsmi Bakının niyyəti barədə gələn həftə "Əslində" proqramında ətraflı danışacağıq.

XS
SM
MD
LG