Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:25

Moskvada Putin-Əliyev görüşü ilə bağlı: 'Sürpriz o ola bilər ki…'


Soçidə Putin-Əliyev görüşü. 2022
Soçidə Putin-Əliyev görüşü. 2022

Azərbaycan prezidenti İlham Əliyev bu gün, aprelin 22-də Rusiyaya işgüzar səfərə gedib. Moskvada Azərbaycan və Rusiya prezidentlərinin danışıqları nəzərdə tutulur. "Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı əsas məsələlərin nəzərdən keçirilməsi, həmçinin aktual regional məsələlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır", - Kremldən bildirilib.

2022-ci ildə Əliyevlə Putin arasında "Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə imzalanıb. 43 maddədən ibarət olan sənəddə siyasi, iqtisadi və bir çox başqa sahələr üzrə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Yeri gəlmişkən, bu səfər ərəfəsində Rusiya sülhməramlılarının Qarabağdan vaxtından əvvəl çıxarılmasına (onun müddəti gələn il başa çatırdı) başlandığı açıqlanıb. Bu səfər həmin məsələ ilə bağlı mənzərəyə tam aydınlıq gətirə bilərmi?

Arzu Nağıyev
Arzu Nağıyev

"Məncə, bunlar müzakirə olunacaq…"

Mövzu ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Arzu Nağıyev deyib ki, tərəflər iki dövlət arasında strateji məsələləri və regiondakı son hadisələri müzakirə edəcək: "Prezidentlərin Baykal Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə BAM veteranları ilə görüşü də gözlənilir. Bilirsiniz ki, ulu öndər Heydər Əliyev həmin tikintinin SSRİ səviyyəsində kuratoru olub".

Nağıyevin fikrincə, bu gün regionda sülhün olması Bakı və Moskva üçün çox vacibdir. Onun deməsinə görə, hazırda Yaxın Şərqdə böyük savaşların davam etməsinin regiona ciddi təsiri var: "Ona görə Azərbaycan regionda mühüm dövlət olduğundan atılan addımların hamısı onunla razılaşdırılmalıdır. Bu baxımdan, İlham Əliyevin fikri bu proseslərdə mütləq şəkildə labüddür".

O hesab edir ki, Tehran-Təl-Əviv arasında müharıbə baş versə, Rusiyanın nəzərdə tutduğu logistik daşımalar problemlə rastlaşar: "Artıq burada alternativ kimi Zəngəzur (Ermənistanın Sünik bölgəsindən keçəcəyi gözlənilən yol) məsələsinin həlli gündəmə gələ bilər. Məncə, bunlar müzakirə olunacaq, nəinki dediyiniz sülhməramlıların çıxarılması".

Azər Qasımlı
Azər Qasımlı

"Azərbaycan Avrasiya İqtisadi Birliyinə…"

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı isə güman edir ki, prezidentlər 22 aprel görüşündə mövqe sərgiləyəcəklər: "İstər (prezidentin köməkçisi) Hikmət Hacıyev, istərsə də (Kremlin sözçüsü) Dmitri Peskov olsun, sülhməramlıların çıxarılması ilə bağlı detalları açıqlamadılar. İnanmıram ki, bugünkü görüşdə detallar açıqlansın. Bəlkə, 30 nəfərlik minaaxtaranlar qrupu saxlanılsın, bilmirik, çünki bir ay əvvəl bu barədə açıqlama oldu. Bütün bunlardan əlavə mən iki dövlət arasında strateji müttəfiqliyin davam etdirilməsi ilə bağlı müəyyən açıqlamalar gözləyirəm. Sürpriz o ola bilər ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü nəzərdən keçirir".

AİB-ə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir.

"Azərbaycan daxili-xarici siyasətindən geri çəkilən deyil"

"Azərbaycanla Rusiya yaxınlaşması Azərbaycanın Qərblə münasibətlərində nə kimi problemlər meydana çıxara bilər" sualına cavab olaraq A.Nağıyev bildirib ki, ölkə başçıları daha çox Cənubi Qafqazda, Avrasiya məkanında sabitliyin qorunması, dinc həyatın yaranmasını müzakirə edə bilər: "Qazaxın dörd kəndinin qaytarılmasının razılaşdırılması, sülhməramlıların çıxarılması barədə ilkin rəsmi məlumat, Gürcüstandakı hadisələr, Türkiyə-Ermənistan sərhədinin açılması iki prezidentin müzakirə predmeti olacaq. Azərbaycan çox mühüm strateji tərəfdaş və regionda sözünü deyən güc olduğundan təhlükəsizlik, iqtisadi və logistika məsələləri müzakirə edilə bilər".

Onun vurğulamasına görə, Azərbaycan daxili-xarici siyasətindən geri çəkilən deyil: "Bura Rusiya və digər dövlətlər ilə qonşuluq siyasəti də daxildir. Müəyyən formatda bu proseslərin həyata keçirilməsi labüddür. Xüsusən də heç bir vasitəçi olmadan Ermənistan-Azərbaycan münaqişəsinin həlli və sülh müqaviləsinin imzalanması bizim üçün vacibdir".

'Əliyevin və Putinin dünyaya baxışı çox yaxındır'. Müttəfiqlik bəyannaməsinin iki ili #Izahla
Gözlə

No media source currently available

0:00 0:09:16 0:00

"Balans siyasəti bitib"

Amma A.Qasımlı Azərbaycanla Rusiya yaxınlaşmasının Bakının Qərblə münasibətlərində artıq problemlər yaşatdığını düşünür: "Paris-Bakı münasibətləri dediyimi təsdiqləyir, Fransanın Azərbaycandakı səfiri məsləhətləşmələr üçün geri çağırılıb. Hələ növbəti addımların necə olacağı bilinmir. O cümlədən, ABŞ-la münasibətlər yaxşı deyil. Son iki dövlətlə müqayisədə Bakının Berlinlə münasibətləri yaxşı sayıla bilər".

Onun fikrincə, Azərbaycanın Qərblə münasibətləri qırılma nöqtəsindədir: "Lakin bu proses yeni deyil, iki ildir başlayıb. Sadəcə, gedişat Azərbaycanla Ermənistanın sülh sazişinin imzalanmasından, yaxud sərhəddə hərbi toqquşmanın olacağından asılı olacaq. Amma Qərb Azərbaycana öz müttəfiqi kimi baxmır, balans siyasəti bitib, hakimiyyət Rusiyadan yana siyasətini edib. Qərbin bu gün istəyi odur ki, Cənubi Qafqazda hər hansı konflikt nöqtəsi olmasın, münasibətlərə də bu nöqteyi-nəzərdən baxılacaq".

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin yeddi rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona (Laçın dəhlizi və Qarabağda təmas xəttinə) beş illik Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

İki ölkə arasında son illər həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, sülh sazişi imzalanmayıb. Əvəzində son aylar Azərbaycan və Ermənistan arasında birbaşa təmaslar artıb, sərhədin delimitasiyası ilə bağlı ilkin razılıqlar əldə edilib. Hazırda Azərbaycan səkkiz, Ermənistan isə 31 kəndinin ərazilərinin işğalda olduğunu deyir.

XS
SM
MD
LG