Tehran özünün nüvə stansiyalarında müşahidə kameralarının qurulmasına icazə verdikdən bir gün sonra İran Atom Enerjisi Təşkilatının sözçüsü deyib ki, İranın üzərindən bütün sanksiyalar qaldırılmayanadək BMT-nin nüvə gözətçisi bu kameralarla heç bir müşahidə apara bilməyəcək.
Sözçü Bəhruz Kəmalvəndi dekabrın 16-da deyib ki, kameralar bu müddətdə işləməkdə davam edəcək və görüntülər yaddaş kartında yığılacaq, yaddaş dolduqdan sonra isə İranın və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ortaq nəzarətinə veriləcək:
"Başqa sözlərlə, sanksiyalar qaldırılmadan agentliyin informasiyaya heç bir çıxışı olmayacaq”.
İran və BAEA Kərəc yaxınlığındakı sentrifuq qurğularında kameraların təzələnməsinə dair razılaşmanı dekabrın 15-də imzalamışdılar.
BAEA bu razılaşmanı “mühüm irəliləyiş” adlandırmış və nüvə qurğusunu müşahidə edə biləcəyini düşünmüşdü.
Tehran ötən iyunda məhz bu məntəqəyə iddia olunan İsrail hücumu nəticəsində ziyan dəydiyini bildirmişdi.
İran bunu da demişdi ki, həmin məntəqədə BAEA-nın dörd kamerasından biri hücum zamanı sıradan çıxıb və daha sonra isə buradakı bütün kameralar çıxarılıb.
İran kompromislərdən geri çəkilib
Tehran bu sentrifuq stansiyasında insidentdən sonra təhqiqat aparıldığını əsas gətirərək BAEA-nın buraya girişini dayandırmışdı.
İran kameralar barədə yeni razılaşmanı, yalnız Qərb qüvvələri 2015-ci il nüvə sazişinin dirçəldilməsi üçün vaxtın daraldığı barədə xəbərdarlıq verdikdən sonra, qlobal sanksiyaların qaldırılması müqabilində imzalamışdı.
Qərb güclərinin dediyinə görə, İranın bundan əvvəl əldə olunmuş kompromislərdən geri çəkilməsi ilə bağlı Vyana danışıqlarında önəmli bir irəliləyiş əldə olunmayıb.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkəsini bitrtərəfli qaydada 2015-ci il sazişindən çıxardıqdan sonra Tehranın üzərinə sanksiyalar bərpa olunub və İran cavab olaraq əksər öhdəliklərindən geri çəkilib.
Prezident Co Bayden deyib ki, ABŞ bu razılaşmaya yalnız İran onun şərtlərinə əməl etdikdən sonra qayıda bilər.
Tehran isə əvvəlcə onun üzərindəki sanksiyaların qaldırılmasında israr edir.