Keçid linkləri

2025, 05 Yanvar, bazar, Bakı vaxtı 10:56

BMT İranın nüvə sazişinin şərtlərinə əməl etdiyini bildirir


BMT-nin nüvə gözətçisi bildirir ki, İran 2015-ci ildə 6 dünya gücü ilə imzaladığı nüvə razılaşmasının şərtlərini yerinə yetirməkdə davam edir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin fevralın 22-də ABŞ mediasına məlum olmuş rüblük məxfi hesabatında deyilir ki, Tehran sazişin əsas tələblərinə cavab verir.

Bundan əvvəl ABŞ prezidenti Donald Trump Konqresə və Avropa müttəfiqlərinə nüvə sazişindəki “fəlakətli qüsurların” aradan qaldırılması üçün vaxt qoyub. Həmin vaxta 4 ay qalır. Trump deyib ki, nüvə sazişindəki qüsurlar aradan qaldırılmasa Vaşinqton bu razılaşmadan çıxacaq.

Trump və başqa ABŞ rəsmiləri iddia edirlər ki, Tehran özünün ballistik raket proqramını inkişaf etdirməklə nüvə sazişinin “ruhunu” pozur.

İran bu ittihamları rədd edir və bildirir ki, onun nüvə proqramı sırf dinc məqsədlər güdür, raket proqramı isə yalnız müdafiə xarakteri daşıyır.

Trump habelə ondan əvvəlki prezident tərəfindən imzalanmış bu sazişin 2026-cı ildə bitməsindən narahatdır.

İranla ABŞ, Britaniya, Fransa, Almaniya, Çin və Rusiya arasında imzalanmış nüvə sazişi Tehranın öz nüvə proqramını məhdudlaşdırması müqabilində onun üzərindəki sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.

Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatları İranın bu sazişin imzalanmasınndan keçən iki il ərzində sənədin şərtlərinə qeyd-şərtsiz əməl etdiyini göstərir.

Ən son hesabata görə İran özünün uran zənginləşdirən sentrifuqlarının sayını və aşağı zənginlikli uran ehtiyatlarını, habelə reaktorların soyudulması üçün ağır suyu sazişdə razılaşdırılmış maksimum səviyyədən aşağı həddə saxlayır.

Beylənəlxalq Atom Enerjisi Agentliyinin hesabatında bu da qeyd olunur ki, İran “gələcəkdə dəniz nüvə mühərriki qurğularının tikintisini planlaşdırıdığını” rəsmi məktubla bildirib.

Agentlik bildirir ki, Tehrandan bu nüvə mühərriki qurğularının ilkin layihəsi və məqsədi barədə daha geniş və təfərrüatlı məlumat verməsini istəyib.

Nüvə mühərriki qurğularından ən müxtəlif nəqliyyat növlərində, o cümlədən gəmi və sualtı qayıqlarda istifadə olunur.

Tehran hələlik bu sorğuya cavab verməyib.

XS
SM
MD
LG