Keçid linkləri

2025, 26 Mart, çərşənbə, Bakı vaxtı 19:30

İranda qadın prezident seçilə bilərmi?


İran. Qadın etiraz edir.
İran. Qadın etiraz edir.

Konstitusiya Mühaffizləri Şurasına rəsmi müraciət olunub ki, konstitusion baxımdan həssas "siyasi dini şəxsiyyət" anlayışına tərif versin. Bu termin İranda prezidentliyə namizədliyini verə bilən şəxsləri müəyyənləşdirir.

Müraciəti nüfuzlu Qum Müəllimlər Seminariyası Cəmiyyətinin sədri Ayatollah Mohammad Yazdi göndərib.

Konstitusiya Mühaffizləri Şurasının sözçüsü Abbas Ali Kadkhodaei Mehr xəbər agentliyinə (MNA) müsahibəsində Yazdi-nin şuraya müraciət etdiyini təsdiqləyib. O bildirib ki, ziddiyyətli terminə nə vaxt baxılacağı, hələlik, bəlli deyil.

Buna da bax:​ Rouhani-ni seçki saxtakarlığında suçlayırlar

İran. Mohammad Yazdi
İran. Mohammad Yazdi

“KİŞİ”, YOXSA “ŞƏXS”?

Yazdi-nin özü də İranın seçkiyə nəzarət qurumu olan Mühaffizlər Şurasının üzvüdür.

İran Konstitusiyasının 115-ci maddəsində qeyd edilən arxaik və birmənalı olmayan bu ərəb termini (racal-i siasi maz-habi) daim İran qadınlarının prezidentliyə namizədliyi verməsi yolunda əsas əngəl olub. Bu termini həm müstəsna olaraq "kişilər", həm də "şəxslər" kimi təfsir etmək olar. "Şəxslər" kimi bu termin qadınlara da aid olur.

İranda qadın hüquqları fəalları 40 ilə yaxındır ki, sonuncu yozum uğrunda mübarizə aparırlar. Mayda keçirilmiş sonuncu prezident seçkilərində 140-a qədər qadın irəli çıxaraq ölkənin ən yüksək vəzifəsinə namizədliyini verib.

Buna da bax: Nağı Mahmudi: 'Təəssüf ki, İranda azərbaycanlıların belə partiyası yoxdur'

Keçmiş millət vəkili və İran İslam Respublikasının banilərindən olan Ayatollah Mahmoud Taleghani-nin qızı Azam Taleghani bu dəfə də qadın namizədlərin arasında idi. Ancaq şura digər qadın namizədlər kimi onun da namizədliyini ləğv etdi.

MƏSƏLƏ DƏFƏLƏRLƏ MÜZAKİRƏ OLUNUB

Avqustun 10-da Konstitusiya Mühaffizləri Şurasının sözçüsü "siyasi dini şəxsiyyət" termininin təfsir olunacağını və aydınlaşdırılacağını bəyan edib.

Ancaq bu ilk dəfədir ki, tamamilə kişilərdən ibarət olan Mühaffizlər Şurasının üzvü rəsmən bu ziddiyyətli terminin aydınlaşdırılmasını tələb edir.

Bir çox qadın haqları fəalı ərəb termini olan "racal" sözünün, sadəcə, "kişi" demək olmadığını, qadınları da əhatələdiyini düşünür. Onlar bunu əsas gətirərək, qadınların da prezidentliyə namizəd ola biləcəyini deyirlər. Qadınların İranda seçicilərin, az qala, yarısını təşkil etməsinə baxmayaraq, Mühaffizlər Şurası hər dəfə qadınların namizədliyini ləğv edir.

Buna da bax:​ İran seçkiləri: 5 arvadlı molla, qalstuklu və 3 yaşlı qız namizəd...

Mehr agentliyi Mühaffizlər Şurası sözçüsünə istinadən yazır ki, sözügedən termin və onunla bağlı sözlər şuranın bir neçə iclasında və onun Tədqiqat Mərkəzində müzakirə olunub.

1979-CU İLDƏN BƏRİ BİRCƏ QADIN NAZİR OLUB

Bəzi fəallar terminin Mütəxəssislər Şurası tərəfindən aydınlaşdırılmalı olduğunu deyirlər.

Arxaik və ziddiyyətli ərəb termininin yozumuyla bağlı debat qadınların prezident Hassan Rouhani-nin kabinetində layiqincə təmsil olunmağa ümidlərinin doğrulmadığı vaxta düşür.

Buna da bax: İsrailli yazıçının fələstinli həmkarına təklif etdiyi maraqlı sülh planı

1979-cu ildən bəri İranda kabinet vəzifəsi almış yeganə qadın 2009 - 2013-cü illərdə prezident Mahmud Ahmadinejad-ın kabinetində səhiyyə naziri olmuş Marzieh Dastjerdi-dir.

İran regionda qadınların nazir vəzifəsinə təyin olunduğu ilk ölkələrdən biridir. Həkim, müəllim və millət vəkili Farrokhroo Parsa Şah dövründə, 1968 - 1971-ci illərdə nazir olub.

1979-cu il inqilabından sonra ona qarşı İslam İnqilab Məhkəməsi tərəfindən ziddiyyətli ittihamlar irəli sürülüb və o, atıcı briqada tərəfindən güllələnərək edam edilib.

XS
SM
MD
LG