Avstriyanın keçmiş vitse-kansleri, uzun müddət ifrat sağçı Azadlıq Partiyasının lideri olmuş Heynz-Kristian Straşe iyulun 6-da korrupsiya ittihamları ilə mühakimə olunacaq. O, hakimiyyətdən məhz bu qalmaqalla bağlı getməli olub.
Rusiyaya bağlı şübhələr
Straşe 2019-cu ildə yayılmış videodan sonra vitse-kansler vəzifəsindən istefa verib. Videoda onun özünü rusiyalı investor kimi təqdim edən bir qadına siyasi ianə qarşılığında kontrakt təklif etdiyi iddia olunurdu.
Görüş 2017-ci ilin iyulunda İspaniyanın İbiza adasında baş tutub. Bundan üç ay sonra isə Straşenin Azadlıq Partiyası hakimiyyətə gəldi, o isə vitse-kansler oldu.
Straşe istefa verənəcən 14 il ərzində Azadlıq Partiyasına başçılıq edib. Onun partiyası anti-immiqrasiya siyasəti və ifrat-sağçı ekstremistlərlə əlaqələri ilə seçilib, üstəlik, Rusiyanın maraqlarını təmin etməklə bağlı şübhələr olub.
Videonun yaratdığı qalmaqal korrupsiya araşdırmalarına yol açıb.
Kurzla bağlı təhqiqat gedir
İyulun 6-da məhkəmədə Straşenin Azadlıq Partiyasının varlı donoru üçün qanunun dəyişdirilməsinə iddia olunan köməyi araşdırılacaq. O zaman Straşe Kansler Sebastyan Kurzun sağ-mərkəzçi Xalq Partiyası ilə koalisiya hökumətində idi.
İbizadakı görüşlə bağlı 2019-cu ildə video yayılanda koalisiya dağıldı. Kurz isə vaxtından əvvəl seçkini udaraq yenidən kansler vəzifəsinə keçdi.
Həmin videoda Straşe iddia edirdi ki, bir neçə tanınmış milyarder və beynəlxalq mərc şirkəti assosiasiyalara qeyri-rəsmi ianələrlə siyasi partiyaları dəstəkləyirlər. Assosiasiyaların bəziləri isə Xalq Partiyasının aparıcı üzvlərinə məxsusdur.
Straşenin vəkili özünün və müvəkkilinin məhkəmədən öncə, yaxud proses gedərkən şərh verməyəcəyini deyib.
Kurzun isə parlament komitəsinə saxta bəyanat verməsinə dair təhqiqat aparılır. Özü iddianı rədd edir.