Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:03

Konqresmenlərin “Bakı hədiyyələrinin” yeni təfərrüatları açıqlanıb


"The Hill" qəzeti yazır ki, hazırkı Konqresin 9 üzvünə və 32 əməkdaşına Bakıda keçirilən konfransda iştirak etdikləri vaxt minlərlə dollar qiyməti olan hədiyyələr verilib

Megan R. Wilson Vaşinqtonda çıxan “The Hill” siyasət qəzetində yazır ki, ABŞ millət vəkilləri Azərbaycan hökumətinin onlar üçün məxfi şəkildə təşkil etdiyi səfər zamanı aldıqları hədiyyələri qaytarıblar.

Konqresdə etika və intizam məsələlərinə nəzarət edən gözətçi qrup bu səfərin və hədiyyələrin millət vəkilliyi ilə bir araya sığmadığını bəyan etmişdi.

Yaşma qaşlı sırğalar, çay dəstgahları, ipək şərflər və xalçalar da daxil, hədiyyələr Baş Xidmətlər Administrasiyasına (General Services Administration - GSA) təhvil verilib.

“The Hill” qəzeti bildirir ki, hədiyyələrin siyahısını İnformasiya Azadlığı Qanununa (Freedom of Information Act) uyğun olaraq həmin qurumdan alıb.

Yeni informasiyada konqresmenlərin 2013-cü il Bakı səfərinə dair yeni təfərrüatların olduğu bildirlir.

Konqres Etikası Ofisinin (Office of Congressional Ethics - OCE) məlumatına görə hazırkı Konqresin 9 üzvünə və 32 əməkdaşına Bakıda keçirilən konfransda iştirak etdikləri vaxt minlərlə dollar qiyməti olan hədiyyələr verilib.

Bəzi konqresmenlər Bakıdan sonra Türkiyədə olmuş və orada da müxtəlif hədiyyələr almışdılar.

OCE-nin hesabatı 2015-ci ilin 8 mayında Nümayəndələr Palatasının Etika Komitəsinə təqdim edilmiş və oradan “The Washington Post” qəzetinə sızmışdı.

Texasda mənzillənən OCE bildirir ki, səfəri təşkil edən qeyri-mənfəət təşkilatları saxta bəyanatlar verərək səfərin özləri tərəfindən təşkil edildiyini bildirsələr də, sonradan bu səfərin Azərbaycanın dövlət neft şirkəti – SOCAR tərəfindən maliyyələşdirildiyi bəlli olmuşdu.

“Azərbaycanın dostları”

SOCAR bütün ittihamları rədd etmiş və bildirmişdi ki, qeyri-hökumət qrupları səfərin təşkilində köməklik göstəriblər. Halbuki SOCAR bu təşkilatlara 750 min dollar ödəmişdi.

Lakin sözü gedən qrup – Azərbaycanın Dostları Assambleyası (Assembly of the Friends of Azerbaijan) qanunla tələb olunan sənədləri təqdim edə bilməmişdi.

Amma həm OCE, həm də Nümayəndələr Palatası Etika Komitəsi bildirmişdilər ki, millət vəkilləri səfərin qanunsuz təşkil edildiyini bilməyə bilərdilər.

Bununla belə, Etika Komitəsinin hesabatının açıqlanmasına bir həftə qamış konqresmenlər Bakıda aldıqları hədiyyələri qaytarmağa başlamışdılar.

Konqresin 9 üzvünə və 32 əməkdaşına Bakıda keçirilən konfransda iştirak etdikləri vaxt minlərlə dollar qiyməti olan hədiyyələr verilib

Respublikaçılar Yvette Clarke, Jim Bridenstine və demokratlar Michelle Lujan Grisham və Rubén Hinojosa bütün hədiyyələri Baş Xidmətlər Administrasiyasına qaytarmışdılar.

“The Hill” yazır ki, hədiyyələrin arasında həmçinin press-papyelər, qələmlər, dəri cildli gündəliklər, xalçalar və Azərbaycan prezidenti haqqında DVD-lər komplekti olub.

Bir çox konqresmenlər xalçaların onların otel otaqlarına onlar konfransda olarkən qoyulduğunu söyləyiblər.

“The Hill” yazır ki, adətən Konqres üzvləri onlara verilən hədiyyələr etika hüdudlarını aşdıqda hədiyyələri ya onu verənə qaytarmalı, ya da “ədalətli bazar qiymətini” ödəməlidirlər.

Üzvlər hədiyyələri GSA məmuruna da təhvil verə bilərlər.

Etik qaydalara görə millət vəkilləri qiyməti 50 dollardan baha olan hədiyyələri qəbul etməməlidirlər. Hökumətlər və təşkilatlar tərəfindən verilən hədiyyələr isə 350 dollardan baha olmamalıdır.

Bir çox konqresmenlər hədiyyələrin bu qiymətdən ucuz olduğunu düşündüklərini bildiriblər.

Həddiyələr necə olub?

“The Hill” qəzetinin yazdığına görə, Azərbaycan və Türkiyəyə nişanlısı ilə səfər etmiş Lujan Grisham deyib ki, səfər zamanı aldığı hədiyyələrin əksəriyyəti onun ofisində olub. Sırğalarə, büllur çay dəstgahı və böyük xalçanı isə xanım Grisham Vaşinqtondakı mənzilində saxlayıb.

Xanım millət vəkili ümumilikdə Konqres məmuruna 34 adda hədiyyə təhvil verib. Onun başqa həmkarlarından daha çox hədiyyə aldığı bəlli olub. Onun ofisi hədiyyələrin 2015-ci il iyulun 23-də qaytarıldığını bildirsə də, hədiyyələrin oktyabrın 20-də qaytarıldığı məlum olub.

Bu hədiyyələrin arasında üç sakvoyaj, iki bəzəkli boşqab, press-papye, bir neçə çay servizi, sırğalar, prezident Əliyev haqqında DVD-lər, Azərbaycan xəritəsi, şərf, dəri cildli dəftərlər və iki şüşə odekalon vardı.

OCE-nin hesabatında deyilir ki, Jim Bridenstine-nın hədiyyələri arasında qiymətlərinin 3500 və 2500 dollar olduğu söylənən iki xalça olub. O xalçaları 2013-cü ildə “sahibinə” qaytardığını bildirib.

Bridenstine “The Hill” qəzetinə deyib ki, 6 fincandan ibarət çay dəstgahı Konqres məmuruna təhvil verilib. OCE-nin internetdən aldığı məlumata görə çay dəstgahının təxmini qiyməti 85 dollar olub.

GSA həmçinin Hinojosa və Clarke-dan xalça və bənövşəyi ipək yaylığı təhvil alıb.

Daha iki millət vəkili respublikaçılar Gregory Meeks və Danny Davis xalçaları xeyriyyəyə və yerli məktəbə ianə etdiklərini deyiblər.

Davis dəri cildli gündəliyi onun ofisində könüllü çalışanlardan birinə hədiyyə etdiyini söyləyib.

Respublikaçılar Ted Poe və Leonard Lance, habelə demokrat Sheila Jackson Lee bu səfərdə olsalar da, araşdırma zamanı OCE-yə ifadə verməyiblər.

Lance-ın ofisindən “The Hill” qəzetinə bildirilib ki, millət vəkili heç bir hədiyyə almayıb.

XS
SM
MD
LG