Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:49

"O qədər rüşvət istədilər, müflis oldum"


►“Ayyarımdı, evdə oturmuşam. O qədər rüşvət istəyən oldu ki, işləyə bilmədim, müflis oldum.

Kim gəlir, rüşvət istəyir, deyir “ya filan qədər verməlisən, ya da cərimə etməliyik””.

Restoran biznesində 20 illik iş təcrübəsi olan Rafiq Quliyev təxminən 2 il öncə özü restoran açıb, sahibkar kimi fəaliyyətə başlayıb. Amma bu fəaliyyəti çox çəkməyib. “Hazırda 8 min manat kredit borcum var,” deyən Rafiq, banka rüşvət üstündə borclandığını bildirir. Dediyinə görə, sahibi olduğu restoranın qapısı qapadılmasın deyə, “yoxlamalar” adı altında çox xərcə düşüb, hətta bu xərc gəliri üstələdiyindən öz açdığı qapını elə özü də qapatmalı olub.

Buna da bax: "İlqar Məmmədovun həyatına təhlükə var"

“BU CÜR QANUNLAR ƏN ÇOXU 1-2 AY TƏTBİQ OLUNUR”

İndi o, Milli Məclisin iki gün öncə qəbul etdiyi qərardan xəbərdardır. Söhbət “Sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması haqqında” qanundan gedir. Amma hələ ki, işinin başına dönməyi düşünmür, deyir, adətən bu cür qanunlar ən çoxu 1-2 ay tətbiq olunur, sonra ancaq kağız üzərində qalır. Odur ki, hələ gözləyir.

Sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması prezidentin təşəbbüsüdür. Sözügedən qanun layihəsini Milli Məclisə oktyabrın 19-da İlham Əliyev göndərib. Artıq Milli Məclisin də qəbul etdiyi qanuna görə, 2015-ci il noyabrın 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.

Bildirilir ki, bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallarda yoxlamalar aparıla bilər, həm də müəyyən məhdudiyyətlər nəzərə alınmaqla.

O da əlavə olunur ki, sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Buna da bax: “Sehrli xalat” sənədli film oldu

“BUGÜNƏDƏK BÜTÜN YOXLAMALAR QANUNSUZ İMİŞ?!”

Qida məhsullarının satışı və tikinti sahəsində çalışan sahibkar Rauf Həmidov deyir ki, sözügedən qanunun qəbulu hələ ki, onun üçün qaranlıq məsələdir.

“Yalnız tətbiqindən bir müddət sonra bunun nə dərəcədə faydalı olduğunu demək mümkün olacaq,” söyləyən sahibkar, ümumiyyətlə, yoxlamaların əleyhinə deyil, əgər söhbət həqiqətən də, qanun çərçivəsində tələb olunan yoxlamalardan gedirsə:

“Tutalım ki, mən restoran sahibiyəm və həmin restoranı pinti saxlayıram, sanitar-gigiyenik qaydalara əməl etmirəm və əhaliyə keyfiyyətsiz ət verirəm. Belə olan halda, məni yoxlamayacaqlar. Və ya belə çıxır ki, bugünədək bütün yoxlamalar qanunsuz imiş. Söhbət hansısa yoxlamanın olub-olmamasından getmir. Söhbət heç verginin də çox olmasından getmir. Ən çox vergisi olan ölkələr Skandinaviya ölkələridir, amma o ölkələr inkişaf edir, dağılmır. Əsas odur ki, qanunlar həmin ölkənin həm şahı, həm də rəiyyəti üçün eyni olsun”.

Rauf Həmidov vergilər sisteminin şəffaflaşdırılmasını, əlavə dəyər vergisi ilə sadələşdirilmiş vergi arasındakı fərqin azaldılmasını, rüşvətin tamamilə aradan qaldırılmasını daha məqsədəuyğun hesab edir.

Buna da bax: “Mərkəzi Bank bankların çaldığı havanı oynayır...”

“DOLANIŞIĞIMIZ XEYLİ DÜZƏLƏR”

Amma yeni qanunun qəbulu ilə “qapımızı döyən azalacaq” deyə sevinən sahibkarlar da az deyil. Şəxsi bərbərxanası olan Aqşin deyir ki, bundan sonra daha rahat işləyəcəyinə inanır:

“Biz sahibkarları çox incidirlər. Amma belə qanun çıxıbsa, deməli, vəziyyət düzələcək. Qanunu icra etsələr, bizim dolanışığımız xeyli düzələr. Yoxsa ki, hər dəqiqə vergisi gəlir, sosialı gəlir”.

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli isə yeni qanunun sadəcə kağız üzərində qalacağını düşünür, onu həyata keçirəcək mexanizmin olmadığını deyir:

“QANUNSUZ YOXLAMALAR ÜMUMİYYƏTLƏ NİYƏ OLMALIDIR Kİ?!”

““Qanunsuz yoxlamalar dayandırılır” formulunun özündə bir məntiqsizlik var. Qanunsuz yoxlamalar bir ölkədə niyə olmalıdır ki? Və ya yoxlamanın qanuni olub-olmadığını kim müəyyənləşdirir? Əgər bu cür yoxlamalar məhdudlaşdırılırsa, niyə məhdudiyyət bir müddət qoyulur? Niyə birdəfəlik ləğv olunmur, qanunsuz yoxlamalar aparan qurumların funksiyaları əllərindən alınmır? Bu suallar, təəssüf ki, açıq qalır. Və belə bir durum iş adamları arasında qarışıqlıq yaradır və onlar bu məsələ ilə bağlı hökumət tərəfindən doğru-dürüst məlumatlandırılmır da. Yəni söhbət konkret hansı qurumlardan gedir? Qanunsuz yoxlama deyərkən nə nəzərdə tutulur? İş adamı yoxlamanın qanunsuz olub-olmadığını necə müəyyənləşdirməlidir? Bütün bu mexanizmlər açıq qalır. Sadəcə, insanların qulağına xoş gəlsin deyə, seçkiöncəsi bir pozitivlik yaransın deyə, belə bir məsələ gündəmə gətirilib və heç bir ictimai müzakirə olmadan Milli Məclis, dili çox çətin, anlaşılmaz olan, boşluqlarla dolu bir qanun qəbul edib. Bu suallar öz cavabını tapmasa, mexanizm işlənməsə, qanun da işləməyəcək”.

Buna da bax: MSK Müsavata yox dedi...

VAHİD YOXLAMA REYESTRİ TƏTBİQ OLUNSUN!

Sahibkarlara əlverişli mühitin yaradılmasından söhbət gedirsə, iqtisadçı sahibkarlıq fəaliyyətinə müdaxilə etmək səlahiyyətində olan qurumların minimuma endirilməsini, vahid yoxlama reyestrinin real tətbiqini vacib hesab edir.

Yeni qanunu mətbuata şərh edən əksər millət vəkilləri isə düşünürlər ki, sözügedən yenilik sahibkarlığın, qeyri-neft sektorunun inkişafına, vergi ödəmələrinin artmasına əhəmiyyətli təsir edəcək.

“Sahibkarlığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir” – prezidentin fərmanında da belə deyilir.

Amma Azərbaycan əksər beynəlxalq hesabatlarda azad sahibkarlıq mühitinin olmamasına görə tənqid olunan ölkələr sırasındadır.

XS
SM
MD
LG