Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:38

Lavrov Yerevan və Bakının vəziyyəti nizamladığını deyir


S.Lavrov
S.Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 23-də BMT-nin Baş Assambleyasında çıxışında bildirib ki, "Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsi tədbirlərinin vaxtı çatıb" və Moskvanın qoşunları buna kömək edəcək.

Lavrov Qərbi özünü iki ölkə arasında vasitəçi kimi xidmət göstərməyə məcbur etməyə çalışmaqda günahlandırıb və buna ehtiyacın olmadığını deyib.

"Yerevan və Bakı faktiki olaraq vəziyyəti nizama salıblar", - Lavrov deyib. "Qarşılıqlı etimadın yaradılmasının vaxtı çatıb. Orada buna mütləq kömək edəcək rus qoşunları var, " Lavrov bildirib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov isə öz çıxışında Azərbaycanın “antiterror tədbirlərinin qarşıya qoyulan məqsədlərə” çatdığını bildirib.

“Ermənistan və onun tabeliyindəki qeyri-qanuni rejim tərksilah, bütün qondarma strukturların ləğvi və qüvvələrin Azərbaycandan çıxarılmasına razı olmaq məcburiyyətində qaldı,” o deyib.

Nazir bunun sülh yolu ilə baş verməməsinin səbəbini “Ermənistanın etinasızlığı və iştirak edən vasitəçilərin adekvat addımlar atmaması” olduğunu deyib.

Ceyhun Bayramov Azərbaycanın bölgədə tərksilah, demobilizasiya və yerlərdə reinteqrasiya üzrə praktiki addımlara başladığını söyləyib. O həmçinin hakimiyyət orqanlarının humanitar dəstək tədbirlərinin həyata keçirilməsinə başladığını və yerli mülki əhalinin ehtiyaclarını ödəmək üçün bütün səylərin səfərbər edildiyini bildirib.

“Bu xüsusda, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinləri bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya etmək əzmində olduğunu bir daha bildirmək istərdim. Azərbaycan Konstitusiyası və milli qanunvericiliyi, qəbul etdiyimiz beynəlxalq öhdəliklər bu məqsədə çatmaq üçün möhkəm zəmin yaradır,” o deyib.

Nazir Azərbaycanın iki ölkənin legitim maraqlarına bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında Ermənistanla əsl dialoqa və danışıqlara hazır olduğunu qeyd edib.

Xatırlatma

Sentyabrın 19-da rəsmi Bakı "lokal antiterror tədbirləri"nə başladığını elan edərək erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib. Bir gün sonra hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlanıb. Razılığa əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə (Xocavənd rayonu daxil) və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG