"The Matrix" (Matris) (1999) filmini görənlər bilir ki, bu elmi fantastika filmində 200 il bundan sonrakı gələcəkdə süni zəka insanları qula çevirib. İnsanların real dünya kimi qəbul etdikləri şey əslində simulyasiyadır. Filmin mənfi qəhrəmanı, özü də bir kompüter proqramı olan Agent Smit deyir ki, onların qoruyub saxlamalı olduğu virtual reallıq, başqa sözlə, Matris XX əsrin sonlarında sırf bu məqsəd üçün yaradılıb. Bundan sonra insan sivilizasiyasının qara günləri başlayıb.
BBC yazır ki, geriyə baxanda Agent Smitin haqlı olduğunu görmək olur. Doğrudan da, 1999-cu ildə ölkələrin iqtisadiyyatları çiçəklənirdi. 11 Sentyabr hücumu hələ baş verməmişdi. Pandemiya isə çox uzaq bir tarix idi.
Matris heyranları
Bu dövr kinonun da pik dövrü idi. Elə həmin 1999-cu ildə Hollivudda "Fight Club", "Office Space", "Being John Malkovich" və "The Matrix"in özü kimi filmlər çəkilib. "The Matrix" tamaşaçıları dünya, reallıq və mövcudiyyəti sorğulamağa vadar edirdi.
Bu filmin bəzi fanatları hər şeyi ciddi qəbul edərək filmin əsas ideyasının real olduğuna inanırmış. Bu il çıxan "A Glitch in the Matrix" adlı sənədli filmdə rejissor Rodni Aşer buna inanan insanlardan müsahibə alır. Bu adamlar inanırlar ki, biz hamımız Matrisin içində yaşayırıq.
"The Matrix" seriyasından olan yeni film – "The Matrix Resurrections"ın çıxması ətrafında yaranan həyəcan filmin bugünədək hələ də sevildiyini göstərir. Bu yeni, dördüncü sekveldə ən çox sevilən qəhrəmanlardan üçünün yenidən diriləcəyi deyilir. Hakerlər Neo və Triniti üçüncü filmdə ölmüş kimi görünmüş, inqilabçı Morfeus isə "The Matrix Online" videooyun seriyasında öldürülmüşdü. İndi onların üçü də qayıdır. Hərçənd, Morfeus daha gənc versiyada qayıdır. Bu seriyanı bəzəyən kunq-fu hərəkətləri və nəyin real olması haqda düşüncələr də öz yerində.
Bir treyler buraxılıb, amma...
Filmin yalnız bir treyleri buraxılıb. Matris həvəskarları bu treylerin köməyi ilə filmdə nələrin olacağını tapmağa çalışırlar. Ancaq maraqlıdır ki, "The Matrix"in mərkəzi ideyası olan virtual reallıq və simulyasiya nəzəriyyəsi indi artıq içində yaşadığımız reallığa daha çox bənzəməyə başlayıb. Doğrudan da, artıq həqiqət elmi fantastikadan daha qəribə səslənir. Belə bir şəraitdə yeni Matris filmi və ümumilikdə kiberpank janrı tamaşaçıya nə təklif edə bilər?
"Kiberpank" termini 1983-cü ildə amerikalı yazıçı Brüs Betkenin "Cyberpunk" adlı qısa hekayəsindən qaynaqlanır. Bu hekayədə texnoloji baxımdan çox irəlidə olan cəmiyyətdə yaşayan bir qrup üsyankar uşaq məktəbdən qaçaraq haker üsulu ilə bir bankı yarır. Betke bu terminlə bağlı ideyasını da bölüşüb. O bu terminlə texnologiya ilə sosial baxımdan yanlış istiqamətləndirilmiş gəncləri birləşdirmək istəyirmiş. Yazıçı buna qədər başqa versiyaları da yoxlayıb və, nəhayət, "kiberpank" ideyasının üstündə dayanıb.
"Yüksək texnologiya, alçaq həyat"
Filip Kindred Dik də erkən kiberpank yazarlarından biridir. Onun 1968-ci ildə yazdığı "Androidlər elektrik qoyun arzularmı" (Do Androids Dream of Electric Sheep) romanı janrın ilk konturlarını formalaşdırmağa başlayıb. Romanın film versiyası da var. 1982-ci ildə çəkilmiş məşhur "Blade Runner" filmi bu romanın əsasında çəkilib. Bu filmin özü də kiberpank subjanrının ən ölməz işlərindən biridir.
Məqalədə janrın qısa təsviri belə verilib: "yüksək texnologiya, alçaq həyat".
Kiberpankın yaranmasından bəri onilliklər keçsə də, bu janr hələ də sevilir və hətta özünün bum dövrünü yaşayır.
Pondsmitin stolüstü oyunundan ilham alan "Cyberpunk 2077" oyunu isə son illərin ən populyar videooyunlarından biridir. Bu oyunda oyunçular 50 il bundan sonra qayda-qanun olmayan bir şəhərdə gəzirlər. 2020-ci ilin dekabrında çıxan oyunun elə ilk aydaca 10 milyon nüsxəsi satılıb.