Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:06

Mühacir bloqqerin anası: 'Yoldaşıma deyiblər, 2 qızının videolarını çəkib YouTube-a qoyduracağıq'


Bloqqer Məhəmməd Mirzəli
Bloqqer Məhəmməd Mirzəli

«Yoldaşıma da deyiblər: «Bax, «qrajdanskilər» qızlarını yolda getdikləri yerdən götürəcəklər». İki qızım var yanımda. Biri işləyirdi, amma bir həftədir işə getmir. Heç nəvəmi də bu həftə dərsə buraxmamışam. Qorxuram, qız uşağıdır. Bu söz deyilibsə, nəsə yəqin edərlər. Daha bu hakimiyyətdən nə desən gözləyirəm. O biri qızım da evdə oturur. Heç özüm də evdən çıxmıram, lazım olan şeyləri almağa mağazaya belə getmirəm», – Fransada mühacirətdə yaşayan, bloqqer Məhəmməd Mirzəlinin anası Zümrüd Mirzəliyeva AzadlıqRadiosuna müsahibəsində belə söyləyir.

O, sosial şəbəkədə yayılan videomüraciətində mühacir oğlunun Facebook-da hakimiyyətin ünvanına yazdıqlarına görə yoldaşının və kürəkəninin polisə aparıldığını, qızlarının hədələndiyini bildirir.

AzadlıqRadiosu Z.Mirzəliyeva ilə söhbəti təqdim edir:

- Vallah halım yoxdur. Necə olacam? İki balamın arasında qalmışam. Kürəkənimi tutublar. Dəli olmuşam. Heç bir xəbər yoxdur. Elə yoldaşıma bir onu deyiblər: «Qızını boşatdıracağıq, kürəkənin içəridən çıxsın, qızını boşayacaq, o biri iki qızını da gətirəcəyik bura, videolar çəkdirəcəyik, YouTube-a qoyulacaq, biabır olacaqsan».

Zümrüd Mirzəliyeva: "Bizi 2016-da Göyçay rayon polis idarəsinə çağırmışdılar, orda bizə təklif etdilər ki, «oğlunuzdan imtina edin".
Gözlə

No media source currently available

0:00 0:08:48 0:00
Direct-ə keçid

- Bunu yoldaşınıza kim deyib?

- Yoldaşımı da səhər-səhər, ötən altıncı gün gəlib evdən götürmüşdülər.

- Yəni polislər deyib?

- Bəli. Bakıya aparıblar (bloqqerin ailəsi Göyçayda yaşayır). Orda deyiblər.

- Bakıda hara aparıblar?

- Mütəşəkkil nədi? Ora haradırsa, ora aparıblar.

- Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə?

- Bəli, ora. Ona görə videomüraciət yaydım ki, camaat mənə dəstək çıxsın. Dedim, bəlkə orda oturanlar, bilməyənlər görərlər ki, mənim kürəkənim doğrudan da günahsızdır. Kürəkənimin bizə qatışacağı yoxdur, axı. Onun özü qaçqın adamdır, Laçından məcburi köçkündür. Onun bu işlə əlaqəsi yoxdur. İki körpə balası var. Gündəlik çörəkpulunu qazanan fəhlə adamdır. Yoldaşımı aparmışdılar, elə onu tutaydılar, Elmanı niyə tuturlar ki?

- Qızınız bu haqda nə düşünür?

- Dünəndən bəri onlarla əlaqəmiz kəsilib. Qızım yoldaşını istəyir. Onun özünün ailəsi var, qaynana-qayınatası var. Qızıma deyirəm ki, «get yoldaşınla bizdən imtina et, olmayaq biz, ailən olsun».

- Siz özünüz də deyəsən, oğlunuzdan imtina etmişdiniz?

- Bizi 2016-cı ildə Göyçay rayon polis idarəsinə çağırmışdılar, orda bizə təklif etdilər ki, «oğlunuzdan imtina edin. Mən də onlara cavab verdim ki, mən elə-belə dilimdə deyə bilərəm, amma ürəyimdə oğlumu necə silib atım? Valideyn kimi övladımdan imtina edə bilmərəm. Amma bacıları, qohum-əqrəba imtina edirsə, etsin. Hər kəs azaddır. Amma Azərbaycanda azad söz yoxdur. Heç kimin azad söz deməyə ixtiyarı yoxdur. Bu gün bir adam qorxusundan qapıma gələ bilmir. Bilirlər ki, bir həftə sonra onları da tutub aparacaqlar. Heç kim mənimlə nə telefon əlaqəsi yaradır, nə də qapıma gəlir. Hamı qorxur. Mən onları qınamıram. Heç kimdən heç nə istəmirəm. İstədiyim odur ki... Nəyə görə Bakı kimi yerdə mənim qızım tək qalmalıdır? Yoldaşını da tutublar.

- Bəs kürəkəniniz Elman Ağayev nə deyir?

- Bizdə səs yazısı var, bizə zəng vurmuşdu. «Gəlib hamınızın kökünü kəsəcəm. Saxlamayacağam sənin qızını» deyir. Mən onu qınamıram. Yoldaşım deyir: «Mənim yanımda onu məcbur zəng etdirirdilər». Yoldaşım da onunla bir yerdəydi. Yoldaşımı həmin axşam saat 7-də buraxdılar, Elmanı saxladılar.

- Sizdən istədikləri nədir?

- Deyirlər ki, Məhəmməd bütün fəaliyyətini saxlamalıdır. Bəyanat verməlidir ki, «hər şeyi saxlayıram, yazmağa davam etmirəm», ondan sonra Elman buraxılmalıdır. Elman deyir bizə bunu. Bir də Elman qızıma deyib: «Sizin burda videolarınız çıxacaq, videolarınız hazırlanır, sizi biabır edəcəklər». Yoldaşıma da deyiblər: «Bax, «qrajdanskilər» qızlarını yolda getdikləri yerdən götürəcəklər». İki qızım var yanımda. Biri işləyirdi, amma bir həftədir işə getmir. Heç nəvəmi də bu həftə dərsə buraxmamışam, qorxuram, qız uşağıdır. Bu söz deyilibsə, nəsə yəqin edərlər. Daha bu hakimiyyətdən nə desən gözləyirəm. O biri qızım da evdə oturur. Heç özüm də evdən çıxmıram, lazım olan şeyləri almağa mağazaya belə getmirəm.

- Yoldaşınız da evdədir?

- O, işdədir. Bu gün gedib. İki dəfə də zəng vurub: «Nə xəbər var?». Demişəm xəbər yoxdur. 2016-17-ci illərdə polisə aparılanda yoldaşımı işdən çıxarmaqla hədələyirdilər. Bu dəfə yoldaşımla maraqlanmırlar, Elmandan yapışıblar.

- Məhəmmədin baş verənlərə reaksiyası nədir? Nə deyir?

- Bu, Məhəmmədin öz yoludur. Mən ona nə deyim? Onun 15-16 yaşı yoxdur ki, təzyiq göstərəm. Allah qoysa, fevralda 24 yaşı olacaq. O, müstəqil, azad gəncdir. Onun da öz sözünü deməyə haqqı var.

- Söhbətə başlayanda dediniz ki, iki övladınızın arasında qalmısınız. Necə təsəlli edirsiniz onları, hansına haqq verirsiniz?

- Qalmışam iki balamın arasında. Amma Məhəmməd haqsız danışmır... Mənim də öz haqqım var. Bu gün it kimi yaşayıram. 160 manat maaşla bu boyda külfəti dolandırıram. Evdə iki boşanmış qızım var, hərəsinin yanında da bir övlad. Heç kim bilmir ki, bu gün qazanımda nə qaynayır. Haqsızlıq baş alıb gedir. Beş-on adamın yaxşı dolanması hamının yaxşı dolanması deməkdir?

- Videomüraciətdə deyirsiniz ki, mən ana olaraq övladıma cavabdehlik edə bilərəm, kürəkənimə yox. Əslində, 23-yaşlı oğula görə ana cavabdehdirmi?

- Mən o mənada deyirəm ki, bu gün aparırlarsa, məni aparsınlar, kürəkənimin nə günahı var? Oğulu böyüdən mənəm. Bir film var, «Onu bağışlamaq olarmı?». Ana sual edir: «Kimdir günahkar? Mənəmmi - onu dünyaya gətirən ana? Yoxsa müharibədir, ya taledir?». Mən də onu deyirəm ki, Məhəmmədi dünyaya mən gətirmişəm, ona görə Elman cavab verməli deyil ki... Mənim qızım orda iki uşaqla tək qalıb. Qayınata-qayınana tənbeh edir ki, «sənə görə uşağım həbs edilib». Mənim bircə xahişim var, Elman oradan çıxsın. Qızımla bir yerdə qalsa da, qalmasa da, oradan çıxsın, seçimi sonra özü edər. Mən də bilim ki, uşağım rahatdır. Amma Məhəmmədin sözünü dala götürəcəyinə də inanmıram. Məhəmmədə də o yolda heç nə deyə bilmərəm... Daxili İşlər Nazirliyi aparıb o uşağı... Bu qədər haqsızlıq olar? Deyir ki, qızını evdən götürəcəklər... Necə ölkədə yaşayırıq? Oğlum o sözü Fransada deyib, ondan burda mənə nə var? Ya kürəkənimə nə var? Sözdür deyib, hamı deyir. Bəs onlar yalandan çıxıb nələr demirlər, ay uşaqlar belə dolanır, ay özümüz belə yaşayırıq. Mənim evimdə iki atasız uşaq böyüyür. Hələ olmayıb ki, bir bayramda onları şəhərə çıxarım, hərəsinə 5 manat xərcləyim. Ancaq imkanlıların uşağı yaxşı yaşayır. Kasıb uşağı gün görmür. Bayramda kababı bişirirlər, iyi yayılır aləmə. Mənim kimi Azərbaycanda milyonlarla insan var.

- Oğlunuz niyə mühacirətə getdi?

- 12 yaşı vardı, maşın yuyulan yerdə işləyirdi. Əvvəldən kasıb olmuşuq, öz zəhmətimizlə dolanmışıq. Kimsə arvadının qızıllarını oğurlatdırıb satmışdı. Bilmirəm o adam kimiydi. Gətirib maşını yudurtmağa vermişdi. Bir saatdan sonra gəlib demişdi ki, guya maşını yuyanlar qızılı oğurlayıblar. Gecə saat 12-dək oğlum qarışıq dörd uşağı polis idarəsinə aparıb döydülər ki, oğurluğu boynunuza alın. O hadisə olanda Məhəmməd 12 yaşındaydı. Yoldaşım polis idarəsinə gedəndə əvvəl 3 min, sonra 2 min pul istədilər. Axırı yoldaşım dedi ki, «boynuna qoya bilirsən, ver uşağımın cəzasını». O gündən oğlum haqsızlığa dözə bilmir. Dedi: «Ana, dözə bilmirəm, saat 12-dək məni döydülər». Amma boynuna qoya bilmədilər. Hər şey o gündən başladı. Heç bir ana övladının mühacirətə getməsini istəməz, amma burda qalsa, tutacaqdılar onu. Yolda getdiyi yerdə tutub apardılar, üstünə şər atdılar, 20 sutka verdilər. Gecə qapımın ağzından maşın keçəndə ürəyim düşürdü ayağımın altına ki, gəldilər Məhəmmədi aparmağa. Qorxu içində yaşayırdıq. Elə indi də qorxu içindəyəm. İndi də qızlarıma görə qorxuram.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AzadlıqRadiosuna söyləyir ki, Z.Mirzəliyevanın dedikləriylə tanış deyil. Ancaq o bu cür iddiaların əsası olmadığını bildirir.

Ehsan Zahidov: "Azərbaycanda saxlanılan istənilən şəxs yalnız törətdiyi konkret əmələ, xətaya görə, cinayətə görə saxlanılıb".
Gözlə

No media source currently available

0:00 0:00:26 0:00

«Ümumi olaraq onu deyə bilərəm ki, Azərbaycanda saxlanılan istənilən şəxs yalnız törətdiyi konkret əmələ, xətaya görə, cinayətə görə saxlanılıb. Başqa heç nəyə görə saxlanılmır. Bu mümkün də deyil», - E.Zahidov əlavə edir.

23 yaşlı Məhəmməd Mirzəli Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür, bloqqerdir. Fransada mühacirətdə yaşayır. Özünün yazdığına görə, o, Göyçayda «Əsgər ölümlərinə son!» aksiyasının təşkilatçısı olub və bundan sonra təqiblərlə üzləşib. O, mühacirətə getməzdən öncə polisə aparıldığını, incidildiyini, atasının da dəfələrlə polisə çağırılaraq hədələndiyini iddia edir.

Bu iddiaları da hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb.

Bundan əvvəl də ölkədən gedən ayrı-ayrı jurnalist və fəalların da qohumlarının polisə aparılması ilə bağlı iddialar səslənib. Hüquq-mühafizə orqanları isə belə açıqlamalara münasibət göstərməkdən imtina ediblər.

Hakimiyyət rəsmiləri siyasi əqidələrinə görə insanların və onların qohumlarının basqılara məruz qalması haqqında deyilənləri inkar edirlər. İşgəncə ilə bağlı iddialar isə qəti təkzib olunur.

XS
SM
MD
LG