Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 00:33

Avropa Birliyindən Mehman Hüseynov məsələsinə reaksiya gəldi


M.Hüseynov
M.Hüseynov

Azərbaycanda jurnalist və bloqer Mehman Hüseynova qarşı yeni ittihamların qaldırılmasını müsbət addım sayırıq. Bu bəyanatla yanvarın 22-də Avropa Birliyinin xarici siyasət rəhbəri Federika Moqerininin sözçüsü Maya Kosyançiç çıxış edib.

«Azərbaycan hakimiyyəti ilə işi davam etdirəcək, AB ilə münasibətin dərinləşdirilməsindən ötrü fundamental azadlıqlar və insan haqları sahəsində islahatların vacibliyini vurğulayacağıq. Bu kontekstdə fevralın 5-də Bakıda alt komitənin iclasında ədliyyə işləri və insan haqları məsələlərinin müzakirəsini səbirsizliklə gözləyirik», – sözçü deyib.

Mehman Hüseynov haqqında yeni cinayət işi dayandırılıb

Hazırda həbsdə olan bloqer Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

Bu barədə bu gün, yanvarın 22-də Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətini məlumat yayıb.

Məlumatda vurğulanır ki, bir qrup hüquq müdafiəçisi və M.Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin olunmasından ötrü dövlət başçısına müraciət ediblər.

Mətbuat xidməti qeyd edir ki, prezident hər zaman olduğu kimi, ədalət və humanizm prinsiplərini önə çəkərək həmin müraciətləri nəzərə alıb. «Cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan baş prokuroruna tövsiyə edib», - açıqlamada yazılır.

Məlumatda bildirilir ki, prezidentinin tövsiyələrinə uyğun olaraq, baş prokuror istintaq orqanına M.Hüseynov barəsində hazırda istintaq olunan cinayət işi üzrə tapşırıqlar verib.

«Gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu,… nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib», - məlumatda yazılıb.

Açıqlamada xəbərdarlıq da yer alır: ​«Şəxsi mənafe və siyasi məqsədləri naminə M.Hüseynovun ətrafında süni ajiotaj yaratmağa cəhd edənlərə,… həqiqətə uyğun olmayan məlumatlar yayan kütləvi informasiya vasitələrinin redaksiyalarına xəbərdarlıq edərək bildirir ki, ölkəmizdə bərqərar olmuş sabitliyin pozulmasına yönələn istənilən qanunazidd hərəkətlərin qarşısı qanunun aliliyi təmin edilməklə qətiyyətlə alınacaq».

Bir gün əvvəl…

Azərbaycan prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov dünən, yanvarın 21-də M.Hüseynovla bağlı AZƏRTAC-a açıqlama vermişdi.

F.Ələsgərov bildirirdi ki, prezident Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsi, araşdırmanın obyektiv və ədalətli olmasından ötrü qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan baş prokuroruna tövsiyə edib.

M.Hüseynovun hazırda mühacirətdə olan qardaşı, hüquq müdafiəçisi Emin Hüseynov isə demişdi ki, əgər bloqer prezidentə müraciət edibsə, bunu normal qarşılayır. Onun fikrincə, təkcə M.Hüseynovun yox, bütün siyasi məhbusların məsələsi həll olunmalıdır.

Xatırlatma

Bloqer M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, M.Hüseynov dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloqqer ittihamı qurama sayırdı.

Bu günlər ölkə daxilində və ondan kənarda M.Hüseynovun müdafiəsi ilə bağlı bir çox aksiyalar keçirilmişdi.

Ölkə daxilində keçirilən aksiyalarda saxlanan şəxslərdən 10-a yaxını kütləvi aksiyaların keçirilməsi qaydasını pozmaqda günahlandırılaraq inzibati qaydada 20-25 gün arası həbs ediliblər. Müxalifət partiyalarının iddiasına görə, həmin aksiyalar ərəfəsində də təşkilatçılardan onlarla şəxs də saxlanıb. Onlardan da 10-dan çoxunun inzibati qaydada həbs edildiyi bildirilir.

5 gün əvvəl, yanvarın 17-də isə Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycan hökumətindən M.Hüseynov və başqa siyasi məhbus sayılan şəxslərin dərhal azadlığa buraxılması istənilirdi.

Yerli hüquq müdafiəçilərinin bildirməsinə görə, ölkədə 150 civarında siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Rəsmilərin bildirməsinə görə, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG