Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:21

Parlament seçkiləri bu tarixdə keçiriləcək


İ.Əliyev
İ.Əliyev

Seçkinin günü təyin edildi

Prezident növbədənkənar parlament seçkilərinin gününü təyin etdi.

Bu gün, dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisinin beşinci çağırışının buraxılması və parlamentə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycanın beşinci çağırış Milli Məclisi buraxılır. Növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilir.

Konstitusiya Məhkəməsinin plenumu
Konstitusiya Məhkəməsinin plenumu

Milli Məclisin buraxılması Konstitusiyaya uyğun sayıldı

Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumu müşavirəyə gedib.

Müşavirədən sonra Plenum Milli Məclisin buraxılmasının Azərbaycan Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.

Qərara əsasən, Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin təyini ilə bağlı Prezidentə müraciət edilməsi barədə parlamentin 2 dekabr tarixli qərarı Konstitusiyasının 981-ci maddəsinin 1-ci hissəsinə uyğundur. Bununla da həmin qərar əsasında Milli Məclisinin Prezidenti tərəfindən buraxılması Konstitusiyasının 981-ci maddəsinə uyğun sayılır.

«Qərar elan edildiyi andan qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz», - Konstitusiya Məhkəməsinin saytında yayılan məlumatda bildirilir.

Azərbaycan Respublikası Milli Məclisinin buraxılması

Maddə 981.

I. Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır...


Parlamentin taleyi həll edilir

Bu gün, dekabrın 4-də Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçirilir. İclasda Milli Məclisin buraxılması ilə bağlı Prezidentin sorğusuna baxılır.

AZƏRTAC-ın məlumatına görə, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq Plenumun tərkibini elan edib və müzakirəyə çıxarılan məsələ barədə məlumat verib.

Sonra F.Abdullayev məruzəçi hakimlərə söz verib.

İclasda sorğuverən tərəfin nümayəndəsi qismində Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov iştirak edir. Cavabverən tərəfin nümayəndələri isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Nəsib Şükürovdur.

İki gün öncə, dekabrın 2-də Konstitusiya Məhkəməsinin Palatasının iclası olmuşdu. Orada Milli Məclisin «Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə» Qərarı əsasında parlamentin buraxılmasının Konstitusiyaya uyğunluğu ilə bağlı dövlət başçısının sorğusuna baxılmışdı. Toplantıda bu məsələnin Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılmışdı.

Milli Məclisin son iclasından görüntülər
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

2.12.2019

Milli Məclisin buraxılması ilə bağlı prezidentə müraciət olundu

Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması barədə qərar layihəsi hazırlanıb.

Layihəni Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub.

Sənəddə parlamentin buraxılması islahatlara dəstək ilə əlaqələndirilib: «Milli Məclis ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi prosesindən kənarda qalmamalı, onun qanunvericilik orqanını da əhatə etməsi məqsədilə dövlətçilik nümunəsi göstərməlidir».

Qərar layihəsi səsverməyə çıxarılıb və 99 lehinə səslə qəbul edilib. Səsvermədə 1 nəfər bitərəf qalıb, 1 nəfər qərar layihəsinin əleyhinə səs verib. 1 deputat isə səsvermədə iştirak etməyib.

Milli Məclisin buraxılması ilə bağlı heyət yaradıldı

Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarın hazırlanmasından ötrü redaksiya yaradılıb.

Bu barədə parlamentin iclasında spiker Oqtay Əsədov məlumat verib.

+++

Milli Məclisin bu gün, dekabrın 2-də başlanan toplantısında YAP icra katibinin müavini Siyavuş Novruzov çıxış edib. O, qalan deputatları da onların müraciətinə qoşulmalarına səsləyib.

S.Novruzov da deyib ki, məqsəd islahatlara dəstək verməkdir.

+++

Bu gün, dekabrın 2-də Milli Məclisin növbədənkənar iclası keçirilir.

İclasın gündəliyinə bir məsələnin daxil edildiyi bildirilir.

Toplantıda hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputatların parlamentin buraxılması ilə bağlı dövlət başçısına müraciəti müzakirə edilməlidir.

Ötən həftə, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. Bundan sonra hakim partiyadan olan deputatlar bu məsələ ilə bağlı həmin müraciəti hazırlayıb göndəriblər.

YAP Siyasi Şurası o qərarını Prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı.

Xatırlatma

Parlamentin hazırkı tərkibi 2015-ci il noyabrın 1-də keçirilmiş seçkilər əsasında formalaşıb. 2020-ci ilin noyabrında bu parlamentin fəaliyyət müddəti başa çatırdı. Parlamentin tərkibi 125 nəfər deputatdan ibarətdir. Onların yarıdan çoxu YAP təmsilçiləridir.

Azərbaycanda son prezident seçkisi də növbədənkənar keçirilib. 2018-ci il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkisi təqribən 6 ay önə çəkilmişdi. Onda bu, həmin il ölkədə bir sıra tədbirlərin (Xalq Cümhuriyyətinin 100 illiyi və başqa tədbirlər) keçirilməsi ilə izah edilmişdi. Müxalifət isə bəyan etmişdi ki, hakimiyyət bununla müxalif qüvvələri hazırlıqsız yaxalayıb, seçkini özünə sərf edən qayda və şərtlər daxilində saxtakarlıqlarla keçirir.

XS
SM
MD
LG