Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bir daha gileylənib ki, Azərbaycan ikitərəfli sülh müqaviləsində Ermənistanın sərhədlərini tanımağa həvəsli görünmür.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu bəyanat baş nazir Nikol Paşinyanın ötən həftə verdiyi bəyanatla ziddiyyət təşkil edir.
Paşinyan demişdi ki, Azərbaycan və Ermənistan sərhədin delimitasiyasına dair razılaşma əldə etməklə bir-birinin ərazi bütövlüyünü imzaları ilə təsdiqləyiblər.
Azatutyun yazır ki, bu razılaşmaya əsasən Ermənistan heç bir qarşılıqlı şərt qoymadan Azərbaycanın dörd kəndini Bakının nəzarətinə qaytarmalıdır.
Bu razılaşma sərhədin ilkin demarkasiya olunduğu Tavuş rayonunda əhalinin hiddətli etirazlarına səbəb olub.
Paşinyan və müttəfiqləri israr edirlər ki, kəndlərin birtərəfli qaydada Bakıya qaytarılması Azərbaycanla daha bir müharibənin təhlükəsini azaldacaq.
Mirzoyanın sözlərinə görə...
Ararat Mirzoyan deyib ki, yenicə müstəqil olmuş keçmiş sovet respublikaları 1991-ci ildə Almatı Bəyənnaməsini imzalayıblar.
Nazirin sözlərinə görə Yerevan iki ölkə arasında mümkün sülh müqaviləsində bu sənədə istinad olunmasını istəyir. Mirzoyan əlavə edib ki, Bakı buna qarşı olmaqda davam edir:
“Problem bundadır ki, liderlərimizin ərazi bütövlüklərinin Almatı Bəyannaməsi əsasında qarşılıqlı tanınmasını dəfələrlə bəyan etməsinə baxmayaraq...biz görürük ki, qonşularımız sülh müqaviləsinin layihəsində Almatı Bəyannaməsinə istinad edilməsi istiqamətində qəti və konkret addım atmaqda tərəddüd edirlər”.
Mirzoyan deyib ki, bu barədə razılaşma əldə olunarsa, sülh müqaviləsinin imzalanması sürətlənə bilər.
Azatutyun yazır ki, Mirzoyanın çıxışından bir neçə gün əvvəl Bakı Yerevana ikitərəfli sülh müqaviləsi ilə bağlı son təkliflərini təqdim etmişdi.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşıdan gələn günlər və ya həftələrdə Qazaxıstanda görüşəcəkləri gözlənilir.
Azatutyunun yazdığına görə Azərbaycan prezidenti İlham Əliyev deyib ki, müqaviləyə dair danışıqlar “Azərbaycan tərəfindən hazırlanmış sənədin” əsasında aparılır.
Bundan əvvəl
Aprelin 19-da Yerevan və Bakı sərhədin Qazax-Tavuş sektorunun bəzi hissələrinin dəqiqləşdirilməsi barədə ilkin razılaşma əldə olunduğunu bildiriblər.
Bəyanatda deyilirdi ki, iki ölkə arasında dövlət sərhədinin müəyyənləşdirilməsi prosesi Azərbaycan və Ermənistan arasında Sovet İttifaqının çökməsi anında mövcud olmuş sərhəd xətti əsasında aparılır.
Azatutyun yazır ki, Ermənistan tərəfi bu razılaşmaya uyğun olaraq hərbi qüvvələrini Azərbaycana qaytarılacaq Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri ərazisindən geri çəkməlidir.
Bu da vurğulanır ki, bu razılaşmaya Ermənistanın həmsərhəd Berkaber kəndinin qarşısındakı ərazi və Gürcüstan-Ermənistan dövlətlərarası magistralının Ermənistanın Voskepar kəndinə bitişik hissəsi daxil deyil. Sözü gedən birinci ərazi Azərbaycanın, ikincisi isə Ermənistanın nəzarətindədir.
Ermənistan hökumətinin verdiyi son məlumata görə sərhəd xətti üzərində 35 dirək artıq vurulub.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.
Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.
2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.
Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.