Keçid linkləri

2025, 06 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 12:05

Separatçı Dnestryanıda minlərlə sakin istiliyə və isti suya möhtacdır


Moldovada qazpaylayıcı şəbəkənin boru kəmərləri.
Moldovada qazpaylayıcı şəbəkənin boru kəmərləri.

Yanvarın 1-də Ukrayna ərazisindən Rusiya qazının nəqli dayandırılıb. Beləcə, Moldovanın separatçı Dnestryanı bölgəsində minlərlə ailə qazsız, istiliksiz və isti susuz qalıb.

AzadlıqRadiosunun müxbiri Kristian Bolotnikov yazır ki, Rusiyadan Ukrayna vasitəsiylə Avropaya axıdılan ilk qaz marşrutu 2024-cü ilin sonunda müqavilə müddəti bitdiyindən öz işini dayandırıb.

Tədarükün kəsilməsi o deməkdir ki, Ukrayna ildə 800 milyon dollarlıq tranzit haqqını, Rusiyanın nəhəng "Qazprom" şirkəti də 5 milyard dollaradək gəlirini itirəcək.

"Hələlik, durum kritik deyil"

Ən çox uduzan tərəfsə Rusiya qazından tam asılı olan Dnestryanı bölgəsinin 450 min sakinidir. Daha çox adamın yaşadığı çoxmərtəbəli binalara istiliklə isti suyun verilməsi kəsilib.

"Hələlik durum kritik deyil", - indiyədək elektrik plitəsiylə gününü keçirən Tiqin şəhər sakini yanvarın 2-də AzadlıqRadiosunun Moldova xidmətinə belə deyib.

"Bəlkə də, başqaları üçün daha çətindir", - ardınca o bu sözləri dilə gətirib.

Separatçı bölgənin paytaxtı Tiraspolun bələdiyyə rəhbərliyi bildirib ki, hələlik, 13 milyon kubmetrədək təbii qaz ehtiyatı var və bu həcm təxminən 20 günə yetəcək.

Qaz yalnız xəstəxanalara, dövlət müəssisələrinə və sosial qurumlara verilir.

Şəhər rəhbərliyi insanların isinməsi və qidalanması üçün 30 toplanma məntəqəsi açıb.

"Tiraspoltransqaz" şirkətinin bilgisinə görə, 115 min yaşayış evi təbii qazdan ancaq yemək bişirmək üçün yararlanır.

"Alışmağa başlamışıq", - Tiqin sakinlərindən birinin AzadlıqRadiosuna dediyi sözlərdir. O, sözünü belə bitirib: "Plitəmiz, elektrik panelimiz var, öhdəsindən gəlirik".

Avropanın qalan hissəsinə qaz təchizatının kəsilməsi Kremlin Ukraynada başlatdığı tammiqyaslı savaşda döyüşlərlə yanaşı, az qala, üç ildir sürən diplomatik müharibənin bir hissəsi kimi görünür.

Sözügedən kəmərlə Ukraynayla həmsərdəd Kursk vilayətinin Sudja şəhərinə Sibirdən Rusiya qazı göndərilirdi. İndi bu şəhərə ukraynalılar nəzarət edir.

Oradan qaz Ukrayna ərazisiylə Slovakiyaya göndərilir, daha sonra da haçalanan iki yolla Çexiya və Avstriyaya yönəldilirdi.

Ukrayna savaş üzündən yeni müqavilə imzalamayacağını dəfələrlə bildirmişdi. Müttəfiqlərin də ürəyindən olan bu qərar Kremlin savaşa xərclədiyi pulları kəsmək məqsədi daşıyır.

Alternativ enerji qaynaqları

Rusiya öncələr təbii qazın yarıya qədərini Avropa ittifaqına (Aİ) tədarük edirdi. Di gəl, savaş başlayandan Aİ bu ehtiyatlardan asılılığını kəskin ölçüdə azaldıb.

ABŞ və Qətərin tədarük etdiyi mayeləşdirilmiş təbii qaz (LNG) və Norveçdən boru kəməriylə axıdılan təbii qaz Avropanın alternativ enerji qaynaqlarındandır.

Ukrayna üzərindən Rusiya qazını alan, Slovakiya və Avstriya daxil, qalan istehlakçılar alternativ qaz ehtiyatları barədə razılığa gəliblər. Təhlilçilərin fikrincə, tədarükün dayandırılmasının bazara təsiri minimal olacaq.

Avstriyanın Energetika Nazirliyi bildirib ki, İtaliya və Almaniya üzərindən axıdılan təbii qazın alınması və anbarların doldurulması hesabına istehlakçıların tələbatı təmin edilib.

Slovakiya da alternativ marşrutlarla daxili istehlakçısına qaz verir. Bundan ötrü əlavə 177 milyon avro xərclənsə də, ölkə heç bir qıtlıq yaşamayacaq.

Hazırda Rusiyanın Avropaya qaz nəql edən əksər marşrutları qapalıdır. Belarus üzərindən keçən "Yamal-Avropa" və Baltik dənizinin dibiylə uzanan, 2022-ci ildə partladılan "Şimal axını" kəmərləri də qapadılıb.

Macarıstan və digər ölkələr Qara dənizin dibiylə çəkilən "Türk axını" xəttindən Rusiya qazı almağa davam edir. Savaşa baxmayaraq, Kremllə sıx əlaqələrini qoruyan Macarıstan və Slovakiya Ukraynadan keçən marşrutla təchizatın davam etdirilməsində maraqlı idi.

Ukrayna prezidenti Volodimir Zelenski yanvarın 1-də deyib ki, Ukrayna ərazisiylə Rusiyadan Avropaya axıdılan təbii qaz tədarükünə son qoyulması Rusiya prezidenti Vladimir Putinin önəmli məğlubiyyətidir.

"Enerji təchizatını silaha çevirəndən və tərəfdaşlarını şantaj edəndən bəri Moskva ən gəlirli və coğrafi baxımdan əlçatan bazarlarından birini itirdi", - Zelenskinin sözləridir.

XS
SM
MD
LG