Keçid linkləri

2024, 21 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:18

Müdafiə Nazirliyində 143 milyonluq yeyinti: daha bir polkovnikə 12 il həbs cəzası istənir


Yeyinti
Gözlə
Embed

No media source currently available

0:00 0:01:24 0:00

Yeyinti

Müdafiə Nazirliyi və ona tabe qurumlarda 143 milyon manatlıq yeyinti ilə bağlı həbs olunanlardan bir qisminə hökm oxunsa da, bəzilərinin mühakiməsi hələ davam edir. Məhkəməsi gedənlər arasında nazirliyin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, ordunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin keçmiş rəisi, polkovnik-leytenant Rəşad Məlikzadə və başqaları var.

Müdafiə nazirinin maddi-texniki təminat üzrə keçmiş müavini, 2020-ci ilin avqustunda vəzifədən çıxarılandan bir ay sonra vəfat etmiş general-leytenant Fuad Məmmədovun da məhkəməsi davam edir. 143 milyonluq yeyinti ilə bağlı cinayət işində o da təqsirləndirilən şəxs sayılıb. Mərhum general-leytenant 10 milyon manatdan çox mənimsəmədə suçlanırdı.

Bu cinayət işi üzrə həbs olunanların işlərinə Bakı Hərbi Məhkəməsində ayrıca, bəzilərinə də qrup şəklində baxılıb. Məsələn, general N.Məmmədov ilyarıma yaxındır daha üç nəfərlə - Hərbi Hava Qüvvələri Maliyyə İdarəsinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunlarının Maliyyə İdarəsinin keçmiş rəhbəri Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinə rəhbərlik etmiş Vüsal Əlizadə ilə birlikdə mühakimə edilir.

Prokuror cəza istəyəcək

General və sadalanan polkovniklərin işi üzrə məhkəmə istintaqı bugünlərdə tamamlanıb. Noyabrın 22-də prokuror Fuad Musayev onlara cəza istəyəcək.

General N.Məmmədovla birlikdə mühakimə olunan polkovniklərdən Bayram Bayramov keçmiş korpus komandirləri Mais Bərxudarov, Münasib Babayev də daxil, 20-yə yaxın şəxsin çağrılıb məhkəmədə dindirilməsini tələb edirdi. Məhkəmə bu tələblə razılaşmasa da, B.Bayramovun ərizəsindəki halların araşdırılması üçün onu Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərməyə qərar verib.

Polkovnik Bayramov bu şəxslərin dindirilməsi haqda tələbini belə əsaslandırmışdı ki, M.Bərxudarov və M.Babayev hətta evlərinin, ailələrinin də xərclərini onlara ödətdirib. İndi həmin xərclər yeyinti kimi onların üzərində qalıb.

Müdafiə Nazirliyində korrupsiya həbsləri: nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:03:54 0:00

Ayrıca məhkəməsi sürən daha bir polkovnik-leytenant Rəşad Məlikzadəyə də prokuror 12 il həbs cəzası verilməsini təklif edib. O, noyabrın 25-dəki məhkəmədə son sözünü deyəcək, ardınca da hökm oxunacaq.

"Bir qəpikdən də keçmirdilər"

R.Məlikzadə özünü qismən təqsirli bilir. O, məhkəmədə ifadəsində rəhbərliyin tapşırıqlarını icra etdiyini söyləyib və söylədiyinə görə, nazirliyin Maliyyə və Büdcə İdarəsi Təftiş şöbəsinin keçmiş rəisi Rəfael Xələfovun göstərişi ilə yoxlamaya gedən təftişçilər yazılmayan qaydalar əsasında hərəkət edirlərmiş: "Bir qəpikdən də keçmirdilər...".

Təqsirləndirilən polkovnik vurğulayıb ki, R.Xələfov hətta öz yaxınlarının şəxsi işləri ilə bağlı maddi ehtiyaclarını da onlara ödətdirirmiş: "Bütün işlərin başında Rəfael Xələfov dayanırdı. "Land-Rover"inin pulunu mənə verdirib. Mənə paltar aldırıb. 18 min manat mənə paltara pul verdirdi. Pis də çıxsa, əynindəki şalvarın pulunu da mən vermişəm".

Polkovnik R.Xələfov 143 milyon manatlıq yeyintiyə görə həbs olunsa da, sonradan azadlığa buraxılıb. O, general N.Məmmədovla digər təqsirləndirilən şəxslərin məhkəməsində şahid qismində dindirilib. R.Xələfov ünvanına səslənən ittihamları qəbul etməyib.

Müdafiə Nazirliyində 100 milyon manatlıq yeyinti: 'Ölkə rəhbərliyinin bundan xəbəri olub'
Gözlə

No media source currently available

0:00 0:12:04 0:00

Müdafiə Nazirliyi Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində işləmiş polkovniklər Məlikməmməd Qurbanova, Mahir Şirvanova, nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyevə isə bir neçə ay öncə hökm oxunub. Polkovniklərə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq olunub. M.Şirvanova 3 il, M.Qurbanov və F.Mirzəyevin hər birinə isə 4 il həbs cəzası kəsilib.

Prokurorluq onların cəzasının ağırlaşdırılması üçün apellyasiya protesti verib. Hazırda adları çəkilən hər üç polkovnikin işinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Xatırlatma

2022-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Müdafiə Nazirliyində əməliyyat keçiriblər. Əməliyyat nəticəsində 15 nəfərə yaxın vəzifəli şəxs həbs olunub.

DTX-nın İstintaq İdarəsində istintaqı ilyarıma yaxın sürən cinayət işində iddia olunur ki, mənimsəmə, əsasən, ərzaq, mebel, texniki avadanlıq və s. alınarkən qiymətlərin şişirdilməsi, tenderlərdə qalib elan edilən şirkətlərin hesabına köçürülmüş vəsaitlərin bir hissəsinin geri alınması və s. yollarla baş verib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifədən sui-istifadə etmə), 313-cü (vəzifə saxtakarlığı) və başqa maddələri əsasında ittiham verilib. Bu maddələrdə 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Təqsirləndirilən şəxslərin işləri ayrılıb məhkəməyə göndərilsə də, DTX-dakı cinayət işi üzrə istintaq hələ davam edir.

XS
SM
MD
LG