Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:01

Neftlə suyun qiyməti arasında nə bağlılıq var?


Azərbaycanda neft qiymətlari (karikatura)
Azərbaycanda neft qiymətlari (karikatura)

-

PROBLEM AZ İDİ, BİRİNİ DƏ TAPDILAR...

Ağır günlərdə, özəlliklə yenə Qarabağın taleyinin gündəmə gəldiyi çox gərgin bir vaxtda sakitcə suyun qiymətinin bahalaşdığını elan etdilər. Amma bunu nə qədər səssiz və toxtaq bildirməyə çalışsalar da, insanlar o ki var təlaşlandılar.

Onları anlamaq olar: İki devalvasiya dalğası yaşayıb üçüncüsünü gözləmək elə də asan məsələ deyil. Üstəlik, anında belə bir fikir yarandı ki, çox güman, digər “təbii inhisarlar” da yerində durmaz, yanacaq və işığın da qiymətini artırarlar.

Halbuki elə bir neçə gün əvvəl Mərkəzi Bank bu il manatın kursunda ciddi bir dəyişikliyin olmayacağını bildirmişdi. Bu isə o demək idi ki, heç olmasa, ilin sonunadək sarsıntılı anlar yaşamaq lazım gəlməz. Di gəl, su bahalaşdı. Düzdür, bir-iki gün sonra hökumət təmsilçiləri bəyan etdilər ki, hələ yanacaqla elektrikin qiymətinin qaldırılması barədə hər hansı təklif irəli sürməyiblər. Adamlar, az da olsa, təsəlli tapdılar, amma... Amma dükan-bazara baş çəksən, mal və məhsulların qiymətcə hər gün bahalaşdığını görəcəksən...

...İkinci devalvasiya ərəfəsində də belə olmuşdu. İnsanları sakitləşdirməyə və hətta arxayınlaşdırmağa çalışmışdılar ki, guya, heç bir şok xarakterli proses olmayacaq. İndi insanlar gözləmə durumundadırlar. Ümumi fikir belədir ki, bu il olmasa da, böyük ehtimalla, gələn il daha bir devalvasiya dalğası yaşanacaq. Amma təbii ki, heç kim dəqiq məlumata malik deyil, hər şey hökumətin qərarından asılı olacaq...

NEFT TAM MƏYUS ETMƏSƏ DƏ...

Ən maraqlısı odur ki, neftin qiyməti böhran həddindən yuxarıda qərarlaşdı. Hətta bu ilə rəsmi proqnoz da səsləndi ki, bir barrel 50 dollar civarında olacaq.

Çox güman, həmin proqnoz növbəti ilin bir hissəsi üçün də doğru qalacaq, çünki “qara qızıl”ın ucuzlaşması bu sahəyə investisiyaları azaldıb, əlavə istehsalınsa əlavə investisiya və ya kapital qoyuluşuna ehtiyacı var.

Amma qiymətlər (söhbət digər məhsulların və xidmətlərin qiymətindən gedir!) mücrüdən çıxan cin kimdir və bir dəfə artdısa, daha geri qaytarmaq mümkün olmur. Neftin barrelinin yenidən 100 dolları aşmasını və ötən əyyamların geri dönməsini hətta elmi fantastikaya biganə qalmayan iqtisadçılar da təxmin edə bilmirlər...

RUSİYADAN GƏLƏN PULLAR DA AZALIR

Bütün bunların sosial nəticələrini proqnozlaşdırmaq elə də çətin məsələ deyil – daha bir devalvasiya olarsa, işsizlik artacaq, insanların sosial durumu ağırlaşacaq.

Üstəlik, nəzərə almaq lazımdır ki, bütün bu proseslər tək Azərbaycanda baş vermir, məsələn, Rusiyada da vəziyyət elə ürəkaçan deyil. Bu isə o deməkdir ki, qazanc dalınca Rusiyaya yollanan azərbaycanlıların bir hissəsi geri dönəcək, ümumilikdə isə, ölkəyə daxil olan pul kütləsi azalacaq. Rayonlarda artıq Rusiyadan dönənlərin sayı artmağa başlayıb. Bakıda bunu sezmək asan deyil, çünki böyük şəhərdir və hər şeyi öz içində daha tez “əridir”...

AZACIQ TOXTAMIŞDIQ Kİ...

Son bir neçə ildə həyat nisbətən sabitləşməyə başlamışdı. Son iki devalvasiyanı nəzərə almasaq, böyük bahalaşma elə də uzaq keçmişin hadisəsi deyildi. İndisə belə qorxu var ki, bütün bunları bir daha yaşamaq lazım gələcək. Deməli, sosial gərginliklər də olacaq. Düzdür, bir neçə il əvvəl - yanacaqla elektrikin qiyməti kəskin artarkən, elə də böyük sosial etirazlar yaşanmamışdı. Hətta müxalifət aksiyalarına gözəçarpan qədər etirazçı toplaya bilməmişdi. Ancaq o vaxt etirazın olmaması “indi də olmayacaq” anlamına gəlməz. Hər şeyi zaman göstərəcək. Həm də hər şey ölkədəki ümumi ab-havadan və hökumətin işindən asılı olacaq. Hökumətsə hələ iclas keçirməklə və bir qurumun səlahiyyətlərini o biri quruma verməklə məşğuldur. Bunu görüb-sezənin ümidləri daha da azalır...

Məsələ bundadır ki, iqtisadiyyat böhrandan böhrana inkişaf edir. Elə qədim Çin fəlsəfəsində deyilən kimi: hər qaranlıqda bir işıq, hər işıqda bir qaranlıq var. Böhranlararası dövrdə həyat bir az durğunlaşır. Elə özümüz də böhran olanda daha artıq təşəbbüskarlıq göstərir, yeni imkanlar arayırıq...

Düzdür, hökumət təmsilçiləri bəyan etdilər ki, hələ yanacaqla elektrikin qiymətinin qalxmır...

Amma bütün bunlar əlverişli iqtisadi mühit, əlverişli iqtisadi fon olarsa bir nəticə verə bilir. Bu fonu isə hökumət yaradır. Amma bir az əvvəldə dediymiz ki, hökumətin işində elə bir təşəbbüskarlıq və sistemlilik gözə dəymir. Bəlkə elə hökumət də ilin sonunu və yekun iqtisadi göstəriciləri gözləyirlər. Hərçənd,

iqtisadi göstəricilər də quru, özü də şişirdilmiş statistika olanda bir nəticə vermir, axı rəqəmlərdən kökə bişməz. Məsələn, gömrük sisteminin tam liberallaşacağını düşünürdük, çünki mövcud qiymətlərin formalaşmasında mühüm həlqə sayılır. Onu da düşünürdük ki, infrastruktur layihələri çərçivəsində görülən işlərin intensivliyi artacaq. Amma bu layihələr də, məsələn, Bakı-Tbilisi-Qars kimi çox iri infrastruktur layihələri də yubanır və səbəbini də bilmək mümkün deyil...

Təbii ki, hər şey bir günün içində olmur, amma böhran dönəmində aktuallaşan amillərdən biri də zamandır. Böhran yaşanarkən hər dəqiqə qiymətlidir. O üzdən zaman hissi daim yaxandan yapışır...

XS
SM
MD
LG